05/10/2016

Necə yazmaq lazımdır və ya lazım deyil?

Şahin Hüseynli
Yazı çox mürəkkəb prosesdir. Peşəsi yazmaq olan insanlara qibtə edirəm. Hələ üstəlik gözəl, savadlı, səmimi yazanlara ayrıca bir simpatiyam var. Amma bəzən elə olur ki, yazının səmimiliyini və savadlılığını onun yazılma forması kölgədə qoyur. Bəs necə yazmaq lazımdır ki, yazı uğurlu alınsın? 

Bununla bağlı universitetdə tonlarla dərs keçiblər mənə, amma yenə də bu suala cavab verməkdə çətinlik çəkirəm. Bildiyim, daha doğrusu, beynimdə bu formul ilişib qalıb ki, yazı 3 hissədən ibarət olmalıdır: giriş, inkişaf və nəticə. 

Girişdə yazının mövzusu haqqında qisa məlumat verilir və yazı boyunca cavab axtarılacaq suallar qoyulur. 

İnkişaf bölməsində bu suallara cavab axtarılır, müxtəlif misallar, sitatlar çəkilir və s. 

Nəticə bölməsi isə, adından da göründüyü kimi, gəlinən nəticəni özündə əks etdirir. Eyni zamanda nəticə bölməsi giriş bölməsində verilən suallara cavab verməlidir, yəni bu iki bölmə bir-birilə uzlaşmalıdır.

Odur ki, sadəcə, bir oxucu kimi "necə yazmaq lazım deyil?" sualı ətrafında deyinsəm, daha faydalı olaram.

Birinci növbədə xaotik yazmaq lazım deyil: hər bir iddia, fikir əsaslandırılmalıdır. Oxucuya maraqlıdır ki, yazar niyə belə düşünür? Yazıda səslənən bu iddia hər hansı araşdırmayamı, sorğuyamı söykənir, yoxsa yazar bir yerlərindən uydurur?

İkinci, fikirlərdə ardıcıl olmaq lazımdır: bir fikir digərini təkzib etməməlidir. Ola bilər, yazar həqiqəti elə yaza-yaza axtarsın, insan hər bir mövzu haqqında bitkin fikir sahibi ola bilməz, əlbəttə. Bu zaman ən doğru hesab etdiyin fikirləri yazıda saxlamaq lazımdır.

Üçüncü, yazı kino kimidir: ana fikir sonda deyilməlidir. Elə ikinci cümlədə ana fikri oxumaq yazının gerisini oxumağa həvəs qoymur. 

Dördüncü yazı və ya mətnə bir cümlə gözü ilə baxmaq lazımdır. Cümlə nədir? Bitmiş bir fikri ifadə edən sintaktik vahiddir. Mətn də, əslində, bitmiş bir fikri ifadə edən, əvvəli, ortası və sonu olan uzun bir cümlədir. Yəni mətn ümumilikdə bitmiş bir fikri ifadə etməlidir.

Beşinci və mən deyərdim, ən vacibi qrammatik və leksik qaydalara əməl etmək lazımdır. Əgər siz yuxarıda sadaladıqlarımın hamısına əməl edib bu qaydaları gözardı etsəniz, o zaman mövzu nə qədər əhəmiyyətli olursa, olsun, çox "kirli" bir yazı yazmış olacaqsınız. 

İcazənizlə, "nəsihətlərimi" burda bitirərdim. Yeri gəlmişkən, fürsətdən istifadə edib yazılarımı lampa işığına yoxlayan (90-ci illərdə kənd yerlərində işıqlar axşamlar sönərdi) bütün müəllimlərimi "Müəllimlər günü" münasibətilə təbrik edir və qarşılarında baş əyirəm.