07/04/2015

Bu şəxsiyyətlər vəsiqə deyib ağlamasın!

Kənan Məmmədli

Hər kəsi salamlayır və çox vaxt itkisinə yol vermədən birbaşa mətləbə keçid alıram. Mətləbi bir qədər gec açsam da... Əvvəlcə onu qeyd edim ki, martın 22-də günorta saatlarında 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Qriqoryan öz hərbi hissəsini tərk edib ağ bayraq qaldıraraq könüllü surətdə Azərbaycan tərəfinə təslim olub. Həə... Bir də yadımnan çıxmamış onu bldirim ki, bu yazıda tarix dərsi deməyə, illərlə qalaqlanıb qalmış siyasi maklatura vərəqləməyə nə həvəsim, nə də ehtiyacım yoxdur. Qayıdaq mövzuya! Ermənistan ordusunda fərari olan həmin bu Andraniklə bağlı gündəm yarandı və qızışdı (ya qızışdırıldı), ardınca öz ironiyası ilə zəif də olsa, gündəmi yeniləyən amma çox adamın fikir vermədiyi daha bir hadisə də oldu amma bu haqda bir qədər sonra.





Deməli bir qrup həmdərdimiz baş sındırıb fikirləşdilər ki, Qarabağ ermənilərinə erməni əsilli Azərbaycan vətəndaşımı desinlər, tutulanları əfvmi etsinlər, ümumiyyətlə necə rəftar etsinlər, hansı yolu tutsunlar, onların loyallığını necə qazansınlar. Əslində çox sadə! Bunun sadəcə və sadəcə bir yolu var. Hazırda Azərbaycan Respublikasının yurisdiksiyasında olan bütün vətəndaşların və ümumiyyətlə bütün həmvətənlərimizin, soydaşlarımızın ölkəmizlə bağlı olan maddi, mənəvi, hüquqi, iqtisadi və s. təminatlarının və tələblərinin çoxluğun tələbinə kifayət edəcək səviyyədə ödənməsi! Söz yox ki, bu tələblərin 100 faiz ödənməsi halında da ölkəyə, dövlətə və hökumətə loyal olmayacaq insanlar yenə tapılacaq. Bu tələblərin ən üst, ən yüksək səviyyədə yerinə yetirildiyi, təmin olunduğu İsveçrə, Hollandiya, Danimarka, İsveç, Norveç, Kanada kimi ölkələrdə belə hökumətə əks mövqe tutan, ölkəni və quruluşu sevməyən qatı anarxistlərə, hətta insanlarını özlərini belə lənətləyən qruplara rast gəlmək mümkündür.


Ümumiyyətlə, mövzu Qarabağ erməniləri olduqda zatən münaqişədən öncə də onlara Qarabağda yaşamaq hüququ tanınıb. Lakin, onlar hər zaman haqq etdiklərindən (əslində tarixi vərəqləsək, yanlışları və məkr siyasətini çıxsaq, hər hansı ciddi haqqları da yoxdur, amma olan artıq olub), təklif olunandan və verilə biləcəkdən daha artığında gözləri olub və istədiklərini əldə etmək üçün çox zaman ağıllı və siyasətçil davranıblar. Sadəcə hazırki dönəmdə Qarabağ ermənilərini separatçılığı "dəstəkləyən" və "dəstəkləməyən" kimi qruplara bölmək daha uyğun olardı, fikrimcə. Xalq diplomatiyasının effektivliyinə və ciddi nəticələr verə biləcəyinə inanmasam da, millət olaraq ermənilərin hamısına nifrət etməyin, kin-küdurətin milli zəmində dəstəklənməyi və təşviqinin ən böyük yanlış olduğunu düşünürəm. Ümumiyyətlə nifrət, kin kimi hisslər zəiflik əlamətidir və əksər hallarda məğlubiyyəti, məyusluğu qaçınılmaz edən hisslərin başında gəlir.

Qriqoryan Andranikə də, elə bütün Qarabağ ermənilərinə də, gəlin, şəxsiyyət vəsiqəsi verək. Bir “milliyyəti” bölməsi olsun, o yerdə də ARM yazılsın. Bunu mən demirəm. Müzakirələrdə səslənən fikirlərdən belə başa düşülür. Pis fikir deyil. Ümumiyyətlə bu fikirdirmi?! 

