27/05/2015

Matəm monopolistləri


Həmid Hüseynov

Yanğın qurbanlarının 7-ci gününə həsr olunur 

Yəqin mənim kimi çoxunuz da elə bilirsiniz ki, Azərbaycanda monpoliyada olan yalnız siyasət və iqtisadiyyatdır. Düşünürsüz ki, təkcə bu adı çəkilən sahələr bəlli çevrələr tərəfindən qapadılıb və sərhədlərinə “tikanlı məftillər” çəkilib. Amma, diqqitlə nəzər saldıqda görərik ki, bu heç də belə deyil. Bizim ölkədə bu iki sahədən başqa idman, incəsənət, ədəbiyyat və hətta matəm də monopoliyadadır. Bəli, bəli düz oxuduz, MATƏM! Düşünə bilərsiz ki, bu necə olur? Matəm necə monpoliyada ola bilər? Matəmi axı kim, necə və niyə monpoliyaya alsın ki? 


Yaxın tarixə göz gəzdirdikdə, aydın olur ki, Azərbaycanda sonuncu dəfə MİLLİ MATƏM Heydər Əliyev vəfat edəndə olub. Belə də olmalı idi, çünki o vəfat edəndə dövlət başçısı idi (de fakto). Yaxşı, gəlin baxaq ondan sonra biz bir daha dövlət səviyyəsində milli matəm qərarı eşitmişikmi? Xeyr. Baxmayaraq ki, bunun dövlət tərəfindin rəsmi elan olunmasına ehtiyac yaradan hadisələr dəfələrlə baş verib. Nə qədər mübahisəli maqam olsa da, məyər 2005-ci ildə ölkənin tanınmış jurnalisti Elmar Hüseynovun, sonrakı illərdə yazıçı Rafiq Tağının, general Rail Rzayevin sifarişli qətlləri matəm deyildimi? Məyər 2008-də Yasamalda yeni tikilən binanın çökməsi nəticəsində olan insan tələfatı, 2009-da yeni tariximizə daha bir qanlı sahifə kimi yazılan ADNA terroru MİLLİ MATƏM deyildimi? Yaxud elə bir həftə bundan qabaq uşaqlı-böyüklü 16 nəfərin yanğından həlak olmaları matəm olmamalıydımı? Məncə, olmalıydı. Amma olmadı, çünki yuxarıda qeyd etdildiyi kimi artıq MATƏM də monpoliyadadı. Düşünməyin ki, mən matəmə meylliyəm, yaxud hər kəsi matəmə çağırıram. Əsla! Sadəcə dövlətin bir günlük olsa belə verəcəyi qərar öz vətəndaşına və insanına olan münasibətin göstəricisi olardı. Amma olmadı!! Əvəzində ilk atılan addım insanları yenə min manatla sakitləşdirmək oldu. VİLLA sözü xüsusi vurğulanmaqla yerləşdirilmə vədləri önə çıxıb, vəziyyəti pərdələdi. Görünən budur ki, matəm bizi bir yerə yığan, birləşdirməyi bacaran tək amillərdən olduğundan bizim “matəm monopolistləri” vəziyyəti başa düşürlər. İnsanlarımız isə rəsmiyyətsiz filansız, bu hüznü təbii, içlərindən gəldiyi kimi və keç kəsin gözləmədiyi qədər böyük yaşadı. 

Normal cəmiyyətlərə baxsaq, görərik ki, vətəndaşına, insanına dəyər verən dövlətlər, bir neçə vətəndaşının ayağı sürüşüb başı daşa dəyərək həyatını itirəndə belə dövlət səviyyəsində milli matəm elan olunur. Örnək istəyənlər, son illərdə baş verən- 2011-ci ilin yayında Norveçdə terrorçu Anders Breyvikin törətdiyi məlum hadisə, 2013-ci ilin aprelində ABŞ-da morofon qaçışı zamanı baş vermiş terror, bu ilin əvvəlində Fransadakı “Charlie Hebdo” basqınından və bir çox təbii fəlakətlərdən sonra müvafiq hökümətlərin rəsmi matəm qərarını yada sala bilərlər. 

Çox guman ki, hər şeyi öz yerinə qaytarmaq çox çətin olacaq . Zamanla acılar keçəcək. Yəqin ki, hökümət yanan binanı ən gözəl görkəmdə təmir edib sakinlərə qaytaracaq. Amma, bundan sonra o körpələri heç kim analarına qaytara bilməyəcək. Heç kim torpağa tapşırılan o insanları, o təmirli mənzillərə qaytarmaq gücündə olmayacaq. 

Hələki, monopliyada olmayan elə bizlərik, sizlərsiniz, yani bu ölkənin vətandaşıdı. Amma mənim bundan da narahatçılığım var. Gedişatdan gözüm su içmir. Çünki lazım gələrsə, vətəndaşı da monpoliyaya alacaqlar. Ola bilər, artıq “lazımı” da monpoliyaya alıblar. Almayıblarsa belə, lazım gələrsə LAZIMın özü də monpoliyaya alınar. Hərçənd ki, bu ölkədə LAZIM belə öz iradəsində deyil, istəyəndə gəlsin, istəyəndə getsin. Hətta, LAZIMı da “matəm monopolistləri” gətirib aparırlar. Bundan heç şübhəniz olmasın!