09/08/2015

Niyə özümüzə toy tuturuq?

Pərvin Bəhramoğlu
Azərbaycanda sosial həyatı təsvir edin desək, hamı bir səslə: “Həyat problemlərlə doldur”, deyəcək. Götürək adi həyat qanunlarından birini. Bir şəxslə tanış olursan və bəzən ona o qədər aşiq olursan ki, həyatının sonunadək onunla birgə yaşamağa qərar verirsən və BANG!!! Qarşılaşdığın ilk problemin TOY!
Bir çoxları üçün xoş gün sayılan bir günə, bədbin yanaşmağımın səbəbi bu yaxınlarda eşitdiyim hadisə səbəb olub. Deməli rayonların birində restoranın pulunu verə bilmədiklərinə görə bəy və gəlin "zaloq" saxlanılıb. İlk baxışdan sıradan bir hall kimi görsənə bilər, amma bu tragikomik hadisə cəmiyyətin mental dəyərinin məhsuludur. Bu sual məni maraqlandırır. Biz niyə toy edirik və bunun anlamı nədir? 

Bu təbiidir ki, tarixdə əksər xalqların mədəniyyətində toy vardır və elə bizim də xalqın tarix boyu belə bir adət-ənənəsi olub. Lakin keçmişə nəzər salanda və ya digər xalqların toy adətlərinə diqqət yetirəndə məlum olur ki, onların etdiyi toylar bugün biz etdiyimiz toydan çox fərqlənir. Toyun əsas məqsədi evlənən insanların öz sevincli günlərini dost və yaxınları ilə bölüşmək, əylənmək və insanlara məlum etmək ki, artıq bu insanlar evləniblər. Baxaq görək indiki toylar nə mahiyyət daşıyır və nə üçün keçirilir. Əksər yaxınlardan və qohumlarda toyların bu qədər dəbdəbəli olmasının səbəbini soranda bir iki standart cavab veriblər. "Ömründə bir dəfə olan şeydir", "Valideyinlərin arzusudur", "İndiyə kimi toylara getmişik və yazıldığımız pulları geri almaq üçün edirik" və s. Şərtdir ki, 200-300 nəfərlik 50-60 manatlıq menyusu olan toy edəsən? Keçək ilk öncə say məsələsinə. Reallıqda bir insanın 200-300 yaxını olması inandırıcı deyil. Hər kəs də şahidi olmüş olar ki, illərlə əlaqəsi olmayan bir qohum, və ya bir-iki dəfə salam verdiyin, qonşun, iş yoldaşın və s toya çağrılır. İlk öncə bu sualı vermək lazımdır dəvət etdiyin adam həqiqətənmi iştirak etmək istəyir və senin xoş gününə sevinir, iştirak etmək ona xoşdur, əylənə biləcək və s.? Biz özümüz də dəfələrlə arzu etmədyimiz toylarda iştirak etmək məcburiyyətində qalmamışıqmı? Mənim fikrimcə toyda 50-60 yaxın insanın iştirak etməsi daha məqsədə uygun olardı. 

Digər xoşa gəlməyən hall toyda israfçılığa yol verilməsidir. 50 növdən çox olan, yemək və salatın 4-5 saat ərzində yeyilməsi qeyri mümkündür. Araşdırmalara görə, stola düzülən yeməyin 60-70% yeyilmədən geri qayıdır. Nəticədə çox böyük israfa səbəb olur. 

Üçüncü ən narahat edici məqam çox çeşidli yeməyin və əvvəki toylardan qalan yeməyin təqdim edilməsidir. Qısa zamanda bu qədər fərqli yeməyin yeyilməsi, hansı ki arasında köhnəlmişlər də var, eyni zamanda acgözlüklə yeyilməsi insan səhətinə təsəvvür etdiyimizdən qat-qat çox zərər vurur. 

Dördüncü isə stolun qiymətidir. Artıq restoranlarda qiymət 30-60 AZN arası dəyişir. Hər kəsə məlumdur ki, bir insanın doyması üçün 10-20 manatlıq yemək kifayət edər. Eyni zamanda ayda bir neçə dəfə arzu olunmaz toya dəvət alan ailə bir ayda aldığı maaşın 50% dən çoxunu toylara yazılmaq məcburiyyətində qalmalı olur. Daha bir məqam isə toydakı yüksək səsli və çox keyfiyətsiz olan musiqilərdir. Həmin musiqilər həm insan psixologiyasına mənfi təsir göstərir, həm də musiqi zövqümüzə və mədəniyətimizə zərbə vurur. Toy zamanı xoşa gəlməz hallar tək bunlarla bitmir. Gəlin gətirən maşın karvanı yol hərəkətinə mane olur və adətən qaydanı pozub qəza şəraiti yaradır. Eyni zamanda restoranlar adətən yol qırağında tikildiyindən yoldakı hərəkətə mane olur. Toya gələn qonaqların bir qismi toydan sonra içkili halda maşın idarə edirlər. Bunların əksəriyəti toyda iştirak edənlərə dəyən zərərlər idi. Lakin, ən böyük zərər toy sahibinə dəyir. Bahalı maşında gəlini aparmaqdan tutmuş, görüntü mahiyyəti daşıyan qızıllara kimi. Toylarda başqa bir diqqət yetirilməli məqam isə, adını “şirinlik” qoyaraq addım başı bəydən və qohumlarından alınan pullardır. 

Bütün bu mərhələdə kim qazanc götürür və kimlər bu prosesdə maraqlıdır? Şübhəsizdir ki, ən böyük gəlir götürənlər restoran sahibləridir. Əgər belə olmasa idi, Universitetlərin əksəriyətinin yataqxanası olmadığı halda, son 20 ildə heç bir özəl universitet tikilmədiyi halda yüzlərlə dəbdəbəli restoran tikilməzdir. İkinci ən çox yararlanlar, göbələk kimi artan və heç bir intelektual səviyəsi olmayan ara mügəniləridir. 

İndi isə keçək mümkün olan həll yollarına. Yuxarıda da qeyd etdiyim kimi, toya 50-60 nəfər ən yaxınını dəvət etmək lazımdır, 200-300 nəfər tanıyıb tanımadıqlarını deyil, əgər belə olsa ev yiyəsi hər dəvət etdiyi qonaq üçün 20 AZN ayırıb toyu cəmi 1000 AZN-lə yola verıə bilər. Toyu qapalı məkan və şadlıq saraylarında etməkdənsə daha yaxşı olar ki, açıq səma altında çəmənlikdə və ya dəniz kənarında edək, beləliklə şəhərimizi günü-gündən işğal edən restoranların artmasının qarşısını ala bilərik və hətta onların azalmasına da nail ola bilərik. Yeməklərə gəldikdə isə, israfçılığın qarşısını almaq üçün açıq bufet daha məntiqə uyğundur, kim nə istəsə yeyə biləcəyi qədər götürər, menyunun isə zəngin olması vacib deyil. Unutmayaq ki, toy etməklə biz sevincimizi dostlarımızla bölüşürük, tanımadığımız adamlara kreditlə nələr ala biləcəyimizi deyil!

______________________________________________________

Yazı müəllifin fikirlərini əks etdirir
\