21/05/2015

Yanğının baş verməsinin əsl səbəbi yaxud “O ağ şey nədirsə, hamımızın axırına çıxacaq!”

Kənan Məmmədli

Hər kəsi salamlayır və çox vaxt itkisinə yol vermədən birbaşa mətləbə keçid alıram. Bu faciə yanğından daha böyük və ağrılı bir özül, kök üzərində cücərirdi.




- Yanğının baş verməsinin əsl səbəbi

- Versiyalar və səbəb axtarışı

- Reaksiyalar və susmalılar

- Bizi istəməyən varsa, ona fürsət

- Önləm və enerji itkisi, keçmişə dönüş



O binanın yanmasına, o faciənin baş verməsinə nə preslənmiş penoplast örtük, nə yanğın, nə terror, nə odla ehtiyyatsız davranma, nə yardımın gecikməsi səbəb olmadı. Bu faciənin və baş vermə ehtimal çox yüksək olan neçə-neçə faciələrin əsas səbəbkarı məsuliyyətsizlik və biganəlikdir. Daha öncə “Biganəliyimiz” sərlövhəli bir yazımda yarızarafat, yarıgerçək hər şeyin günahkarı kimi biganəliyimizi qeyd etmişdim. Lap tutaq ki, o örtüklərin sifarişini verən də, o zavodu quran da, arada alver edərək neçə-neçə həyatları zəhərə döndərməklə pul qazananlar da hamısı bizə düşməndir, hamısı canidir, hamısı cəzalandırılacaq və s. Bəs o örtüklərin istehsal olunduğu zavodda neçə-neçə fəhlə, mühəndis və digər texniki heyət də çalışırdı axı. Axı o örtüklərin binalara yapşdırılmasında, binaların işıqlandırılmasında neçə-neçə fəhlə, usta, əlinin zəhməti ilə bir tikə çörəyə görə bu cür təhlükəli (dünyanın hər yerində hündürmərtəbəli binaların fasadlarında və açıq sahələrində işləmək təhlükəli peşələrdən sayılır) işlə məşğul olan insanlar var idi. Onlar bu örtüklərin tikinti materialı olmadığını (dekorasiya üçün fərqli formada istifadə oluna bilər amma faktiki istifadə olunduğu istiqamət materialın heç bir parametrinə uyğun deyildi və bunu da hamı bilirdi), örtüklərin yaşayış binalarına vurulmasının, hələ bir də üstəlik stadion işıqlandırırmış kimi işıqlandırılmasının hansı fəsadlara yol aça biləcəyini heçmi bilmirdilər?! Onların özləri villalarda, saraylardamı qalırdılar və aralarında bir nəfər belə olsun bu örtüklərin çəkildiyi binalarda yaşamırmı?! Lap tutaq ki, onların binasında bu örtüklərdən istifadə olunmayıb, bəs yaxınları, əzizləri, qohumları, dostları?... Lap tutaq ki, o materialların hazırlanmasında iştirak edənlər örtüyün hansı fəsadlara yol aça biləcəyini, top barıtı kimi saniyədə alovlanıb binaları külə döndərəcəyini bilmirdilər. Xoşbəxtlikdən tələfatsız və qismən faciəsiz ötüşən (kiminsə son ümidi və qorxusuz, rahat yuxusu o yanğında yandı, faciə yaşadı) ilk yanğından sonradamı ağıllarına heç nə gəlmədi?! Əlbət ki, hər şeyi gözəl bilirdilər. Bilmirdilərsə də ilk yanğın elə hamımıza hər şeyi öyrətdi. Bəs biz niyə sakit durduq, örtüklərin kütləvi tələfata səbəb olmağına niyə imkan tanıdıq?! Bütün suallarımın çox sadə və aydın izahlı bir cavabı var. Biz çox biganə və məsuliyyətsizik! Ona görə bu faciə baş verdi, ona görə körpələrimiz yanıb kül oldu, ona görə anaların fəryadı göylərə qalxdı, ona görə atalar vaxtsız ürəkağrısı tapdı, ona görə yaxınlarımızı, əzizlərimizi, dünənimizi, bugünümüzü və sabahımızı itirdik. Biz məsuliyyətsiz və biganəyik. Biz deyəsən heç normal insan da deyilik. Yalandan 3-5 gün ağlayıb bunu da unudacağıq. İnanın ki, unudacağıq!

