Həmid Hüseynov |
Yaxşı yazı üçün mütaliənin çox olması vacib şərtdir. Obrazlı desək, YAZMAQ mütaliənin müxtəlif cinsə aid ola biləcək, doğulacaq övladdır. Valideyn nə qədər sağlam qidalansa, övlad da bir o qədər sağlam olacaq.
Nədənsə həmişə şifahi nitqin yazıdan daha təsirli və effektli olmasına daha çox əmin olmuşam. Burada fikir və mülahizələrin qarşı tərəfə çatdırılmasında sərbəstlik, emosianallıqla yanaşı mimika və jestlər, ardıcıllıq və sistematiklik mühüm əhəmiyyətə malikdir. Bu formada məzmundan asılı olaraq situasiyaya uyğunlaşmaq daha tez mümkün olur. Sadalanan bir neçə amillə yanaşı, sözsüz ki, fərdin natiqlik bacarığı və səs tonunu, diapozonu unutmaq düzgün olmazdı. Bununla belə, şifahi nitq mənə nə qədər uyğun və rahat görünürsə, yazı da bir o qədər məsuliyyətli, eyni zamanda çətin və yorucu görünür.
Etiraf edim ki, mövzu seçimi, başlıq, məzmun və forma vəhdəti, durğu işarələrinin yerli-yerində düzgün işlədilməsi, ifadələrin axıcılığı, yazının həcmi, oxucu təlabatı və marağının nəzərə alınması həm məsuliyyət, həm də əzmkarlıq tələb edir. Bəzən, çoxlarına asan görünsə də, məncə, yazmaq həqiqətən böyük bacarıq və istedada, dünyagörüşə söykənən çətin bir peşədir. Əli qələm tutan, ağlına və ağzına gələni yazan, özündə bu istiqmətdə nəsə hiss edib yazmaq fikrinə düşən, özünün hər yazıdığına tələbatın olduğuna inanan hər kəsə YAZAR demək ən azı bu peşənin əsl sahiblərinə qarşı insafsızlıq olardı. Yazmaq çox çətindir, yaxşı yazmaq daha çətindir. Yaxşı yazı üçün mütaliənin çox olması vacib şərtdir. Obrazlı desək, YAZMAQ mütaliənin müxtəlif cinsə aid ola biləcək, doğulacaq övladdır. Valideyn nə qədər sağlam qidalansa, övlad da bir o qədər sağlam olacaq.
Deyəsən, mövzudan çox uzaqlaşdım. Harda qalmışdıq? Aha, yadıma düşdü... Nədən və hardan başlamaqda... Yaxşı, gəlin lap başdan başlayaq.
Başalamaq həm də yola çıxmaqdır... Yol demişkən, yola çıxana “yaxşı yol” birləşməsi hər kəsin dilindədir. Bax, bu, müsbət haldır.
Yol ilə gedəndə də sağ tərəflə hərəkət etməli
olmağımız beynimizə həkk olunsun, olunmalıdır! Vallah, bu da yaxşı qaydadır, yoxsa
çox toqquşmalar baş verəcək.
Gediş-gəlişi çox olan yolun ortasında dayanmayın. Bununla bir tərəfdən hərəkət edən insanlara mane olursunuz, digər tərəfdən özünüz “ortalıqda” qalırsınız. Ortalıqda qalmaqdansa, getmək yaxşıdır! Heç kimə mane olmadan yolunuzu gedin, buraxın hər kəs öz yolu ilə getsin! Getmək lazımdır ki, gəlməyə də üz olsun!
Gəlməyin də öz qaydaları var: məkanından və zamanından, tanınıb-tanınmamağından asılı olmayaraq duran adamlara salam verib, ədəb-ərkan göstərmək birmənalı olaraq GƏLƏNin üzərinə düşür.