21/05/2015

Qoca Tanrı (bu, peşakar yazısı deyil)

Həmid Hüseynov

Bu qədər yazıya, bu qədər danışığa, bu qədər günahlandırma və ittihamlara sərf edilən enerji və vaxt kaş o yanğının qarşısının alınmasına, ya da baş verməməsi üçün edilsəydi!!!

Məlum yanğın hadisəsinə görə cəzalandırmaq üçün hamı təqsirkar axtarır, günahkarın tapılmadığını görən cəmiyyətimiz isə sosial şəbəkədə qütbləşib bir-birini söyməklə içindəki başqa bir yanğını söndürməklə “rahatlıq” tapır. Başqa bir qrup isə yanğında həyatını itirənləri “qismət”ə və “alın yazısı”na həvalə edib quran kitabnın yanmamaq möcüzəsindən danışırlar. Digərləri isə baş verən hadisənin, mövcud hakimiyyətin siyasətinin, icra orqanlarının və konkret səlahiyyət sahibi olan şəxslərin ucbatından baş verdiyini iddia edirlər. Başqa sözlə bu işin gedişatına aidiyyəti olan məmurları təqsirkar bilirlər. 
(son məlumatlara görə hadisə ilə bağlı 4 nəfər şəxs həbs olunub)

Həyatları sona çatan insanlardan sonra, günahkar axtarmağa sərf etdiyimiz bu qədər səyi yanğının baş verməməsi üçün sərf edə bilməzmiydik ? Sizcə, təqsirkar axtarmaq əvəzinə təqsirkara çevrilməni durdurmaq məntiqli deyilmi? Təəssüflər olsun ki, bütün hallarda itirdiklərimizi geri qaytarmaq mümkün olmayacaq. Amma vacib olan bir şey var, o da itirməmək üçün nəticə çıxarmaq, dərs götürmək idi. Sən demə bu hadisəyə qədər tezalışan üzlükləri 4 dəfə yanğına səbəb olub, amma heç kim bunun qarışısını almağa çalışmayıb. Təbii ki olanlardan nəticə çıxarılmayıb. Gərək 16 mərtəbəli binada 16 insan yanaraq həyatını itirməliydi ki, ondan sonra dövlət qurumları əl-ayağa düşsün. Adım kimi əmin olduğum bir şey var: biz olanlardan dərs almağı ya istəmirik, ya da bacarmırıq. Vətandaşımız isə hələ də rəhmətlik Məmməd Arazın dediyi kimi “məndən ötdü”yə əl qaldırıb, sevinir. 

Məndən ötdü! Məndən ötdü! Sevincə bax!..
Bunu yazan xilqətə bax! Məndən ötdü!
Qulağımdan getmir bu səs, Zərbələri Qardaşına, Sirdaşına ötürən kəs
Elə bil ki, bax bu gecə....
Qulağımın dibindəcə vətəndaşın süqutuna qəhqəh çəkdi
Sonra, sonra yenə səhərəcən başına yüz qədəh çəkdi.

Bəs, əslində kimdir müqəssir ?! 

Ucuz, tezalışan üzlüklə binanı bəzəməyə qərar verən orqanlarmı ?

Vətəndaşın fikrini nəzərə almadan bu işi icra edənlərmi?

Buna etriaz etməyən gücsüz vətəndaşlarmı?

Bu üzlüyün istehsalının xeyir-duasını verən prezidentmi?

Xalqının içi və çölü od tutub yanması bahasına özlərinə biznesmen deyənlərmi ?

İşinin öhdəsindən layiqincə gələ bilməyən FHN-mi ? 

Heç kim yaxasını kənara çəkməsin, hamı günahkardır!

Bizdən fərli olaraq, inkişaf etmiş qərb ölkələrində insanlar üçün tanrılıq funksiyasını dövlət yerinə yetirir. Bu cür baş verən hər bir hadisəyə görə cavabdeh şəxslər (“A” katqeqotiyalı dövlət məmurları) önə çıxır və məsuliyyətlərini dərk edərək buraxdıqları səhvə görə öz xalqından üzr istəyir, tutduğu vəzifədən istefa verir. Bu cür hallarda biz tanrıya sığınır, yaxud məsuliyyətdən yaxa qurtarmağın asan yolu olaraq, hər şeyi onun ayağına yazırıq.

Birdən görürsən ki, hamı qismətdən, alın yazısından dəm vurur. Nədir axı bu qismət, nədir axı bu alın yazısı ki, böyük bir yanğında ancaq 3-5 yaşlı uşağı hədəf alır? Nədir axı bu alın yazısı yol qəzalarında 28 yaşlı Fuad Abdurrəhmanlı kimi gəncin həyatına son qoyur? Bu necə qismətdi ki, xəstəlik olub 26 yaşında Nərgizə gənim kəsildi. Bu nə alın yazısıdır ki, bir gədənin əlində bıçaq olub 11-ci sinif şagirdi Aytac Babayevanın ürəyinə saplandı? Bunlar necə qismətlərdi ki, körpələrə və gənclərin qanına susayır ancaq? 

“Ağıllı”nın biri o gün yazmışdı ki: Allah o uşaqları yandırdı ki, sən baxıb ibrət alasan. Sən fikrə bax eyy!!! Mənə ibrət olsun deyə, uşaqları yandırmalı olan Allah ona sitayiş etməyimizi istəyirsə, mən də onu Tanrılıqdan istefa verməyə çağırıram. Doğrudan da, Tanrı başqalarına ibrət olsun deyə, uşaqları yandırırsa, o zaman onun ədalətinə şübhə etmək mənim ən böyük insanlıq haqqımdır.

Hələ bu “qismətdən qaçmaq olmaz” kimi bir düşük məsəlimiz var. Bəs bu qismət 80 yaşında başı üzərində durmayan, öz vətandaşına, öz xalqlarına qənim kəsilən qoca nazirlərə və diktatorlara niyə yaxın düşə bilmir? Hələ birdən, deyirlər eyy, ”alnına cavan getmək yazılıbmış”, yaxud “alın yazısı belə idi”. Ay sizə qurban olum, bəs bu qocalmış nazirlərin niyə birinin alınına yazılmayıb ki, gecə yatsın səhər durmasın? Ya niyə birinin də alnına ədalətsiz bir qərar imzalayanda barmağının qırılması yazılmayıb? Niyə axı bu “alın yazısı” adlı ölüm 100 minlərlə qadın və uşağı canından edən Bəşər Əsədin həndəvərinə gələ bilmir? Nəyə görə bu “qismət” ip olub İran mollalarının boğazına da keçmir? Yoxsa tanrı qocalmış dövlət məmurlarını belə çox sevir? Bəlkə, elə TANRI ÖZÜ QOCALIB!?