05/03/2017

Nənəm ömrünü başa vurdu...

Pərvin Bəhramoğlu
Təxminən bir il öncə nənəm ömrünü başa vurdu. Son nəfəsini verəndən dərhal sonra orada olanlardan biri də mən idim. Demək olar mən çatanda cəmi 4-5 adam vardı və asta-asta qohum-qonşu gəlirdi. Saat təxminən günorta 1-2 radələri olardı. İnsanlar çoxaldıqca fərqli düşüncələr və təkliflər də artırdı. Hər rayonun və kəndin insanları müxtəlif  bir adətlə yaşayır, amma Bakı sakinlərinin əksəriyyəti rayondan, kənddən gəldiyi üçün fərqli adət və ənənələrin toqquşduğu bir məkana çevrilib. Ziddiyyətli fikirlər təxmini belə idi, bir qrup adam dəfnin həmin gün olmasını, digəri isə sabaha qalmasını istəyirdi. Mən də həmin gün dəfn olunmasını istəyənlərin arasında idim. Qonşudan gələn bir xanım deyir gün batandan sonra dəfn etmək olmaz. Hay salıb ki, televizor və saatın üstünü bağlayın, mən də deyirəm bəsdirin görək, saatın üstünü day niyə?

Digər bir tanış (dindar) ora-bura zəng edib din qardaşlarından məsləhət alırdı ki, dini qaydalara əsasən necə olmalıdır. Yəni, o qədər ziddiyətli yanaşmalar var idi ki, mübahisələr yaranırdı. Mənim də daxil olduğum qrupun dediyi oldu və həmin gün dəfnə qərar verildi. Beləcə, cənazəni evdən çıxarıb məzara aparana kimi digər müxtəlif adətlərlə üzləşdik. Evdən necə çıxarmaq lazımdır, tabutu necə tutmaq və s. Qəbir yeri artıq qəbirstanlıqla danışılmışdı, səhv etmirəmsə 200, meyiti yumaq isə 100 AZN idi. Bir sözlə, mollalanın iştirakı ilə dəfn edildi.

Hərdən qohumlardan zarafatca soruşurdum ki, “molla” nə deyir mən başa düşmürəm, bəlkə siz anlayasız? Çünki deyilən dualar ərəbcə oxunurdu. Mənim fikrimə görə yas mərasimi dəfnlə bitməli olsa da, amma adətə görə ehsan verilməli idi. İlk gün evdə çay və yüngül yemək verildi, iki yüzə yaxın adamın gəldiyi 3-cü günü isə xeyir-şər evində ehsan verildi, mollanın sədaları altında yedilər, pul yazdılar və getdilər. Qadınların mollası isə onları xeyli ağlatdı. Sonra söhbət gəzdi ki, qadınlar yaxşı yeyə bilməyibmiş və narazı gediblər. Hadisəni qısa olaraq sizin nəzərinizə çatdırdım, yəqin əksəriyyətinizin bu prosesdən az çox məlumatlısınız.
Bəlkə də çoxunuz təəccübləndiniz ki, burda nə var ki, belə də olmalıdır!
Keçirəm burda anormal olan şeylərə!

İlk öncə din və quran ölülər üçün yox dirilər üçün yazılıb.
Şair demişkən, dirisi ilə rusca danışan, ölüsünü də ərəbcə yola salan xalqıq. Olmazmı ki nə deyiləcəksə elə öz dilimizdə deyilsin?

Məsələnin daha ciddi tərəfi, ölüsü olan adamın itkidən çox gələn qonaqları necə layiqincə yola salmağını düşünməsidir. Bilmək olmur yeməyəmi gəlirlər, ya baş sağlığına. Digər tərəfdən, sanki, məcburiyyət halına çevrilib. İstəyərək, canı yanaraq, acısını bölüşmək üçün deyil, borc qaytarmaq xatirinə gəlirlər.
Daha doğru olanı, həqiqətən, canı yanan 30-40 adam gəlib, acını paylaşsın, mənəvi dəstək olsun.

Hələ qəbir yeri satmaq biznesi və üzərində tikilən mərmər baş daşlar də bir başqa həllini gözləyən problemlərdəndir. Bakıda qəbir yerləri tapmaq müşkül məsələyə çevrilib. Həmin yerin torpağın 1kv metri bazar qiymətinə uyğun olaraq satırlar. Mərmər isə sırf başıucalıq, göstəriş xarakteri daşıyan bir vasitəyə çevrilib. Elə rayonlar var ki, məzarın üstünə dam da tikirlər və dəmirdən hasara alırlar.  Elə bil ki, qəbirdə ölünü soyuqdan və yağışdan qorumaq lazımdır.

Səfər etdiyim bir çox ölkədə qəbirsanlıqlara da diqqət etmişəm. Avropada məzarlar çox sadədir, adi bir daş və ya dəmir qoyularaq ad yazılır. Həmin ərazi isə çox səliqəli saxlanılır və yaşıllıq olur. Bura baxan xüsusi adamlar olur.

Mən də hesab edirəm ki, o bahalı mərmər baş və sinə daşlarına verilən pulun bir hissəsini həmin qəbirstanlığın büdcəsinə vermək olar və həmin vəsaiti məsul şəxslər ərazinin təmiz və yaşıl saxlanmasına xərcləyə bilərlər.