Kənan Məmmədli |
Dünən, 23 dekabr 2014-cü il tarixdə Bələdiyyə seçkiləri keçirildi. Bilmirəm, gec getmişdim, ya nə, amma səs vərməyə getdiyim məntəqədə məndən başqa seçici yox idi. Hər hansı pozuntu yaxud şübhəli hal da yox idi. Qapıda məni qarşılayan şəxs (məntəqə nümayəndəsi) siyahıda adımı tapmağa köməklik edib, qeydiyyata alınacağım və bülleten götürəcəyim istiqaməti göstərdi. İlk dəfə deyildi ki, səs verməyə gedirdim, bütün proseduru da bilirdim amma yenə də köməklik etdiyi üçün sağ olsun. Elə dünən yayılan xəbərlərdə müxtəlif məntəqələrdəki pozuntulardan danışılır, video görüntülər paylaşılırdı. Mənə kimi və mən olmayanda məntəqədə nə olub, necə olub bilmirəm, amma şəxsən mən orda olduğum müddətdə səs verdiyim məntəqədəki ümumi mühit mənə çox xoş gəldi. Bircə plov bişirməyi uca səslə müzakirə edən iki qadın ac vaxtımda yadıma plov salıb, səsvermədən sonrakı işlərimi tez-tələsik bitirib evə qaçmağıma səbəb oldu. Buna da dözmək olar, amma yayılan xəbərlərə, video görüntələrə çox məyus oldum. Bizdə seçki mədəniyyəti, marağı, məsuliyyəti varmı?!
Düşünürəm ki, ölkəmizdə seçki mədəniyyəti və ənənəsi yoxdur. Əslində diqqət etsək,
vətəndaşlığın ən vacib vəzifə və hüquqlarından biri seçki hüququdur. ABŞ-da yaşama
hüququ verən GreenCard seçki hüququndan başqa bütün hüquqları orda yaşayıb,
qismən ABŞ (növbəti addım kimi ABŞ vətəndaşlığı alınır) vətəndaşı olan
insanlara tanıyır. Yəni sən bu ölkə üçün hələ ki, tam doğma deyilsən və ölkənin
taleyinin həll olunması məsələsində sənə etibar edə bilmərik. Bizdə isə seçkilərə
maraq sıfır səviyyəsindədir. Ölkə vətəndaşlarından "əşşi nəyimə lazımdır
eee?" sözünü eşitmək adi hal alıb. Seçkilərə getməyi əksər insanımız lazımsız
bilir.
Bu
yerdə yadıma bir əhvalat düşdü. Bir gün bir qrup insan böyük bir təyyarə ilə
uzaq yolculuq edirmiş. Uçaq salonunda da hərə öz işində imiş. Yatan, mahnı dinləyən,
xəyal quran, oyun oynayan, kino izləyən, yazı pozu ilə məşğul olan və s. Birdən
təyyarə bələdçisinin məlahətli səsi eşidilir:
- Sizi salamlayır və yolculuqdan zövq almanız üçün hər bir şəraiti yaradacağımıza təminat veririk. Kiçik bir texniki nasazlıqla bağlı uçağın bir qədər əsməsi hiss oluna bilər. Mühərriklərdən biri sıradan çıxıb amma narahatçılığa qəti səbəb yoxdur.
Əsas
yoxdur sözünü kimə deyirsən?! Sərnişinlər hiss etdirməməyə çalışsa da, təlaşlanmağa
başlayır. Hər kəs yerində vurnuxur: dua eliyən kim, bələdçinin yanına gedib məsələni
ətrafdakılara hiss etdirmədən aydınlaşdırmağa çalışan kim. Beləcə bir qədər gərgin
və təlaşlı anlar yaşanır. Amma bu çaxnaşmada bir qardaş arxaya yaslanaraq uçuşdan
həzz alırcasına gah gözünü yumub mürgüləyir, gah da camaatın təlaşını anlaya
bilməyən baxışlarıyla dua edib ora-bura vurnuxan insanlara baxır. Bir müddətdən
sonra vəziyyət bir qədər sakitləşməyə başlayır ki, xanımın səsi hiss olunacaq xəfif
həyəcanlı şəkildə yenə eşidilir:
- Bir daha Sizi salamlayır və yolculuqdan zövq almanız üçün hər bir şəraiti yaradacağımıza təminat veririk. Qorxmağa heç bir əsas yoxdur, amma nəzərinizə çatdırmalıyıq ki, təyyarənin daha bir mühərriki sıradan çıxaraq fəaliyyətini dayandırıb.
Sərnişinlər
əməlli-başlı təlaş içində dua etməyə, inildəyib-zarıldamağa, yalvarmağa başlayır.
Kimi də yerindən qalxıb pilotlardan izahat almaq üçün onların yanına keçməyə çalışır.
