Kənan Məmmədli |
Bu dəfə ən sıravi vətəndaşlarımızın, sadə insanlarımızın kiçik sevinclərinə tam sevinə bilməməsinə, əhvallarının çox vaxt aşağı olması, üzlərindən bir yorğunluq, narazılıq yükü yağmasına aid fikirlərimin bir hissəsini sizlərlə bölüşmək istəyirəm. Sadə insanımız niyə daim əsəbi, qaşqabaqlı, fikirli gəzir? Hamının gündəlik həyat qayğıları, problemi, kreditlər, borclar, sual altında olan gələcəklə bağlı narahatlıqlar və s. məsələlər vardır ki, həqiqətən, fərdi ehval-ruhiyyələrə təsiri ilə cəmiyyəti pessimist notlara kökləyir. Mən hələ bunun üzərinə cəmiyyətin böyük hissəsini narahat edən Qarabağ münaqişəsi, torpaq itgisi, tarixi xəyanətlər və səhvlər kimi məsələləri əlavə etsəm, vəziyyət bir az daha anlaşılmaz və qəliz forma alacaqdır. Ən kiçik sevinclərin fərqinə varmamaq isə bu kimi ümumi yüklənmələrdən qaynaqlanır.
Haqqında danışmağa qərar verdiyim mövzu o qədər mücərrəddir ki,
bayaqdan var-gəl edib başda fikirləşdiyim yerə gəlməkdə çətinlik çəkirəm. Kaş
siyasətçi olardım. Siyasətçi də deyiləm ki, bunun siyasi səbəbləri filanla
bağlı uzun-uzadı nağıllar, nəzəriyyələr yazıb başınızı ağıllı-ağıllı cümlələrlə
qatam.
Bu uzun girişdən sonra keçək mətləbə. İctimai nəqliyyat. Bəli, bəli.
Mənim fikrimcə bu ölkədə hər gün küçədə, işdə, yolda gördüyümüz insanların
neqativ yüklü qaş-qabaqlı simalarının bir az da olsa pozitivləşdirmək o qədər də
çətin deyil. Düşünürəm ki, ictimai nəqliyyatda olan problemlərin aradan
qalxması insanımızı bir qədər də olsa gülərüz etməyə kömək edə bilər. Ən
azından bir az da olsa neqativ azalar.
Baxın! Səhər yuxudan dururuq, əl-üzümüzü yuyuruü, səhər yeməyi yeyirik.
Bura kimi, məntiqlə, bir neqativlik olmamalıdır (yuxarıda qeyd etdiyim yaşam
qayğılarının fikrini nəzərə almasaq). Çox adam səhər yeməyini televizora
baxaraq yeməyi xoşlayır. Televiziyamız da ayın 21 günü, günün 26 saatı “vurçatlasın-
çaloynasın”dır. Deməli, hazırki zaman kəsiyinin orta statistik vətəndaşı üçün kənar
neqativ faktorla yüklənmək ehtimalı evdən çıxana qədər azdır. Ölkə əhalisinin əksər
hissəsi işə getmək üçün, normal olaraq, ictimai nəqliyyatdan istifadə edir.
İctimai nəqliyyatda nələr baş verir?! Metro-avtobus! Əsas ictimai nəqliyyatımız
bunlar sayılır hələ ki.
Nəqliyyatın intellektual idarə edilməsi deyilən bir nağıl var. Səhər
pik saatlarda avtobuslar daim gecikir, yollar tıxac, sərnişin və sürücü mədəniyyətsizliyi,
narazılıq, səs-küy, mübahisə və s. Bir dəfə heç yadımdan çıxmaz, marşrutu 1
saatdan çox gözləməli oldum və təbii olaraq əsəbləşdim. İşə çatan kimi Nəqliyyat
Nazirliyinə zəng edib şikayət edəcəyimi qərara aldım. Zəng etdim, bir az xəttə
gözlətdilər, amma orta statistik vətəndaş kimi mənə də bu qısa gözləmə anı bəs
elədi ki, şikayət etməkdən vaz keçim. Niyə?! Məhz o məşhur klişeyə çevrilmiş
suala görə. “Kimdən kimə şikayət edirsən?” Bu yerdə bir nəğmənin sözləri yadıma
düşdü: Sənə yar, səndən yar, Şikayətim var!
