Həmid Huseynov |
Birmənalı olaraq müharibənin əlehinəyəm. Bəli, mən dünyanın heç harasında müharibələrin olmasını istəmirəm. Çünki, müharibə yaxşı şey deyil. Müharibə güllə vıyıltısı, top uğultusu, qrad şaqqıltısı və bu səslərin nəticəsində can itgiləridi, qan selidi, insan bədəninin parçalara bölünüb, ətrafa səpələnməsidi. Müharibə vahimədi.... bu vahimədən uşaqların, qadınların hayqırtısı və gözyaşlarıdı. Son nəfəsini yanında verən insanların məkanıdı MÜHARİBƏ!!... Müharibədə insanlar davamlı affekt hala düşürlər, emosiyalar gərilir. Dəhşətdir MÜHARİBƏ! Və mən bu dəhşəti yaşamaq istəmirəm. İndiki məqamda olsa belə, əgər müharibənin əleyhinə olmağım, bunu istəməməyim, məni çoxunun gözündə “vətən xaini” edirsə, qoy mən “vətən xaini” olum. Ancaq, mən əminəm ki, mənim bu istəyim bəşəriyyət üçün ən ali və zəruri arzudur. Mən başa düşürəm ki, bunu istəməməklə müharibələri durdurmağa nail ola bilmərəm, amma, onun dəhşətlərini dərk və təsəvvür edə bildiyimdən müharibəni istəmədiyimi dilə gətirirəm. Nazim Hikmət: ”Müharibə qorxu və səfalətdən başqa heç nə vermir. Müharibə yandırar, yıxar, öldürər, yox edər” deyirdi. Elə B.Franklin də bu qənaətdə idi ki: “Yaxşı müharibə, pis sülh yoxdur”. Son vaxtlar isə müharibənin lazımsız, pis şey olduğu fikrini deyənləri çoxu söyür, dişlərini qıcayır, aqressiv davranışlarını gizlətmir.
İndi yazacaqlarım bölücülük kimi görsənə bilər,
amma, mən bir ağdaşlının Ağdamın işğaldan azad olunmasını ağdamlıdan daha çox
istəməsi məntiqinə və səmimiyyətinə inanmıram. Məncə, Zaqataladan olan kimsə, Zəngilanın
geri alınmasını orda doğulub, doğmalarının məzarını qoyub gələn adam qədər
arzulaya bilməz. Şabranlının bir Şuşalı kimi o yerlər üçün darıxması mümkün
deyil. Hər kəs öz evini qonşusundan, qohumundan daha çox istəyir. Qarabağda
doğulan biri kimi mən də o torpaqlara qayıtmaq, o yerləri yenidən görmək, o
yerlərin havasını udub, suyundan içməyi heç kimdən az istəmirəm. Amma, buna
insanların canı və qanı bahasına nail olmağın tərəfdarı deyiləm. Mənə görə
onların o torpaqlarda ölməkdən çox yaşamaq haqları var. Könül istəyir ki, insan
oğlu torpaq üstündə ölüb-öldürməsin, onun üstündə birlikdə dinc yaşasınlar. Elə
düşünürsüz ki, böyük itgilər bahasına olsa belə, torpaqlar geri alınsa, sizə orada
haqq tanıyacaqlar? Mən inanmıram!! Canı və qanı bahasına işğaldan azad
elədikləri torpaqlar elə həmin şəhidlərin doğmalarına 10 minlərlə manata
satılmayacaqmı?. Elə həmin şəhidlərin yaxınlarından rüşvət alıb, işə qəbul etməyəcəklərmi?