Bələdçi hər kəsi sakitləşməyə dəvət edərək yenidən sözünə davam edir:
-
Əziz sərnişinlər, narahatçılığa qəti səbəb yoxdur. Hamı rahat olsun. Daha 2 mühərrik
tam gücü ilə çalışır və mühərriklər təyyarəni sağ-salamat eniş etməyə kifayət
edəcək.
Hamı
təlaşlı olsa da, bayaqkı arxayın ədası ilə yerinə yastlanıb mürgüləyən qardaşımız
yenə öz tərzini pozmadan insanların təlaşını maraqlı və bir qədər komik film
seyr edərcəsinə izləyir. Qardaşın arxayınçılığı artıq maraq və diqqət çəkməyə
başlayır. O isə saqqıza işgəncə verərək şişirib partladır, sanki hamıya öz rahatlığı
ilə acıq verirdi. 5-10 dəqiqədən sonra bələdçi qızın bu dəfə ağlamsınan və əməlli-başlı
təlaş içində səsi eşidilir:
-
Qorxmayın aşağıda dənizdir, digər iki mühərrik də sıradan çıxdı, çalışıb sahilə
eniş edəcəyik. Ümid edirəm sağ-salamat təyyarə eniş edə biləcək. İndi isə təhlükəsizlik
qaydalarını bir daha təkrar edirik.
Bunu
eşidən sernişinlər ucadan ağlamağa, dua edib yalvarmağa başlayır. Bayaqkı qardaş
yenə öz tərzinə sadiq formada saqqız partladıb, arxayın-arxayın camaatın ağlaşmasına
baxmaqdan sanki zövq alır. Artıq hamı qardaşa həm nifrət, həm də təəccüb etməyə
başlayır. Onun yanında oturan orta yaşlı kişinin əsəbləri dözmür və yerindən qalxaraq
bələdçiyə yaxınlaşır və təhlükəsizlik qaydalarının izahını yarımçıq kəsərək, sərnişinlərə
müraciət mikrofonunu götürüb, əlini arxayın qardaşa uzadaraq deyir:
-
Ay camaat, hamınız bu adama baxın. Biz burda ağlayırıq, yalvarıb dua edirik ki,
bir möcüzə olsun və təyyarəmiz sağ-salamat yerə ensin, onun heç vecinə deyil.
Kişinin
sözlərindən və hamının ona baxmağından bərk əsəbləşən arxayın qaqaş qışqıraraq
cavab verir:
- Cəhənnəmə olsun, qara da yerə partlasın. Özümə nəyə görə əl qatıb öldürürəm?! Dədəmin təyyarəsi deyil ki?! Salamat qalan günü olmasın heç!..
- Cəhənnəmə olsun, qara da yerə partlasın. Özümə nəyə görə əl qatıb öldürürəm?! Dədəmin təyyarəsi deyil ki?! Salamat qalan günü olmasın heç!..
Əgər
o təyyarəni yer kürəsinə, ordakı sərnişinləri də yer kürəsi sakinlərinə bənzətsək,
o arxayın qardaş biz azərbaycanlıların böyük bir hissəsini təmsil edən personaj
olacaqdir. Azərbaycanlıların böyük bir kəsimi məhz seçkilərə o qardaşın məntiqi
ilə yanaşır. Siyasi biganəlik deyirlər amma ümumiyyətlə insan həyatına, insan
taleyinə münasibətdə çox biganələşmişik. Böyük bir bəlaya səbəb ola biləcək həddədir
biganəliyimiz. Elə o gün intihara cəhd edən qadına “özünü at, baxırıq” qışqıran
insanların olması bu biganəliyin, hətta hələ ki, ad tapmaqda çətinlik çəkdiyim
bir nəsnənin göstəricisidir.
Bax
indi dünya da bizim bu dağılmaqda olan, qəzaya uğrayıb param-parça olmaq
ehtimalı çox yüksək olan təyyarəmiz, batmaqda olan gəmimizdir, əcəlimizi
yaxınlaşdıran bir vasitədir bəlkə də. Bu ölkə də bizimdir, burada baş verən hər
bir şeyin də bizə aidiyyatı var. Böyük əksəriyyətimiz üçün seçkilər günü sadəcə
və sadəcə qeyri iş günü, istirahət günü, bəzilərimiz üçün alver günü, bəzilərimiz
üçün tökülüb qalmış şəxsi işləri həll etmək üçün əla fürsətdir, amma qətiyyən vacib
qərarların verilməsində, mühüm məsələnin taleyinin həll olunmasında iştirak etmək
imkanı, dövlətin verdiyi seçim şansı deyil.
Biganəliyimizə
qalib gəlməliyik. İlk adım olaraq ətrafımıza, insanlara münasibətdə biganəliyin
daşını atmalı, nümunə olmağa çalışmalıyıq. Bəlkə düşünürsünüz ki, bizdən keçdi,
artıq gecdir, amma bizdən keçdisə də, gələcək nəsillərdən keçməməlidir! Hər kəsə
uğurlar!