Həmid Huseynov |
Yəqin ki, artıq çoxları
emosiyalarını sakitləşdirib, baş verənlərə daha soyuq başla baxmağa,
reallıqları daha aydın görməyə imkan tapır. Aprelin əvvəlində cəbhədəki mini
müharibəni, neçə müddətdir davam edən gərginliyi və son danışıqları nəzərdə tuturam.
Məsələnin mahiyyəti kimlərəsə bəlli idi və bunun nəyə hesablandığını ən dəqiq
onlar bilirdilər. Son 20 ildə cəmiyyət heç bir mövzunu bu qədər açıq müzakirə
edib, alovlu reaksiyalar verməmişdi. (söhbət
ciddi mövzulardan gedir, kiminsə açıq sinəsi və ayaqları kimi müzakirələri
qeyri-ciddi və mənasız hesab edirəm) Məlum hadisələr böyük bir kəsimin illərdi
ölkədə baş verən hər şeyə laqeydliyini, birdən-birə 180 dərəcə dəyişəcək qədər
oldu.
Qəribə görünsə də, üç günün içində cəmiyyət özünə inanmağa başladı, qalib gələcəyinə əminliyi artdı. Həqiqi həmrəylik formalaşdı. Hamı qələbə üçün birləşməyə həvəsləndi. Elə təəssurat yarandı kı, artıq ox yaydan çıxıb. İnsanlar emosiyalara qapılıb, müharibə nəticəsində qalibiyyətə inandılar. Bu, o vaxta qədər davam etdi ki, xalqın özünəinamı və əminliyinin nəzarətdən çıxma risqləri artdı. Hər şey birdən başladığı kimi, anidən də dayandı. Ona görə ki, hazırda bu ölkəni idarə edən hakimiyyət heç vaxt bu xalqın özünə inanmağını istəməyib, həmişə toplumun özünə əminliyindən ehtiyatlanıb. Qələbə naminə olsa belə, məhz bu amil hakimiyyətə risqli görünə bilərdi. Müharibə edib, torpaqları azad etmək niyyəti olan hakimiyyət xalqın qalib ruhda olmasından qorxmamalıydı. Təsadüfi deyil ki, ilk və birtərəfli qaydada atəşkəsi elan edib, dayandıran da Azərbaycan oldu. Bununla da ictimai rəyi maraqlarına uyğun şəkildə nəzarətdə saxlamağa davam etdilər. Diqqət etdinizsə toplumun baş verənlərə reaksiyası hakimiyyətin iradəsini nəzərə almayan xətt üzrə gedirdi. Bu isə açıq hiss edilməsə də, hakimiyyəti həm qıcıqlandırdı, həm də narahat etməyə başladı. Hökümət bu cür reaksiyaların öz nəzarətindən kənar qalmasına razı olmadı. Cəmiyyəti gedən prosseslərdən uzaq tutub, xalqı Qarabağ münaqişəsinə təsir etmək imkanından yayındırdılar. Müharibə isə ərazilərin işğaldan azad olunması üçün deyildi, ictimaiyyətin diqqətini yenidən problemə yönəltmək üçündü. Belə olmasaydı o qədər itgi qarşılığında iki-üç təpəcik deyil, iki-üç rayon işğaldan azad edilərdi.
Qarabağ kimi həssas bir
mövzuya görə cəmiyyəti müharibəyə kökləməklə, insanların emosiyalarından
sui-istifadə edib, bütün diqqəti öz hakimiyyətlərinin ömrünü uzatmaq üçün,
ömürlük düşmən avantürasından "səmərə"li istifadə edirlər. Bu da
hazırkı hökümətlər üçün həm məqbul, həm də ekstra variantdı. Biz haqlı tərəf
sayılsaq da, əslində, idarəetmə baxımından hər iki hakimiyyətin mahiyyəti
eynidir. İş burasındadı kı, hər iki tərəf müharibə etməyə yox, müharibə
görüntüsü yaratmaqda maraqlıdır. Bu mövzu ilə bağlı ən dəqiq və maraqlı təsviri
1984 romanında Corc Oruel verir:“mübahisəli
ərazilər”, ölkələr arasında bitib-tükənmək bilməyən silahlı münaqişə və
qarşıdurma mənbəyidir. Hər üç dövlət lazımi şərait yarananda müharibənin nəticələrindən
öz xeyrinə istifadə etmək üçün aramsız silahlanırlar. Onlar davamlı bir döyüş
halı içindədir və bu müddətdə müttəfiqlər davamlı dəyişməkdədir. Döyüşlərin məqsədi,
köhnəsi kimi müstəqilliyi qorunması deyil, iqtisadi tarazlıqları və iqtidar
strukturlarının qorunmasıdır.” Bu gün mövcüd stiuasiya da bundan fərqli
deyil. Məsələnin mahiyyətinə diqqətlə nəzər salsaq görərik ki, problemin
uzanması, birdəfəlik həll ediməməsi və vaxtaşırı gərginliyin artması ilə itgilərin
olması, hər iki toplumu qane etməyən məqamlardı. Buna baxmayaraq, onillərdi
eyni vəziyyət davam edir. Çünki, belə vəziyyət hakimiyyəti qorumaq üçün işlək
bir təsir vasitəsidir. Güclər nə qədər fərqli görünsə də, yanaşma eynidir. Lakin,
xalqın bunun fərqinə varmayacaq şəkildə neytrallaşdırılması, bu iqtidarların
davamlılığı üçün bir zərurətə çevrilib. Heç kimə sirr deyil ki, illərdi
hakimiyyətlər problemin mövcüdluğu və tez-tez gərginləşəməsilə öz ömürlərinin
uzadılmasını təmin edə biliblər. Məncə, hazırda da vəziyyətin bu cür gərgin
qalması, problemin həll edilməməsi hər iki hakimiyyətin marağındadı və çox
guman kı, hər hansı əks nəticə yenə də diqqəti hakimiyyətləri silkələyən amillərə
çevriləcək. Odur ki, müharibə şəraiti mövcud hakimiyyətlərin iradəsi və
maraqları çərçivəsində formalaşır. Hakimiyyətlər isə bu imkandan daxilə
hesablanmış müəyyən gedişlərdə maksimum yararlanırlar. Cəmiyyəti səksəkə və
qorxu içində salxlamaqla yollarına daha rahat davam edirlər. Yuxarıda adı çəkilən
romanda partiyanın “Müharibə-sülhdür”,“Azadlıq-köləlikdir”, “Cəhalət qüvvədir” kimi
əsas şüarları da, siyasi təfəkkürün başlıca prinsiplərini daha aydın və dəqiq
göstərən epizoddur.