O zaman bu ölməklər niyə? Bu qurbanlar niyə? “Vətən sağ olsun” deyib, keçməklə
olmur eyyy...vətənBAŞI vətəndaşına sağ ikən qiymət verməyib, bütün hüquq və
azadlıqları əlindən alırsa, niyə bu vətən haqsız və hüquqsuz məzlumun canı
bahasına sağ olmalıdır? Hansı vətən sağ olsun? Üç min manat kreditə girib, müddətdən artıq xitmədə işə
düzəldiyi vətən? Yoxsa, sənin daha təhlükəsiz yerdə xitmətin üçün borc götürən valideyni,
buna məcbur edən vətən? Bəlkə, sən uğrunda döyüşərkən, dollarla götürdüyün
kreditin faizini daha çox manatla istəyən vətən? Yaxud sağlığında yaşamağa yer
verməyib, tabutunu daxmadan çıxaran vətən? Hansı vətən? Yəqin, nakam arzularını
vaxtında biganəlikdən görməyib, indi isə sənə yalnız 1 metr dərinlikdə, 2 metr
uzunluqda buz kimi torpaq verən vətən üçün. Hansı ki, o vətən sənin gənclik
arzularına etinasız olmamalı idi. O vətən ki, qoynunda uşaqların sənin şəklinə
yox, sənin qucağına qaçmalıydı. O vətən ki, orda sənin körpə balan dizinin
üstünə çıxmalıydı, tabutunun üstünə yox. O vətən ki, səni bu yaşda insan
izdihamı ilə torpağa deyil, valideyn xeyir duası ilə toy evinə yola salmalı
idi, eyy, biri-birindən nurlu ŞƏHİD(lər)!!!
Çoxunuz bu fikri eşitmisiz: “Müharibəni zənginlər başladır, yoxsullar ölür”. Son hadisələrdə xalq arasında haqlı olaraq belə bir deyim yaranıb: “Qarabağ şikəstəsi oxuyanlar, Qarabağda şikəst olanlardan daha çox qayğı görür” Bunu anlayan insanın özünü odun, alovun içinə atıb, niyə müharibə istəməlidir ki, bu nə qədər səmimi ola bilər ki? Bir şeyi birdəfəlik anlayaq ki, müharibə etməklə nə bizim ermənilərin axırına çıxmağımız mümkündür, nə də ki, onların bizi.
Ard-arda şəhid gələn günlərdə belə insanlarımızda
bir qeyri-səmimilik, bir sunilik sezilirdi. Hərə öz rayonuna gələn şəhidləri
necə sıralayırdısa, sankı, həmin rayona xüsusi status verəcəkdilər. Biri gözləntisi
varmış kimi, “bizim rayona niyə şəhid gəlmədi”, digəri fərəhini büruzə verəcək
şəkildə, “bizim rayona da şəhid payı düşdü” yazırdı. Biri lap belə yazmışdı: ”İNŞALLAH
sabah bizim rayon ilk şəhidini qarşılayacaq”. Yarışa girmişcəsinə dəfn mərasimlərinin
izdihamlılığını, yayılım atəşinin sayını müqayisə edənlər vardı, a kişi.... Hələ
bayrağın şəhidin yaxınına verməsini xüsusi qiymətləndirənləri demirəm. Təəssüf
ki, o bayraq səni xoşbəxt yaşatmaq əvəzinə, tabutunun üzərinə sərilib, təsəlli
olur. Lənət olsun, o atəşə ki, kin və nifrəti söndürmək əvəzinə hansısa gəncin
cansız bədənini torpağa bastırlması üçün “yayılım atəşi” olur. Bayraq bu şəhidləri
xoşbəxt həyat naminə biləşdirib yaşada bilmədi, ayrı-ayrılıqda onların taputuna
büküldü, ancaq. Sonrada həmin bayrağı şəhidin yaxınına uzadıb öpdürdülər. Guya
bu diqqətdi. Canından bir parçasını torpağa qoyub qurtaran kimi, sanki, kütlə bədbəxt
valideynin beynini zorlayırdı kı, “vətən sağolsun” kəlməsini desin. Hər dəfn mərasimində
izdiham səbrsizliklə o anı gözləyirdi. Bu mənim üçün sözlə ifadə edə bilmədiyim
acı mənzərə idi. Nəyə görə axı içi parça-parça olan bir ana, bir ata, o anda
özünü vətənə sağol deməyə borclu bilməlidir? Buraxın kədərlərini yaşayıb
rahatlasınlar. Desinlər ki, içim göynəyir, danışa bilmirəm, heç nə deyə bilmərəm, yaxud mən bu dəqiqə o hayda deyiləm. Görmədim
ki, canı yanarkən o ifadəni işlətmədən, o bayrağın hayına qalmadan içindəki
üzüntü hisslərini rahat yaşasın. Müqayisə üçün deyim ki, ölən erməni əsgər
anaları hökümət evinin qarşısına toplaşıb, övladlarını qırğına verənlərə etiraz
edirdilər. Təbii olaraq, övladlarıın itgiləri ilə asanlıqla barışmaq istəmirdilər.
İnciməyin, amma, erməni valideynlərinin övlad itgisinə reaksiyası mənə daha təbii,
daha səmimi göründü. Onsuz da, zamanla hər kəs hər şeyə öyrənəcək. Amma, bizlər
o anda şəhid doğmalarını məcbur edərcəsinə o ritualları həyata keçirməklə,
onların təbii kədərlərinə, qəhərlərinə müdaxilə edib, təbii üzüntülərini belə
rahat yaşamalarına imkan vermədik. Onlarsa buna cəhd belə etmədi. Nəyə lazım,
bu “vətən sağ olsun”lar, nəyə lazım bu qeyri-səmimiliklər? Axı, lazım deyildi,
cəsədləri soymayan şəhidlər üzərindən saxtakarlıqlar! Nə qazandırır axı bu millətə
bu qədər saxtakarlıq? Bunu canlarını itirib, şəhid olanlar üzərindən etməksə bir
başqa rəzalətdi. Mingəçevirə şəhid gələn gün, şəhidlər xiyabanından 150-200
metr aralı yerləşən “şəhidlər binası” kimi tanınan binada qarabağ əlilinin
evindəki çal-çağırın arası kəsilmirdi. Mən vətənpərvərliyi deyil saxta vətənpərliyi
qınayıram. .....
Baxışılarına və mövqeyinə əmin olduğum çoxları belə qarışıq və ikili hisslər yaşadığını yazırdılar. Baş verənlərdə bir məna tapa bilmirdilər. Heç olmasa, onlar dolaşmayaydı. Hətta, illərdi bəşəri dəyərlərə inanıb, humanizmdən ağızdolusu danışanlar, bir anın içində hamıdan böyük VƏTƏNPƏRVƏR olmuşdular. Kimsə müharibəyə, insan ölümünə qarşı olduğunu yazanda, hümanizmdən danışanda elə yerindəcə çox ağır cavabını alırdı. Hər fürsətdə müharibə əlehinə olanları yıxıb-sürüyür, “asıb-kəsirdilər”. Maraqlıdır kı, müharibə tərəfdarlarının çoxu əlinə avtomat dəyməyən, hərb anlayışından xəbərsiz olanlardı. Mən kimisə hərbi xitmətdən yayınmaqda ittiham etməkdən uzağam. Bunları yazmaqda vətənpərlik edənləri də qınamaq fikrim yoxdu. Kimsə sizə vətənpərvər olmayın demir. Amma, əzizlərim, ikisi bir arada olmur. Ya vətənpərvərlik edin, ya da humanistliyinizdə qalın. İçinizdə hansı varsa, o olun.
Biz də istəyirik dövlətimiz güclü olsun, biz də istəyirik insanlarımız xoşbəxt yaşasın, biz də istəyirik qələbələrimiz və uğurlarımız sıralansın, amma saxta qələbə, saxta uğur, saxta xoşbəxtlik olmasın, gerçək olsun. Mən əminəm ki, o qələbəni, o uğurları və o xoşbəxtliyi isə bizə müharibə gətirməyəcəkdir.