23/04/2015

Eqoist sistemin faciəvi nəticələri

Zaur Əkbər

Bu yazını Nərgiz Yaqublunun əziz xatirəsinə həsr edirəm...


Yazını oxuyan kimsə yazının başlığını görüb “bunun sitemlə nə əlaqəsi var?” söyləməsi tam haqqıdır. Ancaq yazını səbr edib diqqətlə sona qədər oxuyan hər kəs nə üçün bu başlıqdan istifadə edildiyinin fərqində olacaq. Bu gün hamımız səhəri çox acı bir xəbərlə qarşıladıq. Azadlıq istəyi olan və onun uğrunda mübarizə aparan hər kəsin sevimlisi, gözəl, cəsur və mübariz xanım örnəyi, Qarabağ Qazisi, ictimai-siyasi mübarizə adamı, siyasi məhbus Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu vaxtsız olaraq dünyasını dəyişdi. Hər zaman bu xanımı gülərüz və pozitiv görməyə alışmışdıq. 

Olduqca səmimi və mehriban insan təsiri bağışlayan bu incə xanım hər zaman siyasi proseslərin mərkəzində idi. Heç bir ailə mərhumiyyətlərinə baxmayaraq çoxlarının qorxu altında yaşadığı, “hər şeydən xəbərim var, ancaq mən susmağa üstün verirəm” deməyib Azərbaycanın azadlığı və demokratiyası uğrunda yorulmadan aktiv mübarizə aparırdı. Ancaq həyat çox acımasız oldu, öz qərarı ilə onu vaxtsız öz dərgahına qovuşdurdu. 

Yaqublular ailəsi illərdir ki, sanki it nəfəsinə tuş gəlib. Gözəl ailə başçısı həm də Qarabağ Qazisi olan Tofiq Yaqublu saxta və qondarma ittihamlarla şərlənərək həbs olunur. Bir az keçmiş qızı Nigar Yaqublunun ağır avtobil qəzasına uğradığını həbsxanadan eşidir, sonra qızına cinayət işi açılır, həbs olunur, bu bəd xəbərə atanın ürəyi parçalanır, bir müddət keçdikdən sonra Nigar zaminə buraxılır. Tofiq bəyin məhkəməsi başlayır. Ailəsi və yaxınları məhkəmədə iştirak etmək üçün tez-tez Şəkiyə getməli olurlar, bir sözlə yollarda qalırlar. Məhkəmələrin birindən qayıdarkən, çox vaxt dumana qərq olan Bakı-İsmayıllı yolunda baş verən avto qəzada yoldaşı Maya xanımla bərabər maşında olan bir neçə nəfər ağır xəsarət alır. Qəzada xəsarət alanları xəstəxanaya çatdırırlar. Həkimlər Maya xanımın boynunda ağır əməliyyat olunmasının vacib olduğunu bildirirlər və Maya xanım bu ağır əməliyyatdan sonra normal həyata qayıdır. Bu hadisənin üstündən bir az vaxt keçir və Nərgiz ailə həyatı qurur... və ailə qurandan 1 ildən az müddət sonra eşidirik ki, Nərgizin səhhətində qəfil çox ciddi problemlər yaranır. Bir həftədən çox Nərgiz komada qalır. Bu gün isə həyat Nərgizə daha möhlət verməkdən yan keçir, onu əbədi dünyaya qovuşdurur. Diqqət etsək, görərik ki, bütün bu baş verən faciələr ailə başçısı Tofiq Yaqublunun həbsdə olduğu müddətdə baş verir. Ata ailəsində bu qədər baş verən silsilə faciələri sadəcə həbsxanadan ürək ağrısı ilə izləməklə içində çəkir. Belə hallarda dəfələrlə hakimiyyətin müvafiq qurumlarına onun azadlığa buraxılması üçün müraciət olunsa da bunu heç vecinə də alan olmayıb. Bəli, Qarabağ döyüşlərinin aktiv iştirakçısı, azadlıq aşiqi olduğuna görə məhz hakimiyyətin yüksək təbəqələrində təmsil olunanlar onun haqqını tanımayıblar. Hələ Nərgiz komada qaldığı günlərdə ən azından ataya icazə vermək olardı ki, gedib bir neçə gün komada olan qızının başı üzərində dayansın, qızının əllərini sıxsın, alnından öpsün, içini boşaltsın. Bəlkə bununla Nərgiz atasının nəfəsi sayəsində bir az ömrü uzanardı... Lakin buna icazə vermədi sistem!!! Yalnız qızının ölüm xəbərindən sonra 7 gün azadlığa çıxıb qızının hüzn mərasimində iştiraka razılıq verdi, cəmi 7 gün!!! 

Gərək Nərgiz öləydi ondan sonra Tofiq bəyi 7 günlük ailəsinə qovuşdurardınız? Siz bu qədər qəddar və öz maraqlarınız naminə hər şeyi qurban verə biləcək qədər cılız və görməmiş hakimiyyətsiz, həm də çox qəddarsınız! İnsanları ailələri və övladları ilə hər zaman sınağa çəkirsən. Bunu heç düşmən düşmənə rəva görmür, ancaq sən öz vətəndaşlarına uff demədən bunu rəva görürsən!

Nərgizin birdən-birə belə ağır xəstəliyə düçar olması əlbəttə ki, ailənin başına gələn yüz oyundan sonra gələ bilərdi. Bütün günü atasının tezliklə azadlığa çıxacağı həyəcanı və ailənin stressləri ilə qorxa-qorxa yaşayan insan necə xəstəlik tapmasın?? Ancaq onun ölümü illərdir sistemin ailəyə olan amansız basqılarından yığıldı-yığıldı sonda faciə yaratdı. Sonda baharında gözəl çağında Nərgizi itirdik... İtən onun cismi oldu. Həyatda var olan və yaşayacaq isə Nərgizin cəsuluğu, mübarizliyi və sınmaz əqidəsi olacaq. Tarix biz bilmədən də yazılır. Nərgiz, sən hər zaman beyinlərdə və cəmiyyətdə iftixar hissi ilə anılacaqsan. Əmin ol ki, ailənə və sənə zülm edənlər tarix və ədalət qarşısında cavab verməli olacaqlar. Ruhun şad olsun!!!