Pərvin Bəhramoğlu |
Qız və oğlan övladı doğulanda da valideyn sevinci və onlara gələn təbriklər də eyni olmur. Qız və oğlan böyüdükcə onlar arasında qoyulan fərq daha çox hiss olunur. Oğlana hər şey olar, amma qız nəzarətdə olmalıdır. Bu düşüncə və tərbiyə ilə böyüyən uşaqlar da belə düşünməyə başlayır. Hər istədiyini edə bilən qardaş artıq öz istəklərini həyata keçirməklə kifayətlənmir bacısının arzularını və davranışlarını da nəzarətə götürür. Belə böyüyən qızların bunu doğru davranış kimi də qəbul edib əməl edirlər.
Qadının geyimindən tutmuş evə gəlmə saatı, peşə seçməsi hamısı nəzarətə götürülür. “Qadınlar yalnız müəllim və həkim ola bilər” düşüncəsi bir vaxtlar çox dəbdə idi. Amma bu artıq cəmiyyətimiz üçün sirr deyil ki, bütün peşələrin öhdəsindən həm qadınlar, həm də kişilər gələ bilər. Bir zamanlar qadınların maşın sürməsini bələ həzm edə bilmirdi cəmiyyət.
Görəsən qadınlar hansı işin öhdəsindən gələ bilməzlər ki?
Polismi ola bilməzlər, amma qadın polislər də var, taksimi sürə bilməzlər yox onu da bacaranlar var. Avropada ölkələr arası avtobusları sürən qadınlar az deyil, pilot qadınlar da var. Zaman-zaman məlum oldu ki, bu yanlış məntiq imiş, amma bu məntiq düzələnə kimi cəmiyyətimiz bu yalnışın ağır fəsadları ilə üzləşməli oldu.
Qız evə gec gəlməz, istədiyi peşəni seçə bilməz, sevgisini kiməsə etiraf da edə bilməz. Gözləməlidir ki, kimsə onu seçsin, o da onu seçənlərin içərisindən biri ilə evlənməyə razılıq versin. Təbii ki, valideynləri onlara bu seçim imkanını versələr. Bəzən isə qaçırılaraq bütün xəyallarının üstündən xətt çəkilir, halbuki, insan qaçırmaq bir cinayətdir. Qadınlar üçün qırmızı xətt tək bunlarla bitmir, onlar spirtli içki içə bilməz və siqaret çəkə bilməzlər. Deyəcəksiniz bu qədər də yox, hər kəs istədiyini edir və s.. Məsələ tək istədiyini edə bilməkdə deyil. İstədiyini edən zaman ətrafdakıların sənə münasibəti önəmlidir.
Bu qədər qadağalar və təzyiqlərlə böyüyən bir qadın, hər etdiyində qarşısına yaşıl işıq yandırılan oğlanla evlənir və həyatının ikinci əzablı hissəsə qədəm qoyur. Evlənərək az da olsa azadlığa çıxacağını düşünən qadın yenidən ərinin qadağaları ilə üzləşir, işləyə bilməzsən, o olmaz bu olmaz. Hələ özünü biraz yaxşı aparmasa döyülə də bilər. Döyülməsinə də ən gözəl arqument, "özünü yaxşı aparmadı döydüm" (Yaxşı at özünə qamçı vurdurmaz). Deyək qadın özünü yaxşı aparmayanda əri döyür o isə “ağıllanır”. Bəs kişi özünü yaxşı aparmayanda kim tərəfindən döyülməlidir?
Qadına qoyulan bütün məhdudiyətlərin başında "namus-qeyrət" söhbəti durur. Qadın hər hansısa bir hərəkət edəndə onun "namusu ləkələnir", həm də tək onun yox ərinin də "namusu". Bəs kişi başqası ilə cinsi əlaqədə olanda necə olur? Nədənsə namus tək qadına şamil edilir. Və bu səbəbdən də "kişi terroru" adlanan cinayətdə yüzlərlə qadın öldürülür. Əgər qadının sənə xəyanət edibsə boşan, zatən sən qadınına xəyanət edəndə o səni öldürmür ki? Xəyanətə həç zaman haqq qazandırmaq olmaz, amma bunun nəticə ölüm yox, boşanma olmalıdır.
Bütün bunları yazmaqda məqsədim
cəmiyyətdə və ailədə cinsi ayrıseçkiliyin yaratdığı fəsadları diqqətinizə
çatdırmaqdır.
______________________________________________________
Yazı müəllifin fikirlərini əks etdirir
Yazı müəllifin fikirlərini əks etdirir