21/02/2017

Bal arısı haqqında nə bilirik?

Pərvin Bəhramoğlu
Gözümü açandan bizim ailə arı saxlayıb, babam və əmim bu işlə daha peşəkar səviyyədə məşğul olub. Mən də zaman-zaman arı haqda öyrənmişəm və bəzən onlara məhz mən baxmışam. Bir arı ailəsi sanki dövlətə bənzəyir və buna görə də əvvəlki bilgilərimə və internetdən topladığım məlumatlara əsasən bu yazını yazıram. Arının iş prinsipini bilmək çox maraqlı və düşündürücüdür.


Arılar uçan həşaratlar ailəsinə aiddir. Onlar Antarktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. Yer kürəsində 30 milyon ildirki yaşayırlar. Bir arı ailəsi 3 qrupa bölünür: ana, erkək, dişi və ya işçi arı.

Arı ailəsi bir ana arıdan, minlərlə işçi arıdan və yay vaxtı bir neçə yüz erkək arıdan ibarət olur. Yazın axırlarında doğulan erkək arılar payızın əvvəlinədək yaşadıqdan sonra ölür və ya işçi arılar tərəfindən qovulurlar. Çünki artıq onlara ehtiyac olmur və yuvada qaldıqları halda qış üçün yığılmış ehtiyatı yeyəcəklər. Qışlamağa yalnız ana və işçi arılar qalırlar. Erkək arının işi ana arını mayalandırmaqdır. İşçi arının ömrü 40 gün olur. Bu qış yuxusunda olduğu müddətə aid deyil. Ana arı 5 il yaşayır və böyüklüyü və xarici görünüşü ilə fərqlənir. Ana arı ailəsinin şahı sayılır. Ana arı yetişib qovuqcuqdan çıxdıqdan 3-4 gün sonra erkək arı ilə cütləşir (mayalanır). Ana arı ilə erkək arının cütləşməsi havada uçuş vaxtı baş verir. Ananın yumurta qoyması prosesinə el arasında "ananın qurd qoyması" deyirlər. Beləliklə, bir dəqiqə ərzində yaxşı hazırlanmış şanıda ana arı 4-5 yumurta qoya bilər. Ana arı 20-25 dəqiqə ərzində bu cür işlədikdən sonra 5-7 dəqiqə ərzində dincəlməlidir. Cavan və sağlam ana yaz-yay aylarında gün ərzində inkişafın ən yüksək dövründə 1,5-2 min və daha artıq yumurta qoya bilər. Ana yumurta qoyanda yemləyici arılar onu arı südü ilə yemləyirlər. Arı südü yemləyici arıların baş hissəsində yerləşən xüsusi vəzlərdə ifraz olunur. Arı südündən insanlar da dərman vasitəsi kimi istifadə edir. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35-40 kq təmiz bal verə bilir. Onlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara xəbər verir. Arılar həm yaxşı şirəsi olan məkanı hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. Ana və erkək arılar insanı sancmır. Yalnız işçi arılar müdafə məqsədi üçün insanı sanca bilərlər və sancdıqdan sonra ölürlər.

Bir arı evinin (yeşiyin) arıları digər arı ailəsinin üzvlərini daxil olmağa qoymurlar. Hər bir evin qapısında keşikçi arılar olur. 

Evin içərisində müəyyən qruplar var ki, digər arıların çöldən xortumunda gətirdiyi şirəni, bəzən isə ayaqlarındakı çiçək yarpaqlarını və ya suyu yerbəyer etməklə məşğul olur. 

Qış aylarında arılar çölə çıxmırlar. Əgər bayırda 15 dərəcədən aşağı istilik olarsa, arılar heç bir şərtlə çölə çıxmağa meylli olmurlar.

Arılar arasında işsiz arı ola bilməz. Əgər xəstə arı olarsa, işə yaramadığı səbəbdən onun qanadlarını yonub evdən bayıra atırlar.

Ailədə hər kəs öz işini bilir. Demək olar ki, arıların heç biri işdən boyun qaçırmır. Bəzi arılar var ki, onların işi ancaq təşviqatdan ibarətdir. Onlar gül axtarmaqla məşğul olurlar. Gülü tapan kimi onun koordinatları barədə məlumatı digər arılara da xəbər verirlər. Bundan başqa, içəridə təmizliklə məşğul olanlar, yay aylarında su daşıyanlar da var. Bir dəstə arı isə temperaturu sabit saxlamaqla məşğuldur. Arı yeşiyində temperatur 37 dərəcə olmalıdır. Bu da balın və, eyni zamanda, yumurtadan çıxan arının yetişməsinə imkan yaradır. Əgər arılar hiss edirlər ki, temperatur aşağıdır və giriş qapısı genişdir, o zaman “vərəmum” deyilən maddə ilə açıq yeri bağlamağa çalışırlar. Vərəmumu da ağaclardan toplayırlar. İçəri həddən artıq isti olduqda, bir dəstə arı girişin ağzında durur və qanadlarını saniyədə 250 dəfə çırparaq isti havanı çölə “ötürürlər”. Onların bal hazırlaması isə bir neçə gün çəkir. Belə ki, onlar gətirdikləri məhsulu xüsusi arılara ötürürlər. Arılar da bu məhsulu bala çevirmək üçün dəfələrlə çəkib vururlar. O dərəcəyə çatdırırlar ki, onun nəmliyi, şəkərliyi lazım olan səviyyədə olur. Məhsul tam yetişdikdən sonra onlar balın üzərinə nazik suvaq vururlar. Bundan başqa, yumurtadan çıxan arıları yedizdirənlər var. Çünki, arı yeni çıxanda uçmağa enerjisi olmur. Ona içəridə elə iş tapşırırlar ki, o uçmağı bacarsın. 

Arılar yazda beçə verirlər. Arı beçə verəndə arı ailəsi bölünür. Həmin prosesdə arılar hansısa bir ağaca qonur. O zaman kimsə orada olub, onları yeni yeşiyə salmalıdır. Yeni ailədə bir neçə ana arı olur və yalnız mübarizədən qalib çıxan bir ana qalır. 

Əgər arı ailəsi zəif olarsa, payız mövsümündə digər arılar ona hücüm edib, həmin ailənin arılarını öldürüb balını apara bilər. Bu adətən aclıq dövründə olur. Bundan başqa, bəzi arı ailələrinin iş prinsipi pozula bilər- işçi arılar az bal gətirir və daha çox nəsil artırmaya meyl edirlər. Belə olan halda arı 3-4 dəfə beçə verir, yeni ailələr ayrılır. Adətən, belə arı çox zəifləyir və qış azuqəsini toplaya bilmədiyindən qışda məhv olur.

Dünyanın ən gözəl neməti olan balı hazırlayan arıların iş prinsipi bu qədər dəqiq və əlaqələndiriləndir. Heç bir arı digər arının haqqını yemir. Hər biri öz işi ilə məşğul olur və işlərini gözəl bilirlər. Düşünəndə ki, ölkədəki bütün məmurlar və insanlar arılar kimi işlərini sevsəydi və başqalarının haqqını yeməsəydi, necə də gözəl bir dövlət qurmaq olardı!

Bir də ən çox diqqətimi çəkən məqam çoxlu beçə verib ayrılan arıların sonda məhv olmasıdır. Biz buna erkəkləmiş arı deyirik. Bizdə müxalifətdə də o qədər parçalanma olub ki, ortada məhsul yoxdur, sadəcə yeni-yeni kiçik partiyalar peyda olub yekunda erkəkləmiş arıların taleyini yaşamış olurlar.