Pərvin Bəhramoğlu |
Siyasi və sosial problemlərdən əvvəllər bir neçə dəfə
yazmışam. İndi çalışacam anormal olan davranışların bir neçəsini sizin diqqətinizə
çatdırım. Beləliklə cəmiyyətimizdə rastlaşılan fiziki zorakılıqlardan bəhs edəcəm.
Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində uşağın döyülməsi normal hal hesab
edilir. Hətta belə bir deyim də var “qızını döyməyən dizini döyər”. Övladını
döyərkən valideyn onu hansı psixoloji travmalara məruz qoyduğunun fərqində də
olmur.
Xoşbəxtlikdən bizim ailədə bu hallar çox az olub.
Uşaq olanda atam bir dəfə məni əli ilə bir az itələmişdi, hansı hissləri
keçirdiyim bu günə kimi yadımdadır. İncidiyim üçün evdən gedib bir ağacın
başında saatlarla qalmışdım.
Lakin, hər birimizə məlumdur ki, ata-analar
övladlarını hansı şiddətlə döyür, onlara fiziki və psixoloji zərbə vururlar.
Normal sivil dövlətlərdə bu məsələlərə dövlət müdaxilə edir, hətta bəzən onları
valideyn hüququndan belə məhrum edirlər.
Çox təəssüf ki, bizlər hələ bu zorakılığın necə də
ciddi fəsadlar açdığından xəbərsizik. Ailədə şiddətə məruz qalmaq yetmirmiş
kimi, məktəbdə də müəllimlərin işkəncələri ilə üzləşirik. Bir çox hallarda buna
valideynlər özləri şərait yaradır. “Əti sənin, sümüyü mənim”, “nə edirsən et
bircə qoy yaxşı oxusun” ifadəsi sizlərə tanışdır yəqin. Qeyd edim ki, kənd yerlərində
bu cür hallara daha çox rast gəlmək olar.
Hələ indiyə kimi yadımdadır hansı müəllim mənim
qulağımı çəkib, hansı şillə vurub və s. Ağlıma gəldikcə əsəbləşirəm, o dövrdə
necə qorxu hissləri keçirdiyimi xatırlayıram. Belə şiddətləri isə “şagird müəllimə
hörmət etməlidir, ondan qorxmalıdır” başlığı altında yazılmamış qanunlara əlavə
edirdilər. Hələ falanqa üsulundan çox da fərqlənməyən digər fiziki şiddətləri
demirəm.
Bir dəfə orta məktəbdə müəllim yanlış hərəkət
etdiyi üçün sinif yoldaşımın ağzını açıb, ağzının içinə tüpürmüşdü. Hamımız çox
pis olmuşduq, şağirdin hansı hisslər keçirdiyini təsəvvür belə edə bilmirəm. Bundan
iyrənc səhnə ola bilərdimi sizcə?!
Məktəbin işi tək təhsil vermək deyil, məktəbdə həm
də şəxsiyyət yetişdirilməlidir. Sizcə bu cür münasibət görən uşaqlar necə şəxsiyyət
kimi böyüyə bilər, cəmiyyətimizə necə faydalı biri ola bilərlər?!
Fiziki zorakılıqdan yazdığım üçün gender
diskriminasiyasına, uşaqların seçim və fikirlərinə olan təzyiqlərə toxunmuram.
Döyülərək böyüyən gənclik fiziki cəhətdən güclənən kimi artıq özü işgəncə verməyə
başlayır, hansı ki, əsgərlikdə bunu daha açıq şəkildə birüzə verir.
Hətta ən xoş və zərif olan sevgi hissində də belə zorakılıq
əlamətlərinə rast elinir.
Zorakı sevgi münasibəti yaratmağa çalışırlar. Qızla
tanış olmaq cəhdləri tragikomik hadisələrlə müşahidə edilir. Qızı izləmək,
arxasi ilə getmək, rədd cavabı aldıqları halda israr etmək bir normadır sanki.
Yenə deyirəm bu hallar sivil ölkələrdə də cinayət hesab edilir. Kiminsə iradəsinə
qarşı çıxmaq və onu izləmək, psixoloji təzyiqə məruz qoymaq qəbul edilməzdir.
Bəzən daha çox irəli gedib “o mənim olmalıdır
olmasa öldürərəm” düşüncəsi ilə “sevgili”lərini də öldürən manyaklar da az
deyil.
“Qız qaçırma”(insan oğurluğu) el adəti hesab edilir.
Bu yolla ailə həyatı qururlar. Bu cür təməli qoyulan ailənin gələcəyini necə təsəvür
etmək olar?
Bütün bu vəhşi və qeyri-insani yollarla qurulan ailənin
dramı qarşıda olur. “Yaxşı at özünə qamçı vurdurmaz” şüarı altında ailə daxili
zorakılığın təməli qoyulur. Döyülmə, söyülmə, təhqirlər adi hall alır və bu mühitdə
yeni uşaqlar dünyaya gəlir. Gözlərinin önündə ata döyür, ana döyülür, sonra ata,
ana və müəllimlər isə onları döyür. Şiddətlərlə böyüyürlər və bu dövrüyyə davam
edir. Beləcə də Azərbaycan cəmiyyəti adlanan və milli mənəvi dəyəri, mental
qaydaların güclü olduğu diktatura ölkəsinin sakinləri ömürlərini yaşayırlar.
Bu cür anormal münasibətlər həyatımızın bütün mərhələlərinə
və sahələrinə öz təsirini göstərir. Nəticədə demokratik ölkə qurmaq əvəzinə köləyə
çevrildiyimiz bir rejimdə yaşamağa məhkum oluruq. İtiririk, məğlub oluruq, uduzuruq, yoxsullaşırıq və s...