12/12/2014

Təlqin edilənlərin yeni "dəyər"lərin formalaşmasına təsiri və alternativlər...



Kənan Məmmədli

Hər kəsi salamlayır və çox vaxt itkisinə yol vermədən birbaşa mətləbə keçid alıram. Bacardığım qədər qısa və hər kəsin anlayacağı dildə izah etməyə çalışacağam. Qısa bir arayış kimi qeyd edim ki, münasibət bildirmək istədiyim mövzuda hamının bilib də düşünmədiyi, daha doğrusu diqqət yetirmədiyi nüanslara toxunmaq istəyirəm. Xitab edəcəyim kütlə də, əsasən, akademik çevrə yox, sadə insanlardan ibarət olacaq. Haqqında danışacağım mövzu maariflənmə və təbliğatla bağlıdır. Bizə təlqin edilənlər nə ilə nəticələnə bilər və bu gedişata görə narahat olmağa dəyərmi?!
Bəli əzizlərim. İndiki publisistikanın, ümumiyyətlə yazarların əsas ilişdiyi, “təkərə düşüb də çıxa bilmədiyi” mövzu sırf cəmiyyətin geriliyi, insanımızın gerifikirliyi, deqredasiya olunmuş dəyərlər və s. mövzulardır. Əslində tənqidi alqışlayıram və bu cür yazıların yazılması çox normaldır amma alternativ təqdim olunduğu halda, çıxış yolu göstərməklə. Yəni sırf “biz buyuq”, “biz düzəlməyəcəyik” tipli aşağılayıcı yazılar ümumiyyətlə yığışdırılmalı və bu cür fikirlərin yayılmasının qarşısı alınmalıdır. İstənilən şəxsə 100 dəfə "sən pissən" deyilsə, 101-ci dəfə "sən yaxşısan" dedikdə həmin sözün ürək-dirək verilmə olduğunu düşünəcək. Yəni, artıq pis olduğuna inanacaq. Məsələni fərqli qollardan anlatmağa çalışacam. Nə qədər alındığına hörmətli oxucu özü qərar versin.

Başlayaq uzun müddətdir bizə təbliğ olunan “dəyərlər”dən. Bilirəm ki, “qadın proqramları”, “vur çatdasın-çal oynasın”, “musiqi yarışmaları”, “medya bazarı” və s. kimi heç bir dəyəri
təbliğ etməyən, əksinə mənəvi aşınmaya gətirib çıxaran mövzulu proqramlar dəfələrlə tənqid olunub, haqqında dəfələrlə yazılıb, cızılıb, pozulub və daha nə söhbətlər, qeybətlər və s. Amma alternativ göstərmədən, xalqın geriliyi, xalqın buna tələbatı önə çəkilib. Necə dəyərlər tələb və təklifin qarşılıqlı əlaqəsindən doğan bir iqtisadi qanunauyğunluq. Əslində vəziyyət tam başqadır. Mən razı ki, o verilişlərin izləyici kutlesi daha genişdir və bu səbəbdən praym-taymlar bu tip verilişlərə ayrılır, reklam bazarında bu verilişlərin xüsusi rolu var və s. amma alternativ varmı? Yoxdur! Bizim efir mekanında hansısa bir kanal varmı ki, sırf History Channel (tarix kanalı), Discovery Channel (kəşf kanalı), Sience Channel (elm kanalı) və digər kanalların əsas yayım xəttini təşkil edən düşündürücü, maarifləndirici, elmi mövzuları təbliğ etsin?! Məsələn Xoşqədəmi təbliğ edən kanal, paralel olaraq dünya elm və texnologiyasında baş verən son yenilikləri də təbliğ edən bir kanalla tamaşaçı qarşısına çıxsa və get-gedə prime-time vaxtlarda dəyişiklik edib vurğunu Xoşqədəmə yox, məhz daha sanballı verilişlərə yönəltsə bu geriləməyə müəyyən qədər müsbət təsir göstərməzmi?! Yaxud Mikayıl kimi şit manıssayağı proqramlarla yanaşı dünya musiqisinin incilərini təbliğ edən bir verilişin praym-taymlarda efir vaxtı alması ilə manıslara olan maraq azalmazmı? Söz yox ki, bu qəbildən olan çox verilişin adını çəkmək olar amma əsas bu ikisi üzərindən misal çəkərək digərlərinin də eyni çatışmazlıqlarını müəyyən qədər diqqətə çatdırmaq daha yaxşı alınacağını düşündüm. Mən hələ mövzudan uzaqlaşmamaq üçün bu tip verilişlərin tamaşaçını necə aldatdığını, necə doladığını yazmıram. Bu tip verilişlərə baxaraq yetişən nəsil təbii ki, böyüyüb manıs olmağı arzu edəcək. “Aşıq gördüyün çalar” misalındakı kimi yetişən nəslə təqdim və təbliğ edilənlə gələcəyimizdən nə gözləyə, qloballaşan dünyaya nə kimi töhfə verə bilərik?! Kurtlar Vadisinə baxıb Polat olmaq istəyən nəsil bizi nə qədər uzağa apara, hansı səviyyədə təmsil edə bilər ki?! Bədbəxçiliyimiz məhz burdan başlayır. Bir çıxış yolu var, o da alternativin olması və zamanla daha səviyyəli verilişlərin hazırda meydan sulayan səviyyəsiz show verilişlərinin vaxtina girməsi. Hətta bir müddət səviyyəli verilişlərin intensiv təbliğatından sonra bu tip səviyyəsiz verilişlərin müəyyən kütlə üçün sıradan çıxarması da mümkündür. Tamaşaçı elə
bir psixologiyaya sahibdir ki, ona nəyi versən, nəyi təqdim və təbliğ etsən o yöndə də formalaşacaq və özü belə anlamadan təşfiqat aparacaq. Mənim bu fikirlərim kim üçünsə utopiya yaxud boğazdan yuxarı deyilmiş sözlər kimi gələ bilər, amma belə deyil. Razilaşıram ki, bütün dünyada bu tip verilişlər var amma digər ölkələrin təcrübəsinə baxdıqda onların tv məkanında bu tip kanallarla yanaşı məhz daha səviyyəli kanallar da mövcuddur. İnsan dünyanın hər yerində insandır. Necə yetişdirsən o cür də formalaşacaqdır. Hansısa ağzının danışığını bilməyən bir manısa “müəllim” deyə müraciət edildiyində nəinki müəllim sözünü hörmət salmış oluruq, eyni zamanda bu müraciəti görən uşaq manıs olmaqla hörmət sahibi ola biləcəyini düşünərək o istiqamətə meyl salacaq. İncəsənətlə məşğul olmaq bir qəbahət iş deyil amma hər bir şeyin səviyyəli forması olduğu kimi, adını daşıdığı həmin o nəsnəyə, anlayışa ayqırı forması da var.

Hazırda bizə incəsənət adı altında təbliğ edilən bir çox şey məhz incəsənəti təhqir edən, gözdən salan şeylərdir. Yenə də qeyd edim ki, hər bir şey məhz təbliğatdan başlayır. Bizim xalq heç də çoxlarının pislədiyi alverçi, manıs peşələrinə yiyələnən, heç də qorxaq və yalançı bir xarakteri daşıyan insanlardan ibarət deyil. Bu xalq neçə-neçə hərb, incəsənət, elm adamları, neçə-neçə qəhrəmanlar və neçə-neçə dahiləri yetişdirmiş bir xalqdır. Pafosdan tam uzaq bir söz deyim ki, bu xalqı düzgün yönləndirsən çox geniş bir coğrafiyanı idarə edə və öz adından, bu xalqın dahiliyindən söz etdirə biləcək şəxsiyyətlər yetişdirə bilər. Sadəcə və sadəcə hədəfdən yayınmalar bu günki neqativ hallara səbəb olunmasına gətirib çıxarıb. Ümidvaram nə vaxtsa yenidən hədəfə doğru inamlı addımların atılması üçün gərəkən tədbirləri həyata keçirəcək, doğru və düzgün təbliğatın aparılmasına nail olacağıq. Çox uzağa getmək, kənardan kömək gözləmək lazım deyil. Gəlin elə hər birimiz öz yaxın etrafımızdan başlayaq. Hər kəsə uğurlar…