25/04/2016

Müharibə və nəticələri

Anar Rzalı
İnsanlıq uduzdu, xalq heç-heçə qaldı, dövlət və hakimiyyət isə cüzi fərqlə qalib gəldi.

Demokratiyanın, liberalizmin və ən nəhayət güclü iqtisadiyyatın açdığı qapıların yanında topla tüfənglə açılan qapılar iynə ucu qədər kiçik qalır. Bu 25 il ərzində Azərbaycan bunlara nail olsaydı inanın bu gedişlə Dağlıq Qarabağın erməni icması könüllü bizə qoşulardı. İnsan dünyanı kəşf etdikcə torpaq uğrunda insanların 1-1-lərini öldürməsi mənasız gəlir. Milyardlarla bu kimi planetlərdən qoz boyda olanının 2 nümayəndəsi fındıq boyda olan bir ərazi üçün qırğın edir. Birlikdə yaşamaq varkən buna dəyərmi? Dünyada heç bir şey insan həyatından üstün deyil. Bəslənilən nifrət qarşındakından çox sənə ziyan vurur.

Bəli, ermənilərin əksəriyyətinin o torpaqlara sonradan köçürülməsi hamıya məlumdur, amma tarix boyu orda yerli ermənilər də yaşayıb axı. Bunu hətta bizim mənbələr də göstərir bəzən (məlikliklər və s.). Lap yaşamasa da bu nəyi dəyişdirir? Müasir dünyada bəyəm hansı xalq elə doğulduğu yerdə bitib qalıb? Biz illər boyu bir yerdə yaşamışıq və sizə onu deyim ki, dünyada azərilərə həm görünüşcə, həm də mədəniyyətcə onlardan daha oxşarı yoxdu. Bunu onlarla müəyyən müddət ünsiyyətdə olan istənilən şəxs təsdiqləyə bilər. Qısası çox iç-içə keçmişik və bu danılmaz faktdır. İnsanlar danışarkən vacib bir şeyi də unudur həmişə. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır cənablar. Bu problem hansı yolla həllini tapır tapsın bizimlə bir yerdə o torpaqlarda yaşayacaqlar. Siz və dövlət bu nifrəti belə qızışdırırsa onda o insanlar və dünya necə əmin olsun ki, gələcəkdə sənin dövlətində yaşayacaq olan ermənilərə, yəni öz vətəndaşlarına qarşı ədalətli olacaqsan?

Xalqın qısamüddətli müharibəyə münasibəti gözlənilməz oldu deyərdim. Cəbhədən müəyyən uğurların gəlməsi sevinclə qarşılandı, insanlar məğlub statusundan çıxıb qalib statusu geyindirdilər özlərinə. Əksəriyyət elə bil bu anı gözləyirmiş kimi bütün fikir ayrılqılarını kənara qoyub birlik nümayiş etdirdi. Sizə onu deyim ki, bu dövləti də çaşdırdı. Bəlkə də atəşkəsi imzalamalarının bir səbəbi də bu idi. Çünki bu dövləti xalqın hətta öz ümumi düşməninə qarşı belə olsa birləşməsi onları qorxudur. Bunu ADNA terroru zamanı da gördük. Qurbanların toplu şəkildə anılmasına də icazə vermirlər. Nəticədə atəşkəs imzalandı və şəhid xəbərlərinin ardı-arası kəsilmədi. Bəziləri normal qarşılasa da, əksəriyyət məyus oldu. Xüsusilə şəhidlərin çoxunun kasıb ailələrdən çıxması onları bədbinləşdirdi, etirazlarına səbəb oldu. Əksəriyyət bu sualı özünə verdi: "Dəyərdimi ?". Kənardan baxanda tam yarıya bölünmüş bir xalq gördüm. 

Hakmiyyət və dövlət isə istədiyinə nail oldu. Uzun zamandır Qarabağ problemi dünya gündəmindən düşmüşdü. Bütün dünyanın başı daha qaynar nöqtələrə qarışmışdı və biz həmişəki kimi 2-ci plandaydıq. Bundan əlavə status-kvonun belə davam etməsi ilə Ermənistan dünyanı artıq bu düzənə öyrəşdirməyə başlamışdı. Ən pisi isə Azərbaycan xalqı da artıq bununla barışmışdı. Əksəriyyət torpaqların qaytarılmağından ümidlərini üzmüşdü. Bu baxımdan dövlət tərəfdən addımı uğurlu saymaq olar. Onsuz biz dostlarla müzakirə zamanı həmişə bu varianta fokuslanırdıq ki, müharibə olarsa bu qısamüddətli olmalı, xüsusi təyinatlılar hücuma keçməli, sürətlə torpaqların bir hissəsi alınıb Ermənistan güzəştə məcbur edilməlidi. Çünki hazırda dünyada uzunmüddətli müharibə apara biləcək cəmi bir neçə ölkə var. Azərbaycan tipli ölkələr buna girişsələr batarlar. Amma məlum oldu ki, bu qərar spontan və plansız olub. Hər bir halda ordu müəyyən üstünlük əldə etdi. Həm dünyanın diqqəti bura yönəldi, həm xalqda inam yarandı. Digər tərəfdən Ermənistan işin bitmədiyini anladı müəyyən güzəştlərə gedə biləcəyinin siqnallarını verdi.

Empati quraraq olaylara müxtəlif aspektlərdən baxmağa çalışdım, amma sırf öz fikrimə gəldikdə isə mən özümü ilk olaraq insan sayıram və məqsəd nə olur olsun müharibənin əleyhinəyəm. Deməli mən də məğlub tərəfəm.

______________________________________________________

Yazı müəllifin fikirlərini əks etdirir