13/08/2015

İctimai qınaq lazımdırmı?


Pərvin Bəhramoğlu
Tez-tez istifadə etdiyimiz bir termin var "ictimai qınaq". 
Bəs bu ictimai qınaq nədir, bu bizə lazımdırmı, nələr ictimai qınağın hədəfi olmalıdır?
Adından da göründüyü kimi, ictimai qınaq, ictimai və sosial əhəmiyyət daşıyan və insanların yaşamına təsir edən neqativ halların tənqid olunmasıdır. Sosial həyata təsir edən davranışlar qanunla da tənzimlənir, amma bəzən yazılmış qanunlarla tənzimlənməyən davranışlar yazılmamış qanunlarla idarə edilir. Bunlar daha çox etik, mental və milli təfəkkürdən irəli gələn davranışlardır və ziddiyətli məqamlar yaradır. Buna görə də yazılmamış qanunların qınanılmasından daha çox qanunla da tənzimlənən və insanların təhlükəsizliyi və işlərinin asanlaşmasına xidmət edən halların pozuntusunun qınanılması daha məqsədə uyğundur.
İndi baxaq görək ölkəmizdə ictimai qınağın hədəfləri nədir və hədəf doğrudurmu?

Bəlkə də çoxlarımız bu növ həyat tərzinə artıq öyrəşmişik və bu bizlər üçün adiləşib. Elə ən pisi də, hər hansı bir qanun pozuntusunu və neqativ davranışı normal hall kimi qəbul edib heç nə olmamış kimi davranmağı bacarmağımızdır. 

İlk öncə ölkədə təhsilə verilən ictimai dəyərə və təhsildə rüşvətin roluna nəzər salaq. Heç kəsə sirr deyil ki, rüşvət alıb-vermək cinayətdir və qanunvericiliklə də həmin şəxslər məsuliyyət daşıyır. Bunlara baxmayaraq Azərbaycanda vəziyyət necədir? İnsanlar rahatlıqla hansı fəndən qiyməti neçəyə aldığından, pul verib universitetə getmədiyindən və ya müəllimlə qiymətdə necə "razılaşdığından" fəxrlə danışır. Universitetdə elə bir hall yaranıb ki, oxumayana yox, oxuyana pis baxırlar və "oxuyan uşaq" və ya “botan” adı verirlər. Deyək müvafiq orqanlar bu cinayətdən xəbərsizdir. Bəs ictimai qınaq hardadır? Niyə bu insanları qınamaqdansa, "bacarana can qurbandır" deyirik? Axı təhsilinin səviyyəsi aşağı olan bir dövlətin heç bir sahəsi yüksək səviyyədə inkişaf edə bilməz! Bunu bilmirikmi?

Hər birimiz gündəlik ictimai nəqliyyatdan istifadə edirik. Avtobus sürücülərinin sükan arxasında siqaret çəkməsinin qadağan olunduğunu bilirik və sivil ölkələrdə nəyinki sükan arxasında, qapalı yerlərdə belə siqaret çəkən insan böyük məbləğdə cərimələnir. Amma, bizdə çox nadir hallarda hər hansısa sürücünün siqaret çəkməsinə irad bildirilir. Və ya dayanacaqdan kənar saxlamağa icazə olmadığı halda istənilən yerdə dayanmasına. 

Digər xalqları təmizkar olmadığına görə bəyənməyən xalqımız hara gəldi zibil atır. Avtobusun pəncərəsindən zibili yola atan sərnişinə də kiminsə iradını görmürük. İrad bir yana, insanlar bu utancverici davranışlarından utanmaqdansa, fəxrlə danışırlar. Sanki qəhramanlıq ediblər. İnsanların təfəkküründə "qanunlar pozulmaq üçün yazılıb" düşüncəsi həkk olunub. Sürücü kəməri taxmağın, piyada isə keçiddən keçməyin öz təhlükəsizliyi üçün vacib olduğunu dərk etmir. 

Azərbaycan realığında insanların ictimai davranışlarından daha çox şəxsi həyatları müzakirə mövzusu olur və irad bildirilir. Misal, şortik geyinmək, saqqal saxlamaq, saç uzatmaq, sırğa taxmaq və s., bunlar, insanın şəxsi seçimləridir və bu davranışla digər bir insanın hüququ pozulmur, haqqı tapdanılmır. Buna baxmayaraq cəmiyyətdə ən çox müzakirə edilən mözvu kiminsə şortik geyinməyinin doğru olub olmadığıdır. Hər hansısa valideyni övladının yol hərəkət qaydasını pozması, kiminsə haqqını tapdalaması, qeyri qanuni davranışından daha çox onun saç uzatması narahat edir. 

Məlumdur ki, qızlar üçün qanunvericiliklə evlilik yaşı 18 yaşdır, 18 yaşa çatmamış qızla evlənmək də qanun pozuntusudur. Evlənməməyin isə yaş həddi yoxdur və qanunla evlənməyən heç bir məsuliyyət daşımır. Buna baxmayaraq, nədənsə, gec evlənmək və ya evlənməmək daha çox qınanılır. Hələ əksinə qızını tez erə verən ailə daha yaxşı qarşılanır cəmiyyətdə. 28 yaşlı evlənməmiş qızı olan ana isə insanların sorğu sualından cana doyur.

Belə hallar da olur ki, qınanılması lazım olan insanı qınayarkən özün qınaq obyektinə çevrilirsən.

Qınamaq haqqını tələb etməkdir, haqqını tələb etmək cəsarətli və savadlı insanların işidir.

Haqqımızı tələb etməkdən, irad bildirməkdən qorxmayaq, çünki bu dövlətimizin inkişafında, xalqımızın firavan yaşamasında əsas zəmindir və bunun məsuliyyəti bizim üzərimizdədir.


______________________________________________________

Yazı müəllifin fikirlərini əks etdirir