Yanğından sonrakı versiyalara baxaq. Əvvəlcə onu deyim ki, mənə görə Hacıbala Abutalıbov indiki halda ümumiyyətlə ciddiyə alınacaq biri deyil. Hacıbala müəllimin (əsl sahəsi və ixtisası fizika-riyaziyyat müəllimi, bir sözlə elm adamıdır) özü də öz hərəkətləri, çıxışları, davranışları, işləri və ümumiyyətlə bütün varlığı ilə bunu sübut edib. Bunu bir kənara qoyaq. Yanğının başvermə səbəblərini axtarmağa, ilk qığılcımın necə və nədən törəndiyini dəqiqləşdirməyə lüzum varmı Sizce?! Lap Sabval, Daşnaksütyun, Qaraqüvvələr əlbir olaraq yandırıb binanı, AzTv-nin hücumçu-müdafiəçi-məşqçisi olan İbrahim Məmmədovun "sevimli"si Con Kerri kibrit, Almaniya isə yanacaq verib. Lap bina sakinləri odla ehtiyyatsız davranıblar, lap tutaq ki qısaqapanma olub, ustaların səhvi var imiş, lap elə kimsə zibilliyə od vurub külünü havaya sovururmuş. Bütün bunların, 16 mərtəbəli bir binanın 3-5 dəqiqədə tamamilə yanıb kül olmasına, bu qədər faciəyə səəbəb olmasına nə dəxli var axı?! Özünüzü gic yerinəmi qoymusuz eziz həmvətənlərim, həmdərdlərim?! Biganə və məsuliyyətsizliyimiz öz yerində amma bütün bunların üstünə bir də gic olmaq bir az da ağır gəlir axı.

Mətanətkimilər dəstəsinə aid olanlar da faciədən sonra özlərini çox gözlətmədilər. Çürümüş beyinlərinin üfünətli qusuntusunu yenə də xaric etdilər. Heç olmasa dilinizi soxun və danışmayın. İnsanları qıcıqlandırıb onsuz da əsəbi və partlamağa hazır olan kəsimi ayağa qaldırıb aranı qarışdırmayın, xaosa yol açmayın. Elələrini də bir yerə yığaraq ən son model kamera ilə kino lentinə çəkə-çəkə əlini-qolunu bağlayıb penoplastdan hazırlanmış otağa atasan, sonra otağa od vurasan. Bir az qışqırtılarını dinləyib sonra otağı ancaq və ancaq tısbağaları odun üstünə çiş tutmaqla söndürəsən. Bir az keçə yenə eyni ssenarini təkrar-təkrar davam edəsən.

Güclü ordumuz var, bu öz yerində. Düşmən orduya heç bir xərcsiz, xüsusi əməliyyatsız, hazırlıqsız, əziyyət və xərcsiz şəhərin külünü havaya sovurmaq üçün bir şans yaratdığımızın fərqindəsinizmi?! Hər şey bu qədər asandırsa, binalar bir cırtdan kül olursa, 4-cə dənə “zajiqalka”lı gədə Bakını əsl odlu cəhənnəmə çevirə bilər ki. Budamı özünə vətənpərvər deyib sinəsinə döyənlərin ağlına gəlmədi?

İndi də deyilənə görə binalar qruplaşdırılaraq yanında postlar qurulacaq, keşik çəkiləcək, təhlükəsizlik və yanğındanmüdafiə mərkəzləri yaradılacaq. Bəxtsizliyə, taleyə bax ki, o cür gözəl körpü tik, hər canından bezən özünü atmasın deyə post qur, xərc çəkib gözəl görüntü üçün bina üzlət və onun da yanmaması üçün eyni şey. Dünyanın inkişaf etmiş ölkələri kiber hücumlar və kiber müdafiə, kosmik fəzada aparılan axtarış, tədqiqat və kəşflərlə, elmi texniki tərəqqini müxtəlif sahələrə tətbiq etməklə məşğul olarkən bizim düşdüyümüz faciəvi duruma baxın bir. Daş düvrünəmi dönürük?! Qəbilə başçıları odu qorumaq üçün keşikçilər təyin edərdi, bəs indi bu nə?! Yenə əl əməyi, yenə iynə, yenə gor! 

Hər kəsi, hər bir soydaşımızı, ağzıgöyçəklərdən, özlərini gic yerinə qoyanlardan, Mətanətkimilərdən tutmuş, faciənin baş verməsində əsas və digər səbəbkarları (hamınız kimi mənim özüm də bu faciənin yaşanmasında digər səbəbkarlara aidəm) məsuliyyətsiz və biganə olmaqdan çəkinməyə cağırıram. Yaşadığımız bu faciə gostərdi ki, bu od, bu atəş tək düşdüyü yeri yandırmır, necə indi hamımızın ürəyi yanırsa, bu bəla hərlənib-fırlanıb hamımızı kül edərək yandıra bilər. Bu bəla hamımızın axırına çıxa bilər.

Sonda yanğının söndürülməsində, faciə qurbanlarına kömək edilməsində, faciənin fəsadlarının aradan qaldırılmasında əməyi keçən hər kəsə təşəkkürümü bildirir, əsl insanlıq nümunəsi olanların qarşısında baş əyirəm. Faciədə həlak olan soydaşlarımızın nur içində yatmalarını diləyir, yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Bu acını hamımız hiss etdik, hamımız yaşadıq.