19/12/2014

Sovetdənqalma

Şahin Hüseynli

Bizə Cem Yılmaz kimi biri lazımdır: həm bizim bütün naqisliklərimizi üzümüzə qarşı söyləyib bizi hırıldatsın, həm də pulumuzu alıb qoysun cibinə. Yoxsa, burda havayı yazmaqla bir şey alınmır. Babalarımız demiş: "Ucuz ətin şorbası olmaz".

Fikrim qətiyyən yazanları, yazmaq həvəsində olanları həvəsdən salmaq deyil. Bacardıqca yazmaq lazımdır, yazmağı da bacarmaq lazımdır. 
Bu gün Azərbaycanda yazı sahəsində çox əskiklərimiz var. Yazı deyəndə altşüurumuzda mənfi çalarlı anlamlar canlanır. Çünki, Sovet dönəmində qələmimizi o qədər naqis əməllərdən ötrü istifadə etmişik ki, yazan adama, tənqidçiyə, jurnalistə, publisistə, yazıçıya ikrah hissi ilə baxırıq. Əslində bunun kökləri Sovetdən də öncəyə gedir, amma hədəfimin bu dövr olmasının da bir çox səbəbləri var. Sovet dövrünü tənqidetmə səbəblərimin çoxunu özündə birləşdirən əsas səbəbim budur ki, müasir Azərbaycan Sovetin qalığıdır. Biz hal-hazırda Sovet dövrünün adamları tərəfindən tərbiyə olunur, idarə olunuruq: müəlllimiz, bələdiyyə sədrimiz, rayon icra başçımız, nazirimiz, baş nazirimiz, yüksək çinli dövlət xadimlərimiz və adlarını yad etmədiyim başqaları Sovet adamlarıdır. Hətta bütün bu idarə aparatlarına müxalifətdə duranlar da Sovet adamlarıdır. Düşünün ki, 30-40 il əvvəl bir-biriləri haqqında mədhiyyə/donos yazanlar eyni işi bir az fərqli formada  qəzet, jurnal səhifələrində indi də davam etdirirlər. Necə deyərlər, köhnə hamam, köhnə tas. Bu təfəkkürlü, bu düşüncəli adamlardan və ya adamlar üçün yazmağın çətin və mürəkkəb olduğunu demək, fikrimcə, artıq bir şey olardı.

Dərd tək yazı ilə, tənqidlə bitmir. Hər addımda biz-gənclər Sovet adamlarından hörülmüş divarlarla üz-üzə gəlirik. Universitet həyatında sovetdənqalma professorlarla kəllə-kəlləyə gəlirik. İş həyatında sovetdənqalma müdürlərin əmrində çalışırıq. Hara gediriksə, onlar çıxır qarşımıza. Sanki sovetqalmalar bizi işğal edib istismar edir. 

Bu sovetdənqalmalar sovetdənqalma başları ilə bizi cana gətirdiklərini başa düşmürlər. Kor tutduğunu buraxmayan kimi bunlar da tutduqları üsul-idarəni buraxmaq istəmirlər ki, istəmirlər. 

Bu adamlar başa düşmürlər ki, radio dalğalarından reklam fasiləsi zamanı alaturka mahnı sədaları altında bir xanım aparıcının işvəli-işvəli hansısa bir azyaşlı uşağın əməliyyat olunması üçün 7000 manat ianə xahişini səsləndirməsini, çox üzr istəyirəm, mən başa düşə bilmirəm. Bu cür elanı dünyanın heç bir radio dalğasından eşidə bilməzsiniz, mümkün deyil. 

Bu tip örnəklər minlərlədir, sadalayıb qanınızı qaraltmaq istəmirəm.

Hətta onu deyim ki, bu insanlardan hakimiyyətin özü də əziyyət çəkir. Tam məsuliyyətimlə deyirəm ki, Azərbaycanda sovetdənqalma insanların kurasiyasında olan dövlət əhəmiyyətli proyektlərin 80 faizi hələ tam başa çatmayıb. Qısa müddətdə təhvil verilən layihələrə fikir verin, hamısı gənc kadrların idarəsində olub.

Cəmiyyətimiz gəncləşməlidir. İstər hakimiyyət olsun, istər müxalifət. Sovetin şinelindən çıxmayan insanlar daha tez anlaşırlar, daha tez əməkdaşlıq edirlər.  Müasir intellektli gənclik problemlərin həllində daha praqmatik addımlar atırlar. 

Ola bilər indi dediklərimə Vəfa Quluzadənin "Rusiya dağılacaq" ifadəsinə güldüyünüz kimi güləcəksiniz, amma inanın, Azərbaycanda demokratik cəmiyyətə keçid məhz indiki hakimiyyətin gəncləşməsindən keçir. Bütün sahələrdə gənclər hakimiyyəti ələ almalıdır və bütün sahələrdə hakimiyyətdə olan gənclər sözün yaxşı mənasında ələ alınmalıdır.