Fərid Mehrəlizadə |
Son mini
müharibə olayında ən çox diqqətimi çəkən bir 20 ildən çox keçsə də insanların məsələyə
eyni və bəlkə daha artıq ciddiyyətlə yanaşması idisə, digəri də əksəriyyətin
Qarabağ məsələsinin diplomatik tərəfi barədə az məlumatlı olması oldu. Çox adam
Dağlıq Qarabağ və ətraf rayonlar anlayışı nədir bilmir. Dağlıq Qarabağın ərazisi
dağlıq olan Laçın və Kəlbəcər olduğunu düşünür, amma onlar daxil deyil. Eyni
zamanda bizdə Ağdərə rayonu deyə inzibati ərazi vahidi yoxdur. 92-də ləğv
olunaraq Tər-Tər və digər rayonlara birləşdirilib. Halbuki mətbuatda belə yazılırdı həmin yer.
Dağlıq
Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olduğunu, gələcəkdə də birlikdə
yaşamaq söhbətini eşidəndə də təəccüblənir insanlar. Biraz təkrarçılıq olacaq,
amma bütün dünya Qarabağla bağlı nəsə araşdıranda ilk Tomas De Vaalın kitabını
oxuyur. Bizdə də bu kitabı hər kəs oxusa, məsələnin mahiyyətindən tam xəbərdar
ola bilər. İllərdi "Qarabağ" deyib dururuq, amma demək ki, hələ də Qarabağ
haqqında lazım olanı öyrətmirik vətəndaşlara.
Bəlkə də
elə bu məlumatsızlıqdandır ki, əksər insanlar ciddi müharibənin başlayacağını
düşündü və sonu belə olanda xeyli məyus oldu, amma əvvəldən həm siyasi vəziyyətə,
həm də istifadə olunan texnikalara baxanda qısa müddətli bir şey olacağı
görünürdü. Ancaq bu heç kəsə xalqı aşağılamağa əsas vermir. İnsanlar qələbəyə
acdır, özü də çox.
Indi
soyuq başla düşünəndə bir çox müsbət və mənfi nəticələr, eləcə də dərs alınmalı tərəfləri görmək olur. Onları
mütləq yadda saxlamalıyıq ki, mənfilər bir də olmasın.
Müsbət tərəflər
ordumuzun doğrudan da onlardan güclü olması, insanların Qarabağ müharibəsinə fədakarlıqlara
hazır olmasıdır. Zəifliklərimiz isə hər yalan-palan xəbərə inanmağımız, bəzi
sayt və səhifələrin 3-4 bəyəniyə görə insanları aldatmaları oldu. Belə olanda
kütləni fərqli yerlərə çəkmək və istifadə etmək asan olur.
Bir də məni
narahat edən ermənilərin ən böyük bədbəxtçiliyi olan “erməni xəstliyi”ndən hələ
də sağalmamalarıdır. Qoca-qoca adamlar, keşişlər filan həmin saniyə silahlandı.
Onlar indi də fürsət düşsə 90-lardakı müharibə cinayətlərini törətməyə
hazırdılar. Həmin adamlarla Fransada,
Belçikada, Türkiyədə terror törədənlər arasında heç bir fərq yoxdur. Xəstəlikləri
böhtan atıb özlərini yazıq göstərmək məsələsində də davam edir. Amma dərs
alınmalı bir nöqtə də odur ki, ermənilər gözlədiyimiz qədər də “kolay lokma”
deyil. Pis-yaxşı texnikaları var və açığı alınan ərazilərə baxanda bizim
itkimiz həddindən artıq çoxdur.
Bir də,
yəqinki bundan sonra heç kimi “ermənilər xristiandırlar deyə bütün dünya
onların yanındadır” filan deməz. Bütün məşhur mətbuat orqanları və beynəlxalq təşkilatlar
açıqlamalarında Qarabağın işğal olunduğunu və orada separatçıların olduğunu
dedi. Halbuki həmin qurum və mətbuat orqanlar bizdə “düşmən dəyirmanına su tökənlər”
siyahısındadır. Tərəf olan ölkələri də unutmayaq. Türkiyə, Ukraniya, Gürcüstan,
Pakistan və İsrail biz tərəfdən açıq mövqe qoydu. Cənubi Kipr və Türkiyədə Hdp
isə qarşı tərəfə sərfəli açıqlamalar verdi. Bunları da bir kənara yazaq.
Təbii ki,
könül istərdi qan tökülmədən qayıdaq
torpaqlarımıza, vətəndaşlarımız ölməsin, sülh yoluyla həll olunsun. Amma
sonuncu dəfə məsələnin sülh yolu ilə həllinə yaxınlaşanda bilirsiz nə olmuşdu?
“Qobl planı” deyilən olay baş tutmağa doğru gedirdi ki, silahlı adamlar Ermənistan
parlamantinə girdi və içərisində ölkənin Baş Nazir (!) və Spikerininin (!) də
oluğu 8 nəfəri öldürdü. Onunla da proses dayandı. Çünki Ermənistan müstəqil
addım atmaq istəmişdi və böyük qardaşı dərsini verdi. Amma onu deyim ki, bu
plana görə o dönəmdə bizdə də 3 prezident müşaviri istefa vermişdi, çünki
planın maraqlarımıza uyğun gəlmədiyini düşünürdülər və bu bəlkə də bizdə yüksək
vəzifəli məmurların son istefasıdır. Ondan sonra yadıma gəlmir. Dediyim odur ki,
ermənistan özbaşına sülhə gedən deyil. İstəsə belə. Ona görə hər şeyə hazır
olmaq lazımdır. Müharibə eləmək və ya
torpaqları almaq üçün isə hələ çox güclü olmalıyıq. Şimaldakı ayı gözün
ağardanda ona qarşı çıxacaq qədər.
Yaxınlarım
da daxil olmaqla insanların öz evlərinə qayıtmaq ümidinin yaranmasının belə
onları necə sevindirdiyini görmək, xalqın əzmi və fədakarlıqları məni yaman ümidləndirdi.
Təki hər şey yaxşı olsun və xalq məsələnin həllinə mane olan problemlərin nələr
olduğunu görüb hələlik o istiqamətdə çalışsın.
______________________________________________________
Yazı müəllifin fikirlərini əks etdirir
Yazı müəllifin fikirlərini əks etdirir
The article reflect the opinions of the author