Müharibə çıxış yolu
deyil. Bu vaxta qədər heç bir evi, heç bir məmləkəti müharibə abad etməyib.
Əfqanstan, İraq, Suriya bizdən çox uzaq deyil axı. Məlumatlı və ayıq adamların
müharibə tərəfdarılğı və çağırışları da başa düşülən deyil. Bunun regionda nələrə
gətirib çıxaracağını və nəticələrini dərk etmədən müharibəni təbliğ etmək, heç
də ağıllı gediş ola bilməz. Əksəriyyət düşünə bilər ki, “başqa cür mümkün
deyil”. Mini müharibədən sonra sanki, toplum Qarabağın hərbi yolla azad edilməsinə
meyllənmişdi. Ölkədə “müharibə ideologiyası” hegemon idi. Amma, gəlin görək
hakimiyyət özü bunu istəyirmi? 3-4 günlük mini müharibə ilə müharibəyə
başlayırıq görüntüsü, hələ hakimiyyətin bu istəyinin səmimi olması demək deyil.
Çünki, ortada olan nəticə məqsədə adekvat görsənmir, necə deyərlər; bunları “tutursan durmur, buraxırsan vurmur”.
Unutmamalıyıq ki, bizi idarə edənlər kimlərdi. İntellektuallar və həqiqəti görənlər
rejimin yaratdığı suni görüntülərə uymamalıdır. Siz bu məsələdə iradə sahibini
yaxşı tanıyırsız. O, 1984 romanında QOLDSTEYNnin prototipidir. C.Oruel 1984-də onun haqqında belə
yazır: “Hamı Qoldsteyni aşağılasa da, hamı ona nifrət
bəsləsə də, hər gün, bəlkə də gündə min dəfə təlimi rədd olunsa da, nəzəriyyəsinin
daşı daş üstündə qoyulmasa da, mitinqlərdə, teleekranda, qəzetlərdə, kitablarda
fikirləri cəfəngiyyat kimi gülüş və istehza hədəfinə çevrilsə də, daim ələ
salınsa da, nüfuzu əsla azalmırdı. Həmişə onun tələsinə düşən, onun sözlərinə
şirniklənən sadəlövh adamlar tapılırdı”.
Elə həmin romanda C.Oruel Okeaniyanı idarəsi çox sərt və
işgəncəli olan bir dövlət kimi təsvir edib. Vətəndaşların heç bir hüququ, şəxsi
həyatı yoxdur. Ölkədə insanlar üç təbəqədən ibarətdir- Daxili Partiya, Kənar
Partiya, prollar. Birinci təbəqə insanlarının azlıq təşkil etsə də, bütün
hakimiyyət və sərvətlər onların əlindədir. Kənar Partiyanın üzvləri kasıb, dilənçi
vəziyətindədir. Prollar isə insan yerinə qoyulmayan, heç bir təhlükə törətməyən
və ölkədə çoxluq təşkil edən qrupdu. “Adətən müharibə ilə maraqlanmayan prolların
vaxtaşırı vətənpərvərlik damarı tuturdu. Sanki döyüş ruhunu saxlamaq üçün
raketlər həmişəkindən də çox adam qırmağa başlayırdılar”. Sizcə də, bənzər mənzərə deyilmi ?!
Qarşılıqlı ittihamlar,
müharibə mesajları, hər ötən gün cəmiyyətləri daha da gərginləşdirib, digər
real problemləri yada belə salmır. Siyasətin və hakimiyyətlərin nəzarətində
olduğu üçün muharibə haqqında çoxlu yalanlar uydurulur. Qarabağ mövzusu ətrafında
spekulyasiyalar edilir. Cəmiyyətə dolğun və həqiqi məlumat verilmir. Tərəflər
bir tərəfdən sülh istədikərini deyir, digər tərəfdən də çıxış yolunun müharibə
olduğu üzərində dayanırlar. Hər iki ölkə müharibəyə hazırlaşdığını göstərir. Ancaq,
hazırda Rusiya və Qərb üçün də münaqişəni dondurlumuş vəziyyətdə saxlamaq daha əlverişli
görünür. Son görüşdən bu nəticə çıxdı kı, hər iki tərəfin marağını bu məqam üzərində
uzlaşdırmaq mümkün oldu. Yəqin, indiki məqamda problemin hərbi yolla həlli
Rüsiya və Qərbin marağına da cavab vermir. Beləliklə, münaqişənin dondurulmuş vəziyyətdə
saxlanması, müharibədən daha realdır. Danışıqlar effekt verməsə belə...
Tərəflər üçün sülh sonrakı mərhələdə iki xalqın birlikdə
yaşamağının ən dayanıqlı və yeganə qarantıdır.
______________________________________________________
Yazı müəllifin fikirlərini əks etdirir
Yazı müəllifin fikirlərini əks etdirir