16/11/2016

İki xalq arasında birbaşa münasibətlərin önəmi

Həmid Hüseynov
Ötən həftə Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbirdə 10-dək ölkənin səfirliyinin, beynəlxalq təşkilatların nümayəndələri, QHT və media qurumlarının təmsilçiləri ilə yanaşı bir neçə erməni ictimai fəal da iştırak edib. 

Ermənistandan konfransa yazıçı-publisist Vahe Avetyan, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan və “Meridian” qeyri-hökumət təşkilatının sədri, jurnalist Syuzan Çaqinyan da dəvət edilmişdi. Adı çəkilən şəxslərin Bakıya gələrək Qarabağdakı cinayətlərə görə erməni xalqı adından Azərbaycan xalqından üzr istəmələri, Sərkisyan rejiminə qarşı sərt bəyanat vermələri işğalçı ölkədə nə qədər səssiz qarşılansa da, bizdə bir o qədər səs-küyə səbəb oldu. Ermənilərin Azərbaycana gəlmələri, əslində məqbul addım sayılmalı, hətta bu qarşılıqlı olmalıdır. Məncə, onların vətəndaş mövqeləri alqışa layiqdir. Onlar bütün çətinliklərə və maneələrə baxmayaraq, Bakıya gəlib fikirlərini səsləndirdilər. Ən azından Azərbaycana sülhyaratma missiyası ilə gəliblər. Amma, bu məqamda sadəlövhlük etmək yox, diqqətli olmaq lazımdır.

Hazırda həm S.Sarkisyan hakimiyyəti, həm də İ.Əliyev höküməti “Dağlıq Qarabağ” münaqişəsini hakimiyyətlərinin qarantisinə çevirməyi bacarıblar. Hər ikisi kriminal rejimdi və cəmiyyəti mafioz qaydalar və zorakı üsullarla idarə edirlər. Bu gün hər iki dövlətin apardığı siyasətdə xalq rol almır, istiqamətləri xalq deyil, siyasi hakimiyyətlər müəyyən edir. Bu həmçinin Azərbaycan və Erməni xalqının birbaşa qurulmalı olan münasibətinə də aiddir. Belə olan halda hər iki hakimiyyətin bu problemi həll etmək istəyinə inanmaq sadəlöhvlükdən başqa bir şey deyil. Görünən odur ki, xalqın müəyyən kəsimi hakimiyyətlərin siyasətindən kifayət qədər narazıdır. Bunun fonunda hər iki hakimiyyət xalqlarını inandırmağa çalışır ki, ermənilər və azərbaycanlılar birlikdə yaşaya bilməzlər. Əgər bu gün dünyanın bir çox ölkələrində azərbaycanlılarla ermənilərin birgə yaşadıqlarını görürüksə, bəs, Dağlıq Qarabağda niyə birgə yaşaya bilməsinlər? Ona görə ki, hər iki rejim hələlik bunu istəmir. Güman qalır, xalqların özünə. Azərbaycanlılarla Ermənilər yenə də birgə yaşaya bilərlər. Dağlıq Qarabağda yüz illərlə Azərbaycan və erməni icmaları birgə yaşayıblar. Digər tərəfdən tarixdə mübahisə predmeti ərazi olan xalqlar arasında sonralar dinc yaşamaq nə qədər çətin və mümkünsüz görünsə də, dünya təcrübəsi təsdiq edir ki, uzun illər konfliktləri olan iki xalq arasında dinc şəkildə birgə yaşam, əslində, mümkündür. On illərdir münaqişə edən tərəflərin növbəti illərdə birlikdə dinc yaşamasını mümkün edən amillərdən biri, bəlkə də, birincisi işlək mexanizmə malik olan, bərabər hüquq sisteminin yaradılmasıdır. Bu gün dünya xəritəsinə nəzər salanda, asanlıqla anlamaq olur ki, hüquqların müdafiəsi, inkişaf, tərəqqi yalnız sülh və əmin-amanlıq şəraitində mümkündür. Sülh dövründə bir dövlət ərazisində yaşayan insanların milli, etnik mənsubiyyəti deyil, vətəndaşlıq, qanun və hüquq qarşısında bərabərlik, sosial ədalətin təmin edilməsi və hümanizmə söykənən digər fundamental dəyərlər daha çox əhəmiyyət kəsb etməli, ortaq dəyərlər önə çıxarılmalıdır.

Son günlər bir neçə erməni hüquq müdafiəçisinin Azərbaycana səfəri zamanı səsləndirdikləri fikirlərin səmimiyətinə inansaq, hər iki tərəfdə münasibətlərin normallaşmasını və birlikdə yaşamağın mümkün olacağını düşünən kəsim var. Onların fikrincə sülhün əldə olunması üçün qarşılıqlı səfərlərin tez-tez həyata keçirilməsinə ehtiyac var. Doğru olaraq, düşünürlər ki: “Bizə beynəlxalq təşkilatlar lazım deyil, özümüz öz problemlərimizi həll edə bilərik. Sülh niyyətində olan yazıçılar, QHT-lər arasında birbaşa münasibətlər mütləq qurulmalıdır”. 