Həm də həmin o uzun sürən
avtobus gözləməsində bir dostum zəng etmişdi, səhər-səhər söz soruşacaqdı, amma
danışıq tonumdan əsəblərimin “tavana dırmaşdığını” hiss edib, “mənasız yerə əsəblərini
korlama” dedi. Dedim yoxeee, mən bu işi belə qoyan deyiləm, Nəqliyyat
Nazirliyinə zəng edib bu cür intellektual idarəetmənin insanları əsəb xəstəsi
edəcəyini bildirib, şikayət edəcəyəm. Dostum dedi ki, özün bil amma səni “yola
verib” bir az da cin atına mindirəcəklər. At demişkən, indi yadıma düşdü. At
muraddır axı. Bəlkə də elə zəng edib o cin atına minsəydim, daha yaxşı olardı.
Bəlkə indiyə muradım kama yetmişdi və heç olmasa kiçik problemlərin həll
olunduğu günü görmüşdüm.
Sürücü ilə sərnişin arasında dava qırğını, söyüşməni dəfələrlə görmüş
və sakitliyə, bir-birinə hörmət etməyə çağırmışam. Amma bir də görürsən adamın
özünə qarşı çevrilir bu qarşıdurma. Şit musiqi, telefonla danışma, siqaret çəkmə,
basabas, spiderman-lər, tapdalanan ayaqlar və daha nələri görmüşəm o
avtobuslarda. Bir də görürsən bir qardaş minir avtobusa yanında da yoldaşı,
qaynanası, iki uşaq özü gəzir, bir körpə qucaqda, bir körpə də arabada
(kalyaskada) və gəlib ailəlikcə minirlər ayağının üstünə. Ümumiyyətlə bəlkə də
nəqliyyatdan istifadə, insanların ətrafında cərəyan edən hadisələrə münasibəti,
maşın idarət etmə və sair məsələlərin toplumsal psixologiya ilə də bir
bağlılığı var. Hiss edirəm mövzunu mənasız yerə uzatdıqca əlavə və lüzumsuz təfərrüatlar
yazacam. Ona görə elə burdaca nöqtələsəm yaxşıdır.
Sözümün canı odur ki, şikayət etməkdən, çatışmazlıqları aidiyyatı üzrə
aradan qaldırılmasına çalışmaq, yazılı, şifahi təklifləri irəli sürməkdən çəkinməmək
lazımdır. Bununla bağlı da ağlımda gözəl bir layihə var. Məncə oxuyub dəyərləndiriləcək.
Çünki qeyd edəcəyim layihə həyata keçsə həqiqətən çox sahə qaydasına düşəcək.
İnsanımızın rifahı, əhval-ruhiyyəsi, iş qabiliyyəti, cəmiyyətdə olan hər şey
müsbət istiqamətdə dəyişəcək. Həm elə yeri gəlmişkən, qanunlar işləkliyini,
effektivliyini monitorinq etmək üçün nəzərə alınmalı məsələlərdən biri də təkliflər
və şikayətlərdir.
Bəli! Qanunlar qüvvəyə minməlidir. Mir Şahin də demişkən, qanunlar
qüvvəyə minməlidir, ayrı-ayrı qüvvələr qanunu minməməlidir. Şikayət və təkliflərin
eşidilməsi, qanunların hazırlanmasında, korrektə olunmasında effektivliyini təmin
etmək üçünsə bayaqdan bəri heç cür deyib qurtara bilmədiyim layihəmin böyük
rolu ola bilər. Şikayətlərin aidiyyatı orqana çatacağına tam təminat verən və vətəndaşların
inamını, güvənini qazana biləcək ASAN “TƏKLİF və ŞİKAYƏT” Xidməti yaratmaq lazımdır.
Amma gəlin ilk öncə özümüzdən başlayaq. Özümüzü,
davranışlarımızı düzəldək.