12/12/2014

Esmeraldaya alternativ Ceyran xanım

Şahin Hüseynli

Gözünüz aydın olsun, yoldaşlar. Olimpiadamızın simvolları da artıq hazırdır. Narbaş bəylə Ceyran xanım. Çox gözəl, çox pakizə. Xoşbəxt olsun bəylə gəlin
Deyəcəkdim ki, indi ağzıgöyçəklər başlayacaqlar yenə prikol tutmağa, facebook-a baxdım ki, əşi, çoxdan başlayıblar ki. Eyli vaxt, kafelərdə, barlarda surrealist-surrealist dolaşan, Xırdalandan vura-vura Salvador Dali-nin dahiliyindən yekəxana-yekəxana danışan bizim “samanlıq devrimciləri” bu gözəl sənət əsərini məsxərəyə qoyublar. Hələ siyasi məhbus adlandırdıqlarının şəkillərini də bu simvollara “pridelka” edib dünya ictimaiyyətinə çatdırmaq istəyirlər. Ay yazıqlar, siyasi məhbus zad eliyən gəlib bir vaqon, boşaldan yoxdu. Nə qoyub, nə axtarırsınız siz? İki-üç dənə burnufırtıqlı xarici QHT-nin bəyanatlarını tualet kağızı kimi də istifadə eliyən yoxdu. Hələ də qanmırsınız ki, Avropa ve ABŞ Azərbaycanda seçimini edib artıq. Siz də seçilənlərdən olmaq istəyirsinizsə, alternativ olun. Real alternativ amma. Yoxsa, ayda-ildə bir dəfə Məhsul stadionuna toplaşmaqla olmur bu işlər. Çünki o stadiona gələnlərdən ikisininin əlinə hakimiyyət İŞİD bayrağı verirsə, biri də könüllü olaraq alnına “Ya Hüseyn” yazılan band bağlayıb çıxır. Budurmu alternativ ? Hansı ağlı başında dövlət bu alternativi dəstəkləyər ? 20 ildir partiyalarınızı bezrazmer coraba döndərmisiniz, ağzı leş qoxan qaraguruhu doldurmusuz ora və iddia edirsiniz ki, alternativsiniz. Sizin alternativliyinizi sevsinlər.


Azərbaycanda dincilərin, islamçıların hakimiyyət başına gətirilməsinə imkan verilməyəcək. Bu, bir aksiomadır. Bu dəyişiklik baş versə, ölkə qan çanağına çevriləcək, parçalanacaq. Buna kimsə imkan verməz. Azərbaycan kimi balaca ölkədə beynəlxalq maraqları küçümsəyən hər hansı bir qüvvə məhvə məhkumdur. Öncə gedin o beynəlxalq maraqların nədən ibarət olduğunu araşdırın, təhlil edin, siyasətinizi də ona görə qurun. Heç kimin balasını sözün həqiqi mənasında qırğına verməyin.

Kim nə deyir, desin, bu gün YAP hakimiyyəti bu maraqları təmin edən yeganə qüvvədir. Açın saytları, baxın, görün hansı layihələrə imza atılır bu hakimiyyətlə. Hər halda imza atanların başına at təpmiyib ki.

Əgər özünüzü həqiqi müxalifət hesab edirsinizsə, papağınızı qabağınıza qoyub düşünün. Ağıllı, savadlı insanlarınızı itirmək əvəzinə onların potensialından istifadə edib real işlər görün. O zaman bu xalq da (xalq deyəndə, intellektual, rasional düşüncəli qüvvədən söhbət gedir), beynəlxalq güclər də sizin səmimiyyətinizə inanacaq, sizin arxanızca gələcək.

Sizə uğurlar. Mən də gedim Olimpiadaya bilet axtarım. Deyirlər, Narbaş bəylə Ceyran xanım nəsə maraqlı şou göstərəcəklər. Necə deyərlər, “Parisə inqilab lazim deyil, Parisə əyləncə lazımdır. Bəli! Bəli! Parisə Esmeralda lazımdır!”