22/12/2016

Dar düşüncələrin hündür hasarları

Pərvin Bəhramoğlu



Dostumuz Anara cavab.

Bir neçə gün öncə Anar yazmışdı ki, “Demokratiyaya ən çox biz layiqik”. Bu yazını çox alqışlayıram və həmişə birgə müzakirə etdiyimiz məqamları çox gözəl formada izah edilib. İnsanların özgüvəni və milli hisslərinin azaldığı bir vaxtda qiymətli bir yazıdır.

Lakin, bu yazını oxuyan insanda bir rahatlama yaranar ki, bütün qəbahət sistemdədir. Normal idarəetmə olsaydı biz də qanunlara əməl edərdik, daha yaxşı yaşayardıq və mədəni, inkişaf etmiş bir xalq olardıq.

Mən öz növbəmdə digər bir məqama toxunacam. Bu o məqamdır ki, bizim üzərimizə düşən məsuliyyət var orda, bunların düzəlməsi bizdən aslıdır. Heç bir xalqa demokratiya hədiyyə edilməyib. Demokratiya tarixi bir mübarizə və milli iradə ilə qazanılıb. Əgər insanları mədəniləşdirən, inkişaf etdirən sistem və rejimdirsə. Sistemi də formalaşdıran insanlardır. Yəni tamamilə bir birindən asılı olan bir prosesdir.


Burada yaranan sual dəyşikliyin yuxarıdan və ya əksi, aşağıdan başlamasıdır. Yuxarıdan olan dəyişiklik nisbətən tez başa gəlir. Sistem deyişir və sərt qanunlar, islahatlarla cəmiyyəti dəyişir. Aşağıdan olan dəyişiklik isə zaman zaman tarixi bir təkamüllə baş verir. İnsanlar sistemi islahatlara məcbur edir. Bu proses uzun olsa da daha sağlam və möhkəm təməlləri olan bir demokratiya yaradır. Əksər qərb dövlətləri buna nümunədir.

Gəncə şəhəri Sevinc qəsəbəsidə küçə ilə gedirəm...

Bu qəsəbə təxminən 20-25 il öncə salınan bir yaşayış massividir. Hər bir məhəllə 4 sotdan səliqə ilə bölünüb. Digər yaşayış yerlərinə baxanda bu bölgüdə bir nizam var. İnsanlar bu illər əzində bura köçüb ev tikiblər və yaşayırlar.

Qəsəbədə hazırkı mənzərə belədir...

Müəyyən bir məsafədən sonra küçələri bir-birinə bağlayan ara yollar zəbt edilib. Bir küçədən digərinə keçmək üçün yalnız km-lərlə məsafə gedib küçənin sonuna çatıb digərinə keçmək mümkündür. Küçə ilə gedərkən görünən mənzərə budur. Normalda 8 metr olan küçə eni bəzən 4m-ə enib. Bu insan dərk edə bilmir ki, küçəni mənimsəmək olmaz. Zatən sənin küçən elə sənindir. Kanalizasiya olmadığından kanalizasiya anbarlarını küçədə qazaraq nə qədər yeri maşınların hərəkətinə yararsız edərək küçəni daraltmaq, bəzən küçəyə daş düzmək, və ya illərlə tikinti üçün kubik və qumlar tökülüb. Hələ zövqsüz və nizamsız tikilən evləri demirəm. Təbii deyəcəksiz, buna ciddi nəzarət olmalıdır və s. Amma hər bir insana, bir-bir adam başına, ev başına da nəzarət asan deyil. İnsanlar özlərindən aslı olan bir şeyləri, dövlətdən də gözləməməlidir. Normal cəmiyyətlərdə insanlar dövlətdən tələb edir. Bizdə isə dövlət nəyi tələb etdi etdi, etmədisə xaos yaranır. Özündərk, milli düşüncə, ictimai münasibətlər anlayışı çox primitiv səviyyədə inkişaf edib. Bizimlə bənzər siyasi rejimdə yaşayan ruslar, belaruslar bu sahədə bizdən qat-qat öndədirlər. Əgər tək problem siyasi idarə etmədədirsə niyə bu xalqlar, daha mədənidirlər? Növbə mədəniyyətləri var, kitab oxumaq mədəniyyətləri var, küçələr yollar səliqəlidir.


Məndə belə bir düşüncə formalaşıb küçələr nə qədər səliqəli və genişdirsə insanların düşüncəsi də elədir, və ya əksi dar və əyridirsə insanlar da dar düşüncəli və primitivdirlər.


Digər maraqlı məqam isə bizimlə eyni ölkədə yaşayan digər xalqların davranış və yaşam tərzindədir. İsmayıllı rayonunun İvanovka kəndinə gedəndə dərhal hiss olunur ki, burda fərqli bir millət yaşayir, küçələr geniş və səliqəlidir. Evlər nizamla tikilib, insanlar daha məhsuldardır, əylənmək mədəniyyətləri var və s. Və yaxud Azərbaycana sürgün edilmiş almanların ölkəmizdə gördüyü işlərə baxanda dərhal bunu hiss etmək olar. Azərbaycanın ən səliqəli rayonu olan Şəmkir bu gün buna görə almanlara borcludur. Tovuzun "Turan" futbol kulubunun yaradıcısı məhz almanlardır. Heç bəyənmədiyimiz və mənim də misal çəkmək istəmədiyim ermənilər belə bu sahədə bizi üstələyir. Gədəbəydə olan bir-iki erməni kəndi də digər kəndlərdən daha səliqəli, nizamlı və məhsuldar olması ilə seçilib. Evlər balaca, yəni yaşanılasıdır. Bizim insanlarda sanki bir tamah, acgözlük, plansızlıq, bəhsə girmək var. Gedirsən hər hansısa bir kənd evinə, iki mərtəbəli bəlkə də, 200 km2 ev tikiblər, amma başa gətirib çıxartmayıblar, çünki maddi imkan çatmayıb, bunu tikəndə düzgün hesablanmamışdı, və ya her şeyi tikib hazır ediblər insana ən çox lazım olan şeylər yoxdur hamamı, tualeyi, isti suyu, kanalizasiyası və s. İnsanlar də əksər hallarda bunu qonşudan geri qalma prinsipi ilə edirlər. Dünyanın 20 yə yaxın ölkəsində olmuşam, heç yerdə bizdəki kimi hasarlar görmədim. Kənddə ömürboyu hasar, darvaza görməyən insanlar şəhərə gələn kimi, dərhal 2 metr hündürlüyündə hasar qaldırır və üstündən bir neçə il keçməmiş yarım metr də əlavə edir. İnsanlar çox mental düşünürlər, istər gündəlik həyat tərzində istərsə də sosial və ictimai münasibətlərdə bu hiss edilir. Cinslər arası bir uçurum var.


Yəni elə bir şeylər var ki, bu rejimdən və sistemdən aslı olmayaraq sırf insanların düşüncə və psixologiyasından aslıdır.


Təbii, bu cur düşüncənin formalaşma səbəbləri var və həmin səbəblər barədə növbəti yazıda...