Açığını deyim ki, mən də bu mümkünlüyə inanır və münaqişənin daha 25 il uzanmasını, doğulduğum torpağa uzaqdan həsrətlə baxmağa davam etməyi, kriminal rejimlərin bu münaqişədən istifadə edib, öz xalqlarını zillət içində saxlamasını və insanların ölməsini istəmirəm. Düşünürəm və inanıram ki, Ermənistanda və Dağlıq Qarabağda ermənilər ilə azərbaycanlılar arasında əlaqələrin mövcud olmasını istəyənlərin sayı heç də əksini düşünənlərdən az deyil. Nəzərə alsaq ki, hazırda Dağlıq Qarabağda yaşayanları de-yure öz vətəndaşlarımız hesab edirik, o zaman onlarla ünsiyyətdən yayınmaq bizim üçün də məntiqli görsənmir. Hazırda Dağlıq Qarabağda bizim vətəndaşlarımız var, sülh müqaviləsi bağlanıldıqdan sonra onlar Azərbaycanda qalacaqlar. Hər iki icma üçün sülh və inkişaf onların yaşamını daha dinc, daha təhlükəsiz edəcək əsas qarantdır. 

XX əsrdə zaman-zaman konfliktlərlə müşayət olunan birgə yaşayışın dayanıqlı olmamağının bir çox məlum səbəbləri var. Belə səbəblərdən biri xalqların münasibətlərinə daim siyası güclərin vasitəçi olması, başqa tərəflərin tənzimləməsi və bu vasitəçilikdən yeri gəldikcə təsir vasitəsi kimi istifadə edib, diktə mexanizmi yaratmaları olmuşdur. İndiki məqamda məhz üzərində dayanılası məqam budur. Münasibətlər yenidən qurulmalı və bu münasibətlər vasitəçilər olmadan, birbaşa qurulmalıdır, xalqaların birbaşa iradəsi və iştirakı olmalıdır. Əgər bu səmimi şəkildə baş verərsə, hər hansı vasitəçinin və digər maraq qruplarının əlindən diktə mexanizmi alınmış olunar. Xalqın nə qədər böyük kəsimi bu gerçəkliyə inansa, nə hakimiyyətlər buna əngəl ola bilər, nə də bu ölkələri təsir altında saxlamaq istəyən güclər. Vətəndaş cəmiyyəti nümayəndələrinin birbaşa görüşləri müzakirələrə böyük töhfə verə bilər. Bunun üçün xalqlar özləri münaqişənin həllində maraqlı olmalıdır. 

Şəxsən hiss edirəm “xalq diplomatiya”sı adlandırılan bu dəfəki sülhməramlı prosesə Rusiya tərəfi də fəal qoşulub və filmin rejissoru odur. Konfransda əks qütbdən Amerika nümayəndəsinin iştirakı ondan xəbər verir ki, bu dəfə də vasitəçilər və vasitəçilik var. Hər hansı tərəf müəyyən təsir mexanizmini itirəcəyini və onların maraqlarına toxunan bir məqam hiss etsə, yenə proses ya dayanacaq, ya da ləngiyəcək. Hər halda, Amerika və Rusiya tərəflərinin rəqabətini sezmək olurdu. 

Bundan əlavə, ermənilərin Bakıda səsləndirdikləri fikirlərə diqqət edək: 

-Syuzan Çaqinyan: “Sərkisyan erməni xalqını çürüdür”; “Sərkisyan prezident deyil, işğalçıdır”; “O və Köçəryan 2008-ci ildə erməni xalqına qarşı genosid törədiblər”; “Sərkisyanı tənqid etdim, o isə mənə qarşı təqibərə başladı. Sarkisyan hakimiyyəti öz xalqına qarşı repressiv siyasət aparır.” S.Çaqinyan əlavə edib ki, Bakıya gəlməyə çalışsa da, Ermənistan hakimiyyəti onu qətlə yetirilməklə hədələyib.



Hər şeyə rəğmən, Bakıya gələn ermənilərin səmimiyyətinə inanmaq istəyirəm. Yəqin, indi onları da ölkələrində “vətən xainləri” adlandırırlar. İndi, gəlin, baxaq görək, bizdə vəziyyət nə dərəcədə fərqlidir? Elə bir neçə il öncə Ə.Əylisliyə o damğanı yapışdırıb kitablarını yandırmadıqmı? Çünki yazdığı “Daş Yuxular”da gördüyü həqiqətləri qələmə almışdı. Əminəm ki, 10% adamdan başqa o kitabı heç kim axıra qədər oxumamışdı. Amma, kitabda yazılanlardan xəbərsiz olan 90 faiz insanımızı onu tənqid, hətta təhqir etməyə köklədilər. Məgər, bu, “xalq diplamatiyası” cücərtilərini beşikdə boğmaq deyildimi? Görəsən, bir müddət əvvəl bizdən Ermənistana bu prosesin davam etməsi üçün getmək istəyənləri hakimiyyət öpüb, gözünün üstünəmi qoyacaqdı? Bəs indi nə oldu, nə dəyişdi? Məncə, yalnız zamanla bu sualın cavabını görə biləcəyik.