20/12/2014

Əsəb otağı

Kənan Məmmədli

Radioda qonaq olaraq çağırılmış ali təhsilli həkim-dietoloq ət yeməyin ziyanlarını izah edir, buna ən bariz nümunə kimi ət yeməyi sevən insanların aqressiv, daha qəzəbli və qəddar olduğu ilə əsaslandırırdı. Daha doğrusu öz aləmində əsaslandırırdı. Qayıdasan ki, təbiətə diqqət edin. Ət yeyən heyvanlar daha yırtıcı olur. Məsələn aslan daha aqressiv, saldırqan, hirsli olur, nəyinki qoyun, koala, fil, tısbağa.

Yəqin ki, mövzuya keçiddən əvvəl giriş olaraq qeyd etdiyim məsələdən bu dəfə söhbətimizin nə haqda olacağını anlamadınız. 

Yaddan çıxmamış, hər kəsi salamlayır və çox vaxt itkisinə yol vermədən birbaşa mətləbə keçid alıram. Mövzu seçimində çox vaxt elə də baş sındırmıram. Radioya qonaq çağırılmış “həkim-dietoloq”un fikirləri haqqında bəlkə daha sonra ətraflı yazaram, amma başqa məsələyə toxunacağam. Əsəbi insanlarımızdan danışmaq istəyirəm. Onların özlərini də iki tipə bölmək olar. Əsəbi və Nervinni.

Nədədir axı bəzi sakinlərimizin əsəbi, bəzilərinin isə bunun daha ağır vəziyyəti olan artistik və mənəvi aşınmış formasına çevrilmiş, "nervinni"liyinin zərəri? Ətrafa “nervinni” baxışlar, hər kəsə zəhər püskürmə, cəmiyyətə nifrət, ətrafdakı hamını “neprav”, özünü “veçniprav” sayanlar, “nerviçart”, “seryoznu”, “ciddi” adamlar nə istəyir axı ətrafdan? Nədir axı onları qane etməyən? Bununla bağlı hansı önləyici və mübarizə tədbirləri mövcuddur?

Öncədən deyim ki, tibbi izah və psixoloji test-müalicə, məsləhətdən qaçmağa çalışacam, amma necə deyərlər, nə deyilən yox, nə eşitmək istənildiyidir danışılan. Qısası, sizin alacağınız mesaja bağlıdır fikirlərimin nə olduğu.

Təbii ki, hamı kimi mən də insan psixologiyasına təsir edən amillərdən şəxsi uğursuzluqlar, problemlər, həyat qayğıları və daha nələr-nələr deyib məsələni beləcə yola verə bilərəm.

Ümumiyyətlə son illər aparılan sorğu və araşdırmaların nəticəsi olaraq əsəbi və əsəblərini idarə edə bilməyən insanların sayının durmadan artdığı müşahidə olunur. Araşdırmalar aparılan ölkələrdə günümüzün stress yaradan əsas səbəbləri kimi şəhər səs-küyü, tıxaclar, növbələr, qaynar xəttlər (call center), yollar, gözləmələr, vaxt itkiləri, gərgin iş yerləri, TV-lər göstərilir. Bizdə səbəblər daha çox kimi görünür.

Emosionallıq əslində normasında olduqda psixoloji insan durumudur. Bəlkə də cəmiyyətdə, elə bizim öz ətrafımızda da affekt vəziyyətində uzun illər yaşayan insanlar vardır. Yollar, üsullar, bu halın aradan qaldırılması üçün tədbirlər müxtəlifdir amma bu üsullar bizim insanımız üçün nə dərəcədə effektli ola bilər? İnsan hər yerdə insandır amma uzun illər bizim insanımızın beynində fərqli ekspirementlər aparıldığı üçün hər şeyə gözlənilməyən reaksiya vermək potensialı da mövcuddur.

Məsələn bəzi ölkələrdə (əsasən İspaniya və ABŞ-da) xüsusi otellərə rast gəlmək olar ki, yüksək stressli əsəbi insanların stress atması üçün şərait yaradırlar. Belə ki, dağıdıcı qüvvələrini oteli dağıtmaqla azaldırlar. Xüsusi psixoloqlar da onlara əsəbi anlarını xatırladır, daha da əsəbi və dağıdıcı olmaqlarına çağırır, daha sonra gələcəkdə onları əsəbiləşdirə biləcək halları təsəvvür etmələrini tövsiyyə edir və beləcə əsəb və stressləri bitənə (bəzi yerlərdə əsəb otaqları (angry room) da təşkil olunur ki, 5 dəqiqəsi 25 dollara və daha fərqli qiymətlərdə müəyyənləşir), özləri isə əldən düşənə kimi oteli yerlə yeksan edirlər. Hətta şirkətlər yüksək stress altında çalışan əməkdaşlarının stress atması üçün pul ödəyib bu tip otellərə səyahət də təşkil edirlər.

Oxuculardan kiməsə maraqlı gəlsə qeyd olunan otel və əsəb otaqları ilə bağlı aşağıdakı linkdə kiçik də olsa, məlumatlana bilər.

İnsanları xoşbəxt etmək, stresslərini atmasına yardımçı olmaq, xoşbəxt etmək üçün gülüşlə müalicə üsulları da var. Əsasən Meksikada yerləşən xəstəxanalarda bu üsul tətbiq olunur. Bu isə yəqin ki, başqa bir mövzudur. 

Sonda isə hər kəsə nervilərinizi kənara qoyub, qədərində əsəbinizi idarə etməyə dəvət edirəm. Cəmiyyəti xilas etməyə özümüzdən başlayaq. Həyatı çox da ciddiyə almadan daha xoşbəxt olmaq olar bəlkə də. Bu da bir versiyadır. Əsəblərinizi cilovlayın və qətiyyən nervinni olmayın.