10/12/2016

Demokratiyaya ən çox biz layiqik.

Anar Rzalı
“Hər bir xalq öz liderinə layiqdir” (Joseph de Maistre)- Tarixdə eşitdiyim ən absurd cümlələrdən biridir. Ən təəccüblüsü odur ki, nə qədər absurd olsa da, bir o qədər də populyardı və insanlar tərəfindən tez-tez təkrar olunur. Halbuki bunun əksini ölkə daxilində və xaricində sübut edən onlarla, yüzlərlə fakt var. AZtv demişkən çox uzağa getməyək, götürək elə bizim Koreya xalqını. Bir millət, iki fərqli respublika. Şimala baxırsan əksəriyyəti zombiləşmiş bir xalq, cənuba baxırsan dünyanın ən inkişaf etmiş ölkələrindən və ən mədəni xalqlarından biri. İndi burda kim nəyə layiqdi? Eyni xalqdı da. Bir yarısı demokratiyaya layiqdi, digər yarısı yox?

İndi qibtə ilə baxdığımız istənilən xalqların çox qaranlıq keçmişləri olub. Sadəcə 2-3 ağıllı insan çıxıb sistem qurub və yerdə qalanı buna tabe olmağa məcbur edib. Sizə başqa kimdən deyim? Tarixdə iki dünya müharibəsinə səbəb olmuş almanlardanmı, yoxsa bütün günü publarda içib futbola yalnız adam döyməyə gedən ingilislərdən? İnsan harda varsa, orda rüşvət var, ədalətsizlik var, aqressiya var. Sadəcə çox və ya az söhbəti var. Onu da ölkənin idarəetmə sistemi müəyyən edir. O boyda FİFA, UEFA-nın rüşvət qalmaqalları haqqında oxudunuz, yəqin ki. Bizimkilərin FİFA-ya verdiyi rüşvətdən də xəbərdar oldunuz. İtaliyalı, Fransalı, Avstriyalı deputatlar da hakimiyyətimizin əliaçıqlılığından məharətlə istifadə elədi. 

Tarixən var olan İngiltərə futbol xuliqanizmi hamımıza məlumdu. Getdikləri ölkələrdə tez-tez insan ölümünə səbəbiyyət verən insanlar idi. Nəhayət, 1985-ci il Brüssel faciəsindən sonra Marqaret Tetçerin də dəstəyi ilə ingilis klubları 5 il müddətinə bütün beynəlxalq turnirlərdən məhrum edildi. Bu müddət ərzində uşaq kimi əhilləşdirilib sistemə otuzduruldular. İndi premyerliqa oyunlarına baxın. Həmin çılğın fanatlar xətkeş kimi qalxıb, xətkeş kimi dururlar. Hətta adi xırda reaksiyaları da sinxron alınır. İndi biz demokratiyaya layiq deyiliksə, onlar da futbola layiq deyildi? 

İnsan təbiət etibari ilə çirkin varlıqdı, cənablar. Nə zaman ki, bütün bədən orqanlarınız bu faktı qəbul edəcək, ona uyğunlaşacaq, bax o zaman sizin üçün yaşamaq daha rahat olacaq. Kütlə daima nəzarət və sistem altında olmalıdı. Tam nəzarətsiz buraxsan 10%-i çıx, yerdə qalan 90% bir-birlərinə dönər bıçaqları ilə girişər. Elə hər il ABŞ-da keçirilən “Black Friday” günlərinə baxın. Qan su yerinə axır. Amma, ayrı vaxt həmin insanlar quzu kimi öz növbələrini gözləyirlər. 

