28/02/2015

Nemtsov “öldü”...

Zaur Əkbər

Nəhayət Putin öz istəyinə çatdı. Rusiyada fəallığına və cəsurluğuna görə seçilən, üzdə olan azsaylı müxalifət liderlərindən biri Boris Nemtsov dünən gecə saatlarında Kremlin göbəyində qətlə yetirildi. Vaxtilə Rusiya hökümətində baş nazirin birinci vəzifəsini tutan bu şəxs hakimiyyətdə olduğu dövrdə belə azsaylı vicdanla işləyən məmurlardan biri olmuşdur. Bunu o vaxtkı dövrdə Nemtsovla birgə hökumətdə işləmiş məmurların bir çoxu da etiraf edir. 

Son illərdə Rusiya cəmiyyətində yenilikçi və islahatçı bir obraz kimi qəbul olunan bu şəxs qısa bir zamanda Rusiyada hər zaman inkişaf etmiş nasizmin önündə sipər olacağını az qala bütün dünyaya inandıra bildi. Təşkil etdiyi bütün aksiyalarda iştirakçıların sayı az da olsa belə ürəklə Putin rejiminin həddindən artıq əclaf və alçaq bir rejim olduğunu, Rusiyanın belə bir kriminal rejimə layiq olmadığını və ölkəsinin həqiqi azadlığı, inkişafı üçün Putinin kal armud olduğunu çox cəsarətlə ifadə edirdi.

Aksiyalardan əvvəl özü heç bir eqo hissi keçirmədən küçədə, metroda və müxtəlif ictimai yerlərdə əhaliyə aksiyaya çağırış vərəqələri paylayırdı, bununla bərabər hər bir vətəndaşa bir neçə saniyə vaxt ayırıb onunla söhbət edirdi. Boris Nemtsovun rəhbərlik etdiyi partiyanın elə güclü strukturları yox idi, ancaq onun keçmişdə rus xalqının yaddaşında buraxdığı müsbət izlər, qlobal dünyanın müasir dəyərlərini, yeni baxışı bir təzad kimi siyasətə gətirməsi bir növ xalqın ona platonik sevgi bəsləməsinə səbəb olmuşdu. Bu tip insanların fəaliyyətini isə nəzarətdə saxlamaq avtoritar rejimlər üçün çox çətin olur. Putin Nemtsovun onun sisteminə qarşı amansız dirənişini, ard-arda xalqı öz mesajlarına inandırmasını və yaxın günlərdə onun özü üçün kəskin baş ağrısı olacağını bilməmiş deyildi. Ən əsası isə Nemtsovun varlığı Putinin dayağı olduğu faşizm dəyələrinin zəifləməsi demək idi. Zatən Nemtsov məlum Ukrayna hadisələrindən sonra bunu bacara bilmişdi. O, daim xalqa düzgün informasiyalar çatdırır, ara-sıra aksiyalar, mitinqlər təşkil edərək Kremlin qorxu siyasətini minumuma endirməyə çalışırdı. Son aylar Azad Dünya tərəfindən fasiləsiz iqtisadi sanksiyalara məruz qalan və bu sanksiyaların qarşılığında Rusiyanın milyardlarını itirilməsindən psixi gərginliyə düşən Putin ölkə daxilində iqtisadi böhrandan dolayı gün-gündən artan narazılıq fonunda qorxu terrorunu artırmağa qərar vermişdi. Alicənab demokrat – Boris Nemtsovun qətlə yetirilməsi isə kuliminasiya nöqtəsi oldu. Mənəvi terror və qətllə kütləyə hesablanan bu addım qorxu xofunu genişləndirmək fonunda uzunmüddətli hakimiyyəti əldə saxlamaq məqsədi daşıyır. Tarixən bu iyrənc və tükürpədici metod Stalin dövründən qaynaqlanır. Stalin o vaxt bir nəfəri hər kəsin gözü qarşısında asmaqla, öldürməklə ətrafdakıların gözündə qorxu yaradırdı. Görünən odur ki, bugünki Rusiya həmin siyasəti öz xalqına və qonşuluğunda yerləşən ölkələrə qarşı aparır. 



Bəli, Nemtsov da məhz gecə saatlarında Kremlin düz ağzının içində qətlə yetirildi. Qətldən dərhal sonra Rusiya dövlət başçısının bu hadisəni “qətiyyətlə pisləməsi” və tələm-tələsik fakt araşdırıcı missiya yaradıb özünü də ora rəhbər təyin etməsi daha çox məhşur "Kurtlar Vadisi" serialındakı Süleyman Çakırın öldürülməsindən sonra Laz Ziyanın "Vuran kaçar, vurduran gəlir" ifadəsinə daha çox bənzəyir, yəni Putin Boris Nemtsovu sifarişlə öldürtdü. 


Bu hadisə dünya birliyi tərəfindən birmənalı olaraq pislənilməkdədir. Bir çox dövlətlərin (Amerika, Fransa, B.Britaniya, Almaniya və s.) başçıları qətlə özlərinin sərt reaksiyalarını veriblər. Qətl hadisəsi dünən gecədən Azərbaycanda da siyasi gündəmdə və sosial şəbəkələrdə danışılan gündəmin əsas mövzusu olaraq qalır. Əksəriyyət bu qətli əsas günahkarı kimi Rusiyanın indiki rəhbəri Putinin olduğunu bildirir. Lakin bir kəsim isə bunu Amerika və Avropanın bilərəkdən attığı addım kimi absurd iddialar səsləndirirlər. Bəziləri prosesləri bilmədən, bəziləri isə bunu bilərəkdən Qərbin etdiyinin iddiasındadırlar. Əcəba, bu iddia doğru olardısa, Putin Allahdan axtarmırdımı ki, əlinə belə bir gözəl bəhanə düşsün, Amerikanı, Avropanı günahlandırsın, bütün günü də durmadan bunu TV-lərdə, mətbuatda işıqlandırsın və bununla da cəmiyyətdə özünə reytinq qazansın?? Çox güman ki, Azərbaycan hakimiyyətində olan Putinin yedək oyunçuları, Kremlin Bakıdakı mərkəzləri və təşkilatları Boris Nemtsovun qətlinə sevinməmiş deyillər. Bu adamların sevinci rus əsgərlərinin Bakıya gəlincə onların sapoq, batinkalarını soyundurub, geyindirmək və onları təmizləmək qədər dəyərlidir. 

Boris Nemtsovu qətlə yetirsələr də onun ideyalarını və dəyərlərini qətlə yetirə bilmədilər və bilməyəcəklər də. Çünki bunlar Putin faşizminin daxili cəmiyyət üçün ixrac etdiyi “dəyərlər” və “ideyalar” deyil. 

Ruhu Şad olsun!!!