04/10/2016

Münasibət bərabərsizliyi

Pərvin Bəhramoğlu
Azərbaycanda cinslər arasında ciddi ünsiyyət və münasibət problemi olduğunu görürəm. Şəhərdə 10 dəqiqə müşahidə aparmaqla bunu asanlıqla müəyyən etmək olar. Oğlanlar bir gəzirlər, qızlar isə bir. Cütlüklərə isə nadir hallarda rast gəlmək olur. Digər ölkələrdə bu mənzərə bizdən xeyli fərqlidir. Bunun səbəbləri nədir və hansı nəticələrə gətirib çıxarır?
Məncə, əsas səbəbləri mentalitet, din, təhsil və güvənsizlik mühitidir. Təbii, siyahını uzatmaq da olar və bəzilərinə hələ haqq qazandırmaq da mümkündür. Bəzən, elə nəticələrin özü səbəb yaradır, ona görə də nəticələrə baxaq. Əgər qız və oğlan arasında ünsiyyət problemi varsa, demək, münasibət problemi də var. Arada olan baryerlər davranış problemi və görməmişlik sindromu yaradır. Müasir dövrdə tanışlığın əsas məkanı sosial şəbəkələr olduğundan, problem burada daha qabarıq və çılpaqlığı ilə görsənir. Hər kəs bir-birinə yazır, daha doğrusu bir oğlan onlarla qıza yazır, bir qıza onlarla oğlan yazır, amma yenə də heç bir nəticə yoxdur. Artıq burda məsələ tanışlıq məcrasından çıxıb psixoloji özünütəsdiqə keçir. Həmcinslər arasında bəzən şüuraltı yarışlar da olur. Kimə daha çox oğlan yazır, kim daha çox qızla yazışır. Qızlar həmişə gözləmə mövqeyindədir, sanki onların seçim azadlığı yoxdur və ya qızların tanışlığa cəhd etməsi qanunla qadağan edilib. Cəhd etməmələri bir yana, fikirlərini rahat ifadə də etmək istəmirlər. Yalan danışmaq vərdişlərindən istifadə edirlər. Misal, əgər bir qıza görüşmək təklif etsən, "vaxtım yoxdur" deyəcək, amma şəhərə çıxanda başqa bir oğlanla gəzdiyini görə bilərsən. Sualdan yayınmaq və yola vermək üzrə peşəkardırlar. Ən çox istifadə etdikləri cavablar isə "hə", "hmm", "ok", "yaxşı", "baxarıq", "tamam", "inşallah" və sairədir. Bilirsiniz, qızların bu cür davranmasına ən böyük səbəbkar kimdir? Məhz oğlanlar. Bəli, oğlanlar. O qədər nazları ilə oynayırlar və ya yersiz tanışlıq cəhdləri olur ki, bu, qızların işinə yarayır. Bəzən FB-da "fake" bir qız profilinin 5 min dostunun olduğunu görürük və ya hər hansısa yaxşı fiqurası olan qızın şəklinin altında minlərlə "like" və şərh görürük. Anlamaq olmur ki, niyə oğlanlar bu qədər məntiqsiz, özlərinin və sözlərinin dəyərini bilmirlər.

Bütün tanışıqlar ünsiyyətdən başlayır. Təbii, normal ünsiyyəti bacarmaq və həmsöhbəti düzgün seçmək lazımdır. Bütün tanışlıqlar isə tək evlənmək üçün deyil. Əsas olan səmimiyyətin olmasıdır. Hər hansısa qızın oğlana, oğlanın qıza yazmasında ayıb bir şey yoxdur, məqsəd istər tanışlıq, istər evlilik, istərsə də, seks olsun: hər kəsin qarşılıqlı razılıq əsasında istənilən münasibəti yaşamaq haqqı vardır.

Deməli, tanışlıq çox sadədir. Belə sadə şeyləri çətinləşdirmək sadəcə başağrısından başqa bir şey deyil. Həyatınızı sadələşdirin, zövq alın, istəklərinizi açıq ifadə edin və reallaşdırın.