Bəli bəli! Mən də bilirəm. Bəziləriniz kimi zaman-zaman unutsam da bilirəm ki, Azərbaycanın suverenliyinə və ümumiyyətlə var olmasına, bu coğrafiyada bizlərin yaşamasına bütün ermənilər, Qarabağ erməniləri qarşı çıxmışdılar və bu da o deməkdir ki, milliyyətçiliyin və separatizmin dövlət səviyyəsində dəstəkləndiyi erməni toplumunda Qarabağ erməniləri də Azərbaycan vətəndaşlığından imtina etməyi adi hal kimi qəbul etmişdilər. Çox cüzi bir kəsimdə bəlkə də bu qərara qarşı narazılıq və narahatlıq vardısa da, bu hisslər sadəcə daxildə boğuldu. Həm yaddan çıxarmaq lazım deyil ki, 1988-ci ildə Ermənistan dövləti tərəfindən aparılan etnik təmizləmə nəticəsində öz doğma ata-baba yurdlarından 250 minə yaxın azərbaycanlı didərgin salınmışdır. Bəs onların statusu necə?! Tarixən bizim ərazilər olmağına baxmayaraq, tarixi və bağışlanmaz səhvlərimizin nəticəsində hazırda Ermənistan ərazisi hesab olunan ərazilərdə həmin azərbaycanlıların da yurdlarına qayıtması və statuslarının hüquqi müstəvidə müəyyən olunması mövzusu müvafiq səviyyədə qalxsa, müzakirə olunsa, pis olmaz. Qarabağ ermənilərinə şəxsiyyət vəsiqəsi verilsin. Mən razı, amma ondan öncə hüquqları tapdanıb qaçqın və köçkün düşmüş soydaşlarımıza şəxsiyyətə yaradılması labüd olan şərait yaradılmasına, haqqlarının bərpa olunmasına ən azından cəhd edilsin, çalışılsın, əmək sərf edilsin! 

Digər tərəfdən, söz yox, heç kim təminat verə bilməz ki, Andranik Ermənistana qayıdanda da ölkəmizdə ona göstərilən diqqət və qayğıdan, nəvazişdən olduğu kimi danışmaq əvəzinə, ölkəmizi və azərbaycanlıları yıxıb sürüməyəcək. Daha öncələr də könüllü olaraq sərhəddi adlayıb, "Sizə pənah gətirmişəm" niyyəti ilə təslim olanları da, onların Ermənistana qayıtdıqdan sonra sərgilədikləri mövqeyi də xatırlamaq lazımdır.

Andranik heç də azərbaycanlılar və onlara qarşı ölkəsinin buraxdığı səhvlərdən təsirlənərək ağ bayraq qaldırıb bu tərəfə keçməyib. Onun yeganə məqsədi ölkəsində və hərbidə onu bezdirən və ehtiyac içində incidən rejimi cəzalandırmaq, daha doğrusu qaçıb canını qurtarmaq olub. Yəni şəxsi maraq. Daha dəqiq desək, ona imkan-şərait yaradılsa, yaxşı baxılsa bəlkə də hər birimizi güllədən keçirəcək potensial terrorçulardan biridir. Sözümün canı odur ki, biz heç vaxt bir orta mövqe tuta bilmirik. Ya söyüb, "erməni dığası ölməlidir, körpələrinin belə başı kəsilməlidir" deyib vəhşiliklə öz aləmimizdə guya vətənpərvərlik edirik, ya da bağrımıza basıb qardaş deyir, sonra da təpəmizə kül qoyulanda özümüzü heyfsləndiririk.

Mən bilirəm ki, bunların hamısı siyasətdir, qarabağ ermənilərinin loyallığını qazanmaq məsələləridir və s. Elə rusun siyasət hoqqaları kimi. Səslənən bu fikirlərin əsas hissəsi həqiqi düşünülən yox, sadəcə siyasətdir, vasitədir, hədəfi vurmaq üçün alətdir. Qarabağ Azərbaycanın tərkinində muxtariyyət əldə edər, elə ordakı erməni sakinləri də bizimlə birgə heç bir təhlükə olmadan yaşaya bilər. Qarabağda ermənilər referendum keçirib və Azərbaycana aid olmaqdan imtina ediblər. Hələ 1987-ci ildən imza toplama, vərəqələrin paylanması işinə intensiv başlayıblar (əslində bunlar uzun illik bir planın, yəni 1804-cü ildən də əvvəlki oyunların tərkib hissəsi idi. Lazerev (Lazaryan) elə-belə yerə Paskeviçlə erməniləri İrandan köçürməyib. Rusun siyasəti eyni kökdən olan türkləri bölmək, parçalamaq idi. Sadəcə, Türkiyənin içində olan ermənilərə bu dəstəyi verə, orda onları bərkidə və gələcək torpaq iddialarına zəmin yarada bilmədi. Söz yox ki, ermənilər də bu işdə ən maraqlı və canfəşanlıq edən tərəf idi.) və 1989-cu ildə aparılan işlərin nəticəsi olaraq, SSRİ konstitusiyasına, beynəlxalq hüquq normalarına zidd olaraq DQMV Azərbaycan tabeçiliyindən çıxarılaraq Xüsusi İdarəetmə Komitəsi (XİT) adlı, birbaşa Federasiya Mərkəzinə tabe qurumun nəzarətinə verildi. Dağlıq Qarabağdan azərbaycanlıların təmizlənməsi başa çatdırıldı. BMT o ərazini Azərbaycan ərazisi kimi tanıyır. Nə olsun?! Sadə Azərbaycan vətəndaşının bu mövzuya reaksiyası  “nə olsun tanıyır?!” - kimi olmalıdır. 