Sizinlə bəzi müşahidələrimdən formalaşan düşüncələrimi və hiss etdiyim məqamları bölüşüm. Yəqin, bu məqamı özünüz də hiss etmisiz ki, İlham Əliyev və yaxın ətrafı düşünür ki, bu xalq-yəni biz bu cür idarə edilməliyik. Yaxşı rəftara biz layiq deyilik. Belə düşündüyü açıq sezilir. Adam bir dəfə çıxıb yerli kanala, jurnalistlərə müsahibə vermir. Sizi, bizi saymır. Amma, baxırsan səsi “Sputnik”dən gəlir. Və bu düşüncəsini planlı şəkildə bizə yeridir. İnsanları alçaldırlar, pul müqabilində ən əxlaqsız işləri gördürürlər. Bussqalterindən bülleten çıxaran xalalardan tutmuş, ölkə prezidentinə fantaziyalı biçimdə yaltaqlanan “ağsaqqallar”a kimi istənilən növ sürünənə rast gəlmək olar diyarımızda. Demək olar İlham Əliyevin ölkənin hər guşəsində bir “Məcnun”u var. Hökümətin hər qiymət artımından, ağılsız bir qərarından sonra 2-3 yaltağı Aztv-ə çıxardıb danışdırırlar. Təbii bütün bunlar məndə də ölkə insanına qarşı bəzən ikrah hissi oyadır. Xalqın bu kimi satqınlarını tənqid edirik, əcəb də edirik. Amma bu olanları bütün millətə aid edib aşağılamaq düzgün deyil, heç bir faydası da yoxdu. Əksinə mübarizə ruhumuzu daha da dibə vurur, taleyimizlə barışırıq. Razıyam, orta statistik Azərbaycan insanının mənfi cəhətləri çoxdu. Etiraz ruhu demək olar yoxdu, innovativ (yenilikçi) deyil, mentalitet deyilən yazılmamış qanunlar toplusu ilə yaşayır və s. Amma demək ki, demokratiya bizlik deyil, bax burda dayanmalısan dostum. Demokratiya elə əsl bizlikdi. Çünki biz qanundan çəkinən, ona hörmət edən əsl sistem adamlarıyıq. Qatı millətçi, dindar deyilik. Əksinə dünyada çox millətdən daha sekulyarıq. Biz aqressiv deyilik, biz qisasçı deyilik, sakit başını aşağı salıb yaşayan adamlarıq. Demokratiya kimə bizdən artıq yaraşar?

Əzizlərim bunlar hamısı Əliyev hakimiyyətinin bilərəkdən yürütdüyü propaqandadı. Həmin o yaltaqları, ikiüzlüləri efirə çıxardır, sındırır. Bununla bizə sübut eləmək istəyir ki, bax siz busunuz, beləsiniz. Keyfiyyətsiz xalqsız , sizi başqa cür idarə eləmək olmaz, buna layiqsiz və s. 

Kədərliyəm, çünki bu propaqanda öz işini yetərincə görür. İnsanlar özlərini, bütöv millətini rahatca təhqir edir, şüurlu şəkildə keyfiyyətsiz bir xalq olduqlarını deyirlər, hətta zarafata salıb gülürlər də. Vəziyyət o dərəcədə bərbaddır ki, düşmən kimi gördükləri erməniləri də özlərindən üstün sayırlar. Yəqin ki, siz də Rusiyada işləyib, arada Azərbaycana gələn həmyerlilərimizdən orda başlarına gələn hadisələr eşitmisiniz. Mənə azı onlarla danışılıb elə əhvalatlar. Maraqlısı odur ki, rəvayətlərin tam hamısında bizimkilər mənfi, ermənilər müsbət obraz kimi göstərilir. Sizcə bu mümkündü? Elə hamısında bizimkilər əclaf çıxdı? Heç istisna hal olmadı? Əlbəttə ki, yox. Sadəcə bu şüuraltılarına yerləşib. Insanlarımız ya qəsdən, ya da istəmədən bu hekayələri uydururlar. Çünki bilirlər ki, qulaq asan buna öyrəşib, ssenarinin belə olması daha maraqlıdı, cazibədardı.

