13/06/2015

Narbaş hökümət

Həmid Hüseynov

Mən nə ənənəvi müxalifətçiyəm, nə də ki, pessimist deyiləm. Adama elə gəlir ki, baş verənlər reallıqdan kənar heç nə deyil. Birinci Avropa oyunlarının açılışına baxan, baxmayan, bəyənən, bəyənməyən, tərifləyən və tənqid edənlər, yəqin ki, hər birinizin öz çapınızda NİYƏ sualına qısa və əsaslı, yaxud da xalaxətrin qalması bir cavabınız var. Ola bilər ki, aşağıda bəzi suallarım olsun, amma bu suallar sizə yox, hökümətə olacaq, bizim bu NARBAŞ hökümətə. 




Soruşmaq istədiniz ki, NARBAŞ hökümət nədir? İndi deyərəm. Hələ oyunların atributları seçilərkən barmağımı dişləmişdim. Açığı ceyranı niyə seçdiklərini başa düşməsəm də, heç maraqlanmamışdım. Çünki, nar onu kompensassiya edirdi. Həm də azdan-çoxdan narın bir meyvə olaraq, bizə aidiyyəti var. Bir də nar çox faydalı olmaqla yanaşı, həm də maraqlı bir meyvədir- alma ölçüsündə olur, yuvacıqlara bölünür və 9-12 yuvalar arasında pərdələr olur, rəngi qırmızı və yüzlərlə qırmızı şirə dolu dənələrdən ibarətdir. Tərkibində vitaminlərə, hüceyrələrə, mineral maddələrə və mikroelementlərə: kalsiyuma, maqneziuma, kaliuma, natriuma rast gəlinir. Qeyd etmək istəyirəm ki, 2014-cü ildə tədqiq edilən meyvələrin reytinqində nar birinci yeri tutub. Qısacası narın təkibini və fayadalrını saymaqla bitməz. Elə buna görə də narı atribut seçəndə düşünmüşdüm ki, yəqin, hökümət mesaj verir ki, Avropa Oyunlarının bu ölkənin vətəndaşına, insanına, illərdir yığılıb qalan problemlərinə narın faydaları qədər məlhəmi olacaq, amma bu NARdan BAŞ düzəldib hər tərəfdə bir bədənin üstünə qoyanda və dünən gecə o göydən düşən yekə NARın içindən rəngbərəng qaz doldurulmuş şarlar çıxanda anladım ki, elə bu hökümətin başbilənlərinin başında o göydən düşən narın içindəki kimi şarlara bənzər nələrsə var. Bəlkə də, elə bilirsiniz ki, bu hökümət ağıllıdır, nar kimi bütöv görünüb, içində faydalı dənələri var? Elə hesab edirsiniz ki, onun içində çürük dənələr yoxdur? Yaxud düşünürdünüz ki, o narın içində olan şirəli dənələrdən sizində quruyan dodaqlarınıza yaxacaqlar. Ya da elə bir rəsmi qərar verəcəklər ki, hər bir ailədə sevincdən yanaqlar nar kimi qızaracaq? Təəssüf ki, “şanlı” hökümətimiz son iki ildə ölkədə hər şey bir yana qoyub, bütün resurslarını Avropa Oyunlarının təşkilatçılıq və təbliğatçılığına səfərbər etdi. Bu cür səfərbərliyin nəticəsində min bir bəhanə ilə həbs edilən, əslində isə siyasi baxışı və siyasi fəaliyyətinə görə hələ də həbsxanalarda saxlanılan gənclər və dəyərli insanlarımız, iddia etdiyiniz bu “tarixi gün”ün fonunda daha qabarıq görsəndi. Bu “tarixi gün” hökümət və ölkə üçün həqiqətən də tarixi əhəmiyyət daşıyırdısa, belə bir gündə siyasi məhbusları azad etmək olmazdımı? Sizcə də, İntiqam Əliyevin ailəsinin yanında- öz evində olması, Rəşadətin öz körpəsini qucağına alması, Anar Məmmədlinin, Tofiq Yaqublunun, Xədicə İmayılın, Rəşad Həsənovun, İlkin Rustəmzadinin və digər adlarını çəkmədiyim siyasi məhbusların azad edilməsi bu “tarixi gün”ün sevincini birə beş artırmazdımı? İlqar Məmmədovun doğum gününü öz qızı ilə ailəsinin və dostlarının yanında olması, bu ailəyə daha böyük sevinc gətirməzdimi? Axı onlarda bu ölkənin vətəndaşlarıdı, onların da bu “tarixi gün”də azadlıqda olmaq haqları vardı. Bir anlıq bunu təsəvvür etmək belə adamda sevinc hissi yaradır. Amma hökümət bunu gerçək etmədi və əksinə sevinci yarımçıq saxladı, boğazlarda qoydu. Sonrada topa tutdu ki, ölkəmizin uğuruna niyə sevinmirsiz? İnsafınız olsun. Hansı hökümət nümayəndəsi yuxarıda adlarını çəkdiyim insanların birinin, ya da yaxınlarının yerində olsa, sevinər? Yəqin ki, heç biri. Bəs onda bu insanların ailələri, yaxınları, dostları nəyə və niyə sevinməlidir? Nə üçün qürur duymalıdır?

Narı atribut edib göydən endirməklə deyil eyy, biraz daha real, daha ciddi və faydalı olmaq olardı. Daha içərisindən şar çıxan yox, gerçək şirəli dənələr olan NAR kimi. Demək ki, hökümətimizin başının üstündəki o NAR, biz düşündüyümüz qədər gerçək yox, suni imiş!