Bir də əvvəldə qeyd etdiyim həmin ironiya! Eyni ərəfədə ölkəmizi dəfələrlə beynəlxalq idman arenalarında təmsil etmiş, Azərbaycan bayrağını ucaltmış Bəxtiyar Abbasovun Ermənistan himninə qarşı hörmətsizlik və təhqir etməsi xəbəri yayıldı. Bəziləri Bəxtiyarı günahlandırdılar ki, bu hərəkəti ilə O, erməni idmançıların da eyni hörmətsizliyi bizim bayrağa qarşı etməsinə şərait yaratdı. Bəxtiyarın həmin an nə hisslər duyduğunu, hansı psixoloji durumda olduğunu, necə sarsıntı keçirdiyini və nələr çəkdiyini təsəvvür belə etməyənlərin diqqətinə məsələ ilə bağlı Bəxtiyar Abbasovun öz müsahibəsindən kiçik bir hissəni çatdırım: Mən Xocavənd rayonundanam, qarabağlıyam! Bir də onu əlavə edim ki, Bəxtiyar, Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. Qaradağlı faciəsi haqqında heç nə bilməyən həmdərdlərim bu faciə haqqında çox az da olsa nəsə öyrənməyə cəhd etsinlər. Məlum “hörmətinə” görə Andranikə şəxsiyyət vəsiqəsi vermək istəyənlər, məlum “hörmətsizliyinə” görə Bəxtiyarın şəxsiyyətinə nə verəcəklər?! 



Əslində ironiyalar deməli idim, belə baxıram ki. Çünki bu gün yayılan daha bir xəbər müzakirə mövzusunun davamı olaraq sifətimizə sillə kimi dəydi. Deməli, Bakının düz göbəyində bir Montinburq adlanan restoran var imiş. Bu iaşə obyektinin hər guşəsini elə həmin o “vətəndaşlığa namizəd”imizlə eyniadlı, amma öz xalqı və ağaları qarşısında götürdüyü öhdəlikləri, müqəddəs borcu artıqlaması ilə yerinə yetirmiş birinin şəkilləri bəzəyirmiş. Montinin şəklidir deyib, Andrnikin şəklinin o kafeyə soxuşdurulması heç uşaq-muşaq işinə, təsadüfə oxşamır. Ümumiyyətlə bu cür məsələlərə ciddi nəzarət edilməlidir deyə düşünürəm. Yoxsa nə bilmək olar, bu gün Andranikin şəkli çıxan Bakıdan sabah Andranikin və Nejdənin quldur dəstəsi də çıxar, ordusu da. Bu öz yerində! Amma bu Andranik sevgisi elə bil dayanmadan bizə nəsə deyir, izah etməyə çalışır. Biz isə durub Bəxtiyar Abbasovu niyə erməni bayrağına sayğısızlıq edirsən kimi itdihamlarla günahlandırırıq?! Əslində elə o quru bayraq fetişizminin də psevdopatriotizmdən o yana bir şey olmadığını düşünürəm. Yəni, biz elə özümüz-özümüzü çox da prinsipial olmayan bu cür məsələlərlə nə vaxta kimi tələyə salmağa davam edəcəyik?! Həmdərdlərim olan şəxsiyyətlər çoxdur. Bu şəxsiyyətlər vəsiqə deyib ağlamasın! İstənilən halda onsuz da ermənilərlə eyni regionu, eyni coğrafiyanı bölüşməyə məhkumuq. Onların da içərisində kifayət qədər gözəl insanlar olması mümkün bir haldır. Ən azından bu yöndə düşünməyi saxta kin-küdurət püskürməkdən, söyüşlər yağdırmaqdan üstün tuturam. 



Hər kəsə uğurlar… 




(Ardı, yəqin ki, olacaq)