Göygöl uzun illər sadə insanların üzünə bağlı qalmışdı, sonra 2015-ci ildə açıldı və dərhal ərazinin xalq tərəfindən zibillənməsi görüntüləri bütün mediaya servis edildi. Günlərlə tirajlandı. Televiziyalar yayımladı. Bu kadrları görən hamı birmənalı düşündü ki, elə yaxşı edib bağlamışdılar üzümüzə. Biz özümüzü apara bilmirik və s. Halbuki, orda yetərincə zibil qabı qoyulsa, ciddi cəzaların olacağı xəbərdarlığı elanlarda yazılsa, kameralar yerləşdirilsə bu olardımı? Olsa da, bu dərəcədə olmazdı.

Sizə onlarla, yüzlərlə belə fakt sayaram. Məncə, söhbətin məğzini tutdunuz. Ümumiyyətlə, bu propaqandaki var, çox əclaf şeydi. Məsələn, deyilir ki, İlham Əliyev getsə kim gələcək? Guya ondan başqa normal namizəd yoxdu bu boyda məmləkətdə. Və ağlı başda olan insanlar da buna inanır. Hətta fikir versəniz, hakimiyyət komandasında çoxlu sayda həqiqi mənada əqli çatışmazlığı olan məmurlar var. Onlar tez-tez çıxıb qıcıqlandırıcı açıqlamalar verirlər. Hadı Rəcəbli, Hacıbala, Rövnəq kimi adamlar təsadüfən orda deyillər. Bununla insanlara göstərilir ki, İlham Əliyevdən bərk yapışın, yoxsa sizi bunlar idarə edə bilər. Əgər ölkədə Əliyevdən başqa normal namizəd yoxdusa bu ilk onun və mərhum atasının günahıdır ki, 25 il ərzində idarə elədikləri ölkədə bir nəfər də olsun savadlı kadr çıxmayıb. İkincisi isə əlbəttə ki, var. 9 milyonun içində ən azı 1 milyon insan taparam ki, indikindən daha yaxşı idarə edər ölkəni. Siz siz olun, ötürülən informasiyanı filtterizasiya edin, sonra həzmə yollayın.



İndi isə biz demokratiyaya layiq deyilik tezisini meydandan silmək üçün 1-2 misal da çəkim, söhbəti bağlayaq. Əvvəllər belə bir ifadələri çox eşidirdim: “Rüşvət bizim qanımızdadı, bizim növbə mədəniyyətimiz yoxdu, qılınc müsəlmanıq” və s. Əgər xatırlayırsızsa təxminən 5-6 il əvvəl qeyri-rəsmi belə bir xəbər yayıldı ki, ölkədə rüşvət yığışdırılıb. Bir az araşdırandan sonra məlum oldu ki, doğurdan da heç yerdə rüşvət götürülmür, hamı da buna qəşəngcə riayət edir. Lakin, sevincimiz qursağımızda qaldı. Bir neçə ay sonra ölkə öz dədə-baba qaydasına döndü. 2012-ci ildən “Asan Xidmət” adlı çoxfunksiyalı bir qurum yaradıldı. Orda bəyəm rüşvət var? Yoxsa növbə üstündə saçyoldu var? Bəs nə oldu rüşvət qanımızda idi? Biz mədəniyyətsiz idik? 2014-cü ildən “Baku Bus” MMC yaradıldı. İndi şəhərin bir çox nöqtələrinə işləyir. İnsanlar normal növbəyə dayanır, kartları ilə ödəniş edib xidmətdən yararlanırlar. Niyə axı bu qurumda insanlar rüşvət verib, rüşvət almır? Niyə heç bir ciddi insident yaşanmır? Niyə insanlar özlərini bu xidmətlərə qarşı sivil, mədəni, qanuni aparırlar, digərlərinə qarşı yox? Həmin adamlardı da. Deməli bu insanımızın yox, sistemin günahıdı. Bizə nə təklif edirlər ona da riayət edirik. Özünüzü aşağılamayın, gözəl məmləkətimin gözəl insanları. Aşağılanmalı, utanmalı olan yuxarıda cəmləşən bir qrup acgözdü, siz yox. Siz hər şeyin ən yaxşısına layiqsiz!!!