31/12/2014

Ən çox həmrəyliyə ehtiyacı olan və ən az həmrəy olan insanlar

Kənan Məmmədli

Diaspora təşkilatlarının 4-5 rəqəmli məbləğləri xərcləyib şəkərbura, dolma, sarı gəlin məclisləri keçirmələri nə insanların həmrəy olmasına, nə məqsədə gedən yolda hər-hansı ciddi addım atılmasına xidmət edəcək, nə də fatıya tuman olacaq. İldə bir-iki dəfə yığılıb milli geyimdə, milli musiqinin sədaları altında şəkil-video çəkdirməklə həmrəy olunmur, əzizlərim. Qısası, daha yaradıcı, daha professional, daha təəssübkeş və dürüst tədbirlər düzənlənməlidir. Məsələ sərf edilən məbləğlərdə yox, qarşıya qoyulan məqsədə səmimi qəlbdən xidmət edərək peşəkarlıqla çalışmaqdadır. Bu günü tək 31 dekabr yox, hər gün qeyd edək amma əməllərimizlə. Süni təm-təraq və pafoslu nitqlərlə yox. Həmrəy, həmfikir, həmdəm olaq.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. İlk öncə bu günün tarixi ilə bağlı bəzi məlumatları güncəlləşdirərək Sizlərlə də bölüşmək istəyirəm. Hə, bu arada unutmadan hər kəsi salamlayır və çox vaxt itgisinə yol vermədən birbaşa mətləbə keçid alıram.

Ötən əsrin sonlarında baş verən qlobal dəyişikliklərlə əlaqədar bir çox xalqların, o cümlədən, Azərbaycan xalqının özünüdərki gücləndi. İmperiyanın informasiya və təbliğat əsarətindən bir qədər də olsun kənara çıxmağı bacaran kəsim bu birləşmənin təkanverici qüvvəsinə çevrildi. İlk olaraq Naxçıvan Muxtar Respublikasında Şimali və Cənubi Azərbaycan arasında çəkilmiş sərhəd çəpərlərinə qarşı xalqın etirazı başlandı. Haşiyə çıxaraq bildirim ki, bu işdə mədəniyyət və incəsənətin də böyük rolu oldu. Ayrılıq mahnısı, Məhəmmədhüseyn Şəhriyar, Məmməd Araz şeirləri və eyni mövzunu özündə əks etdirən bütün incəsənət, ədəbiyyat, musiqi nümunələri qeyd olunan məsələnin qığılcımlarına çevrildi. 1987-ci ildə Sverdlovsk əyalətində “Təbriz” kooperativini, daha sonra isə eyni adlı ansamblı yaratmış, SSRİ -nin ilk rəsmi milyonçusu kimi məhşurlaşmış Cənnət Əliyevin (bu ilin 30 oktyabr tarixində Bakıda vəfat etmişdir: K.M) də müəyyən fədakarlıqlarını qeyd etmək olar. Ümumiyyətlə sirr deyil ki, musiqi və incəsənət, romantik duyğular daha kortəbii addımlara səbəb olma iqtidarındadır. 

Beləliklə, “Sərhəd hərəkatı” adı ilə başlanan bu siyasi aksiya 1989-cu il dekabrın 31-də azərbaycanlıların həmrəylik hərəkatına çevrildi və 1989-cu il dekabrın sonlarında Arazın hər iki sahilində sərhəd yürüyüşü başlandı. Həftələrlə şüarlar səsləndirildi, hətta özünü suya atıb qarşı tərəfə keçənlər oldu. Naxçıvanda SSSR-İran sərhədi (Şimali və Cənubi Azərbaycan) dağıdılmağa başlandı. Məqsəd o taylı bu taylı azərbaycanlıların birləşməyi idi.

İstanbulda 1990-cı il noyabr ayının 3–5-də keçirilən Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasında başlamış hərəkatın davamı kimi milli birlik və həmrəylik yolunda atılan mühüm addım oldu. Qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il həmrəylik günü kimi qeyd edilməsi zəruriyyəti irəli sürüldü. 1991-ci ilin16 dekabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bunun ardınca bu təşəbbüs o vaxtki mərkəzi hakimiyyətin də dəstəyini qazandı. Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 1991-ci il dekabrın 25-də qərara gəldi ki, hər il dekabrın 31-i dünyada yaşayan azərbaycanlıların həmrəylik günü kimi qeyd edilsin və artıq bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd etməyə başladı. 

İmperiya təfəkkürlü iki totalitar dövlətin buna sərt reaksiya verəcəyi gözlənilən idi. Bəlkə də səhv edirəm, amma 1990-ci ilin qanlı yanvar hadisələrinin törədilməsi səbəblərindən biri kimi də məhz 1989-cu ilin həmrəylik qığılcımlarını, sərhəd yürüyüşünü göstərmək olar. Məntiqi ardıcıllıq, sərhəd olaylarının düşünülmüş, yaxud kortəbii şəkildə baş verməsindən aslı olmayaraq, maraqlı qüvvələr üçün azərbaycanlıların potensial təhlükə mənbəyi kimi görülməsini gözlənilən edirdi. Ardınca bir çox bəlalar və ləkələmə kompaniyaları yaşadıq amma bu hadisə ilə bağlı həmrəylik gününün elan olunması bəlkə də ən doğru addım idi.

Hazırda YUNESKO-nun məlumatına görə, dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Onlardan 30 milyonu Cənubi Azərbaycanın, 9,5 milyonu Azərbaycan Respublikasının, 3 milyonu Türkiyənin, 2 milyondan artığı Rusiyanın, 1,5 milyonu ABŞ-ın, 500 mini Ukraynanın, 300 mini Almaniyanın, 180 mini Fransanın, 175 mini Kanadanın, 350 mini Hindistan və Pakistanın, 700 mini İraqın, 430 mini Əfqanıstanın payına düşür. 

Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamına müvafiq olaraq 2001-ci il noyabrın 10-da 
Bakı şəhərində Dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Qurultayda 36 ölkədən gəlmiş 1105 
nümayəndə, 906 qonaq iştirak edirdi. Qurultayda Azərbaycan Respublikası Prezidentinin söylədiyi 
proqram səciyyəli nitqinin aparıcı xəttini belə bir tezis təşkil edirdi: “Biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz ətrafında daha sıx birləşməli, onun tərəqqisi üçün əlimizdən gələni əsirgəməməliyik”.

Qurultayın məntiqi nəticəsi kimi belə bir mesaj verildi ki, qüdrətli Azərbaycana gedən yol bütün azərbaycanlıların milli birliyindən keçir. Qurultay dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir araya gətirilməsi vəzifəsinin həyata keçirilməsi istiqamətində atılmış ilk ciddi və qəti bir addım kimi qiymətləndirildi. Bunun ardınca 2002-ci il iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradıldı. (məlumatların çox hissəsi vikipediyadan alıntıdır)

Qeyd etdiyimiz kimi bayramın məqsədi dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaqdır. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. 

Düzdür indi çox adam düşünə bilər və düşünməsi məntiqlidir də ki, bu tip bayram, yəni həmrəylik gününün qeyd olunması bəlkə də dünya xalqları içində yeganə olaraq bizdədir. Digər xalqların müstəqillik günü, bayraq günü, konstitusiya günü, respublika günü və digər günlərinin hər biri həmrəy olmağa səsləyir. Bizdə isə heç olmasa ildə bir dəfə həmrəy olmağa çağırış olunur, amma ona da mız qoyanlar tapılır. Bu bayram birliyi, həmrəyliyi, dostluğu, soydaş olmanın gözəlliklərini, qardaşlığı təbliğ və təşviq etmek üçün düşünülüb. Biz azərbaycanlılar, həqiqətən də, ən çox həmrəyliyə ehtiyacı olan və ən az həmrəy olan insanlarıq bu dünyada. Nümumə götürməli olduğumuz insanlardan bəziləri elə öz xalqımızın da nümayəndələrindəndir. Aranızdakı bəzi dini cəfəngiyyatlara uyanlarınız yahudiləri sevməyə bilərsiniz amma amma hemreylik ve birlik sözlərinin təməl prinsipləri onların həyat tərzidir. Yahudilər həqiqətən də bu bayramı qeyd etməyə layiqdirlər amma qeyd etməklərinə ehtiyac varmı? Gəlin bir az da səmimi olaq və 31 dekabr deyəndə həmrəylik günü deyil də, yeni il xatırlandığını etiraf edək. 

Düzünü deyim ki, xaricdə yaşamamışam və ordakı diaspor təşkilatlarının fəaliyyətini öz gözlərimlə görməmişəm amma bu işə yaxından-uzaqdan ciddi şahidlik etmiş şəxslərlə bu barədə çox söhbətim olub.

Diaspora təşkilatlarının 4-5 rəqəmli məbləğləri xərcləyib şəkərbura, dolma, sarı gəlin məclisləri keçirmələri nə insanların həmrəy olmasına, nə məqsədə gedən yolda hər-hansı ciddi addım atılmasına xidmət edəcək, nə də fatıya tuman olacaq. İldə bir-iki dəfə yığılıb milli geyimdə, milli musiqinin sədaları altında şəkil-video çəkdirməklə həmrəy olunmur, əzizlərim. Qısası, daha yaradıcı, daha professional, daha təəssübkeş və dürüst tədbirlər düzənlənməlidir. Məsələ sərf edilən məbləğlərdə yox, qarşıya qoyulan məqsədə səmimi qəlbdən xidmət edərək peşəkarlıqla çalışmaqdadır. Bu günü tək 31 dekabr yox, hər gün qeyd edək amma əməllərimizlə. Süni təm-təraq və pafoslu nitqlərlə yox. Həmrəy, həmfikir, həmdəm olaq. 

Sonda isə bizimlə qaynayıb qarışan, canımız qanımız olan bütün millətlərin, hər kəsin, bütün soydaşlarımızın, xalqımızın Həmrəlik Bayramını səmimi qəlbdən təbrik edir, arzuladığımız və ehtiyacımız olan xoşbəxtlik dolu bir dünyada həmrəy yaşamağı diləyirəm...