09/01/2017

Dar düşüncələrin hündür hasarları: 2-ci yazı

Pərvin Bəhramoğlu

Mən də daxil bir çoxu insanlar xalqı tənqid edir, amma araşdırmaq lazımdır ki, niyə bu xalq belədir.
Niyə biz inkişaf edə bilmirik və milli dərketmə problemləri var?
İlk öncə dini faktora toxumaq istəyirəm.
İslam dini şərq təfəkkürünün məhsuludur. Bir neçə din dəyişən və sonda islamlaşan bir cəmiyyətdə bir zamanlar Sovetlər tərəfindən ateizm təbliğ edildi. Bütün bunlar insanların düşüncəsində bir xaos və nizamsızlıq yaradır. Eyni zamanda mənim şəxsi yanaşmama görə islam yeniliyə, inkişafa açıq bir din deyil. Cinslər arasında bir diskriminasiya yaradır. Bir növ patriarxallığı təbliğ edir və konservativlik var. Bunlar isə dar düşüncəliyə gətirir, ictimai və sosial münasibətlərə neqativ təsir edir. Fərdlərin bərabər hüquq və azadlıqları olmayanda hər bir sahədə axsaqlıq özünü göstərir. İslam həmişə bizi qərbdən uzaqlaşdırıb, şərqə aparıb.


Digər məqam tarixən müstəqil dövlətçiliyimizin çox qısa müddət mövcud olmasıdır. Milli dövlətçilik, mədəniyyət və ictimai şüur tam formalaşmayıb. İlk universitetimiz yalnız 1919-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində yaradılıb. Hansı ki, Avropada universitetlər 6-7 yüz il öncəyə təsadüf edir. Mətbuatımız "Əkinçi" qəzeti 1872-ci ildə yaradılıb, teatr, musiqi, ədabiyyat və.s çox gec formalaşıb. Dilimiz daim başqa dillərin təsirində olub, əlifbamız 4 dəfə dəyişdirilib. Qeyd olunanlar bizim bir xalq kimi formalaşmamıza öz neqativ təsirlərini göstərib.

Daha sonra isə Dağlıq Qarabağ münaqişəsini misal çəkmək istəyirəm. 1988-ci ildən başlayan münaqişə nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünümüz oldu. Bu isə həm sosial problemlər yaratdı, həm də iqtisadi və eyni zamanda da şəhər mədəniyyətinə bir zərbə vurdu. Bəzi imtiyazları olan məcburi köçkünlər şəhər mədəniyyətinə ya uyğunlaşa bilmədilər, ya da bilərəkdən və maddi problemlərdən dolayı şəhəri çevirdilər kəndə. İnsanlar arasında bir-birlərinə qarşı nifrət və kin çoxaldı.

Dördüncü də müstəqilliyimizin ilk illərində siyasi sistemin stabil olmaması, sonradan isə hakimiyyətin qeyri-demokratik, köhnə fikirli, korrupsioner qocaların əlinə keçməsi insanların öz güclərinə, ədalət sisteminə, dövlətçiliyə olan inam, etimad və güvənlərinə ağır zərbə vurdu. Bu yarıtmaz idarəetmə bütün siyasi institutları, mətbuatı və milli iradəni məhv etdi. Nəticədə insanlarda cılızlaşma, qorxaqlıq, yaltaqlıq kimi neqativ vərdişlər daha da çoxaldı. Rüşvətsiz dolanmaq mümkünsüz hala gətirildi. Hər kəsin bir yanlışı var və bu da insanları asılı vəziyyətə saldı.

Beşinci sırada təhsili qeyd etmək olar. Hesab edirəm ki, hər şeyin başında təhsil dayanır. İnsanların davranışları onların təhsilləri ilə düz mütənasibdir. Bu gün ölkədə təhsil yox dərəcəsindədir. Təhsilsiz cəmiyyət inkişaf edə bilməz və bu da doğrudur ki, təhsil sistemin iradəsindədir. Yəni birinci məsuliyyəti iqtidar daşıyır. İntellektual olmayan cəmiyyətdən çox şey gözləmək olmaz.

Sonuncu məqam mediadır. Bu gün insan düşüncə və davranışları idarə edilir. İnsanın düşüncəsinin formalaşması birbaşa onun aldığı informasiyadan aslıdır. Müstəqil və azad olmayan media bu gün hakimiyyətin propaqanda maşınına çevrilib və insanları nəzarətdə saxlayır. Onlara yalan və qorxu ixrac edir.

Qeyd etdiyim sıralama nisbidir, vacibliyinə görə yerlərini dəyişmək də mümkündür. Eyni zamanda mənim toxunmadığım onlarla səbəbləri də qeyd etmək mümkündür.