27/04/2016

İdeoloji boşluq

Pərvin Bəhramoğlu


İctimai-siyasi aktivliklə məşğul olmaq və siyasi karyeraya başlamaq istəyənlərə kiçik tövsiyə!

Bildiyimiz kimi ölkəmizdə onlarla siyasi partiya və yüzlərlə ictimai təşkilat var. Hər bir insan partiya və təşkilat seçərkən nələrə diqqət etməlidir?!

Başlayaq siyasi partiyalardan. Ölkəmizdə 40-dan çox partiya var və onlardan yalnız biri iqtidardadır. Bu o deməkdir ki, bir partiyadan başqa digər partiyalar müxalifət partiyalarıdır. Müxalifət partiyasının məqsədi hakimiyyətə gəlmək olmalıdır və bunun üçün də real imkanları, perspektivi və proqramı olmalıdır. Əgər bir müxalifət partiyasında bu imkanlar yoxdursa orada zaman itirmək heç bir məntiqə sığmır. Digər diqqət edilməli məqam partiyanın idealogiyası və hədəfləri olmalıdır. Azərbacanda elə partiyalar var ki, idealoji boşluqdan əziyyət çəkirlər, bilmək olmur liberaldır yoxsa millətçi, sağdır ya sol və s. Elə müxalif partiyalar da var açıq bəyan edir ki, hakim partiyanın idealogiyasını dəstəkləyir. O zaman, sual yaranır onda siz niyə varsız? Əgər hər hansı partiya hakimiyyəti qeyri-demokratik olmaqda, azad rəqabət yaratmamaqda, qeyri-şəffaf seçki keçirməkdə və s. tənqid edirsə, amma öz partiyası və təşkilatı daxilində bunlara əməl edə bilmirsə, yüzlərlə bəhanə gətirərək nizamnamələri pozurlarsa, həmin qurumdan nəinki cəmiyyətə fayda, heç özlərinə də xeyir gəlməz.


Partiyaya biznes kimi baxanlar, onu şəxsi mülkü hesab edənlər siyasətçi ola bilməz. Bu cur idarə edilən siyasi institutlardan uzaq durmaq, ən azından siyasi karyeranı təmiz saxlamaq faydalı olardı.


Azacıq məlumatlı olan hər kəsə məlumdur ki, illərdi ölkədə insanların seçki yolu ilə nəyisə dəyişmək hüququ əlindən alınıb və normal seçki mühitindən söhbət belə gedə bilməz. Bu şübhəsizdir! Təəssüflər olsun ki, hələ də ölkəmizdə azad və ədalətli seçki keçirilmir. Bir qrup müxalif partiya isə bu cür seçkidə iştirak edib, razılaşdırılmış bir mandat alır və hakimiyyətin demokratiya donu geyinməsinə yardımçı olurlar. Bu cür partiyalar cəmiyyət üçün olduqca zərərlidir. İnsanları çaş-baş qoyur, ümidsizlik və güvənsizlik mühiti yaradır. Tövsiyəm bu tip konqolardan 100 km kənar durun, hətta, vaxtaşırı onları şiddətlə qınayın, iqnor edin.


Müasir dövürdə ən çox diqqət edilən məqamlardan biri də siyasətlə kimlərin məşğul olmasıdır. 20 il öncəkindən fərqli olaraq hər hansısa fizik və riyaziyatçının siyasətlə məğul olması qeyri-peşəkar və uğursuz yanaşma olardı. Sovet dövründə ölkədə siyasi ixtisasların məhdud sayda olması təsadüfi adamları siyasət meydanına atırdı. Bəlkə də bilərəkdən qeyri-peşəkarları irəli çəkirdilər. Lakin, indi siyasi təhsil çox önəmlidir, hətta magistr və doktorluq dərəcəsinin olması arzu olunandır. Yaxud, adi biznesmen olan birin siyasətçi kimi qanunuverici orqanda əyləşməsi nə dərəcədə məntiqli ola bilər? Bu gün birinin İncəsənət Universitetini bitirib, gəlib sizə siyasət nağılı danışması yol verilməzdir və sizlər də buna izin verməyin.


Sivil və demokratik ölkələrdə siyasətin bir qaydası var, uğursuzluğa uğradınsa, rəhbərlik etdiyin qurumun idarəetməsini yeni, daha iddialı və potensallı şəxsə dövr etməlisən. Xalq uğursuz liderlərin arxasınca getmir, onu uğursuzluğun səbəbi deyil, nəticə maraqlandırır. Əvvəlki nəticələr isə cəmiyyətin kimin arxasında, kimin yanında olmasını şərtləndirən ən əsas amillərdəndir