11/08/2015

Həyalarını yeyib, abırlarını tullayanlar

Həmid Huseynov



Yaşadığımız ölkədə hər gün baş verən anormal hadisələrdən sonra daha çox əmin oluram ki, çatışmayan böyük bir şey var, onun adı- HƏYAdır. Bu sözün Azərbaycan dilinin izahlı lüğətində mənası aşağıdakı kimi verilir.





Həya- abır, ar ismət utanma hissi, 



Həya etmək – utanmaq, abrını gözləmək, ədəb gözləmək, özünə ar bilmək, ar etmək, xəcalət çəkmək. 

Həyanın olmamasını inkarlıq şəkilçisi –sız vasitəsilə düzəlir və izahı bu cür verilir.

Həyasızlıq- abırsızlıq, utanmazlıq, ədəbsizlik, sırtıqlıq, həyasız, abırsız hərəkət. 

Həyasızlaşmaq- daha da həyasız olmaq, sırtıqlaşmaq, arsızlaşmaq, qudurmaq.

Tarixin süzgəcindən süzülüb gələn başqa bir ifadə isə belədir.

Həyanı yeyib, abrını tullamaq – heç bir şeydən utanmamaq, abrını atmaq, həyasızlıq etmək.

Hərdən dilimizin zəngin olmamasından, kasadlığından gileylənsək də, tarixin bu dönəmində yaşadığımız Azərbaycan adlı bu ölkədə hazırkı durumu ən aydın formada HƏYA, HƏYASIZ, HƏYASIZLIQ VƏ HƏYASIZLAŞMAQ kimi sözlərlə təsvir edə biləcək qədər zəngindir dilimiz, cox şükür . Bu fikirlər çoxlarına qərəzli və təhqiramiz görünə bilər, ancaq baş verənləri görməzdən gəlmək, yaxud görə bilməmək bizim reallıqdan uzaq olmağımıza əsas deyildir, ola da bilməz. Jurnalist Rasim Əliyevin sosial şəbəkədə yazdığı fikirlərə görə döyülərək öldürülməsi ölkədə bütün sferada tənqidi fikrə görə fiziki güc tədbig edib insanların həyatına son qoyulan dövlət və cəmiyyət olaraq Azərbaycan adına növbəti utancverici bir hadisədir. 

Bundan əvvəl sırf yazdığı yazılara, söylədiyi fikirlərə, hazırladığı materiala görə insanların olmazın zorakılıqlara məruz qalmaları və həyatlarını itirmələri uzaq keçmişdə deyil, içində yaşadığımız tarixdə- gözümüzün qabağında baş verib. İstər Elmar Hüseynovun yaşadığı evin qarşısında odlu silahla ağzından vurularaq qətl edilməsi olsun, istər Rafiq Tağının bıçaqlanaraq öldürülməsi, istərsə də sonraki dövrlərdə jurnalistlər İdrak Abbasov, Fərahim Qasımovun və bu qəbildən olan digərlərinin döyülərək ağır xəsarətlər alması dırnaqarası dövlətimizin və hökümətimizin jürnalistlərə və mətbuat nümayəndələrinə göstərilən qayğının nəticəsi olmalıdır. Oxudum ki, məlum hadisənin istintaq işini prezident İlham Əliyev şəxsən nəzarətə götürüb. Bu nə deməkdi axı prezident şəxsən nəzarətə götürüb? Hansı dövlətdə var bu təcrübə? Bəlkə, bu rəhbərlik etdiyin hökümətinin səriştəsiz olduğunu etiraf etməkdir. Bəs hanı sənin güclü dövlətin? Hanı baş verən cinayət işinin istintaqını aparmalı olan dövlət orqanları və onların peşəkar əməkdaşları? Yəni bu qurumlar o qədər zəif və gücsüzdür ki, prezidentin nəzarəti olmadan bu istintaqı ədalətli apara bilməsinlər? Yoxsa, sən də xalq kimi daha o vicdan hissini itirmişlərə etibar etmirsən? Dolayısı ilə prezident İlham Əliyev özü də təsdiq edir ki, dövlət orqanları onun nəzarəti və iradəsi olmadan heç bir işin öhdəsindən gəlmək fikrinə düşmür, ya da prezident demək istəyir ki, mənim adım olmayan yerdə ədaləti tapmayacaqsınız. Tutaq ki, belədir. Yaxşı, onda bu vaxta kimi hansı nəzarətə götürülmüş istintaq ədalətli yekunlaşıb? Hansı sifarişli bu və ya digər açılmayan qətllərin üstü açılıb, cinayətkarlar tabılıb və cəzalandırılıb? Elmar Hüseynovun, yoxsa Rafiq Tağının ya General Rail Rzayevin, yoxsa təhdidlərə və zorakılıqlara məruz qalanların işləri ilə bağlı hansısa tədbir görülüb? Hələ ki belə bir örnək yoxdur.

Mövzudan biraz kənar olsa da, belə hallar tək səsli-küylü cinayət tərkibli işlərdə yox, digər xüsusi əhəmiyyətə malik olan məqamlarda da rast gəlinir. Bu ölkədə gecə benzinin qiyməti qalxır, səhəri günü prezident qiyməti salır aşağı, manat dəyərdən düşür, prezident müdaxilə edir. Hansı sahədə qabaran, ictimailəşən bir məqam olan kimi prezident nəzarətə götürür. A kişi, adama deyərlər, bəs hanı sənin demokratik və huquqi sistemə söykənən hakimiyyətin? Bütün çıxışlarında ağızdolusu, internet azadlığından danışırsan, bu tərəfdən də sosial şəbəkələrdə sənə və hakimiyyətinizə sərf etməyən fikirlərə dözməyib, yazanları yaşına-başına baxmadan doldurursan həbsxanalara. Budurmu dediyin internet azadlğı və tolerantlıq, Cənab Prezident? Axı dediyin sivil, demokratik, normal ölkələrdə belə deyil. Prezident kimi müdaxilə etdiyin bu tip məsələlərlə müvafiq olaraq dövlət qrumları məşğul olmalı deyilmi? Bu nə “universallıq”dır ?

Sən demə, bu özündən müştəbeh Cavid Hüseynov işğal altında olan Cəbrayıl rayonundan imiş. Amma o da dözümlü xalqımızın nümayəndəsi kimi doğulduğu torpağın 20 ildən artıqdır işğalda qalmasına dözür, amma Rasim Əliyevin iyirmi sözlük bir statusuna dözə bilməyib onu döyərək öldürtdürür. Bəs bu futbolçu və bu idmançılar bu cəsarəti hardan və kimdən alır? Yəqin formasını geyindiyi ölkənin adlı-sanlı “Qəbələ” adlı futbol klubundan. O klubdan ki, prezidenti Taleh Heydərovdur. O, Taleh Heydərov ki, ölkənin Fövqaladə Hallar naziri Kamaləddin Heydərovun oğludur. O Kəmaləddin Heydərov ki, illərdir gücünə güc qatıb, “xalqımızın başına sığal çəkir”. Bax bunlardan cəsarət alan qudurmuş, ədəbsiz, həyasız altı-yeddi nəfər bir şəxsi aldadaraq çağırıb onu tək halda döyüb öldürməsi hansı kitabda yazılıb? Bu nə kişiliyə sığar, nə sizin saxta vətənpərliyinizə, nə də insanlığa. Bunun adı həyasızlıqdır.

Mərhum jurnalist Rasim Əliyev sosial şəbəkədə yazdığı bu fikirlərə görə döyülərək öldürülüb. "Bu cür əxlaqsız, tərbiyəsiz və özünü idarə etməyi bacarmayan bir futbolçunun, məni Avropa meydanlarında təmsil etməsini istəmirəm".

Mən isə bu cür əxlaqsız, tərbiyəsiz, özünü və ölkəni idarə etməyi bacarmayan və HƏYASIZ bir cinayətkarın və cinayətkarların məsuliyyətə cəlb edilməsini, qanunla cəzalandırılmasını istəyirəm!

______________________________________________________

Yazı müəllifin fikirlərini